Musiqi sənəti tariximizdə iz qoyan sənətkarlar cismani olaraq bu dünyanı tərk etsələr də, onların sənət izləri, gördükləri işlər xalqın yaddaşında yaşayır və unudulmur. Belə musiqi xadimlərimizdən biri də tarzən, bəstəkar, Əməkdar incəsənət xadimi Ağası Məşədibəyov (1912-1984) olub.
1912-ci ildə Bakıda anadan olan Ağası Məşədibəyov Musiqi texnikumunda tar ixtisası üzrə təhsil alır. Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində çalışmağa başlayır. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra Üzeyir bəyin təklifi ilə orkestrin dirijoru kimi də fəaliyyətini davam etdirir. Onun həm müəllim, həm də orkestrdə konsertmeyster kimi gənc musiqiçi kadrların meydana gəlməsində rolu az olmayıb.
Ağası Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak edib, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləyib. O, “Toy kimindir?” adlı musiqili komediyasını məhz bu teatr üçün yazıb. Dramaturq Məhərrəm Əlizadənin librettosu əsasında yazılmış bu musiqili əsər rəngarəng obrazlar qalereyasını özündə təcəssüm etdirirdi.* Sonrakı illərdə A.Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, Şəki Musiqili Dram Teatrının musiqi hissə müdiri işləyib. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını, Səid Rüstəmovun “Beş manatlıq gəlin”, “Durna”, Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyalarını tamaşaya hazırlayıb, eyni zamanda dram tamaşalarına musiqilər yazıb.
“Bayram” süitası, “Şur” və “Çahargah” muğamı mövzularında süitalar, “Rəqs fantaziyası” və s. əsərlərin müəllifi olan sənətkar həmçinin 50-dən çox mahnı yazıb, onların bir çoxu bu gün də ifaçılarımızın repertuarında yer alır. Bu mahnılar vaxtilə Ağası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” xalq çalğı alətləri ansamblının müşayiəti ilə səslənib. Sənətkar ömrünün yarım əsrə bərabər dövrünü musiqiyə həsr edib, müəllim-pedaqoq kimi xanəndə və instrumental ifaçılar yetişdirib.
Vaxtilə sənətkarla birgə çalışmış sənət adamları bu gün onu dərin ehtiramla yad edirlər. Xalq artisti, professor, tarzən Zamiq Əliyev Ağası Məşədibəyovu belə xatırladı: “Ağası müəllimlə tanışlığım 1968-ci ilin oktyabr ayına təsadüf edir. O vaxt mən birinci kursa qəbul olmuşdum. Dedilər ki, filarmoniyada müsabiqə təşkil edilib, tarzənlər seçilir. Getdim və belə məlum oldu ki, Ağası müəllim kollektiv yaradır. Buna qədər onun “Azərbaycan təranələri” adlı ansamblı var idi. Bu ansambl həm respublikamızda, həm də keçmiş SSRİ-nin şəhərlərində konsertlər verirdi. 1968-ci ildə Ağası müəllim kollektivi yenilədi. Həmin seçimdən uğurla keçdim. Bu mənim üçün böyük şans idi. Beləliklə, 1970-ci ildən Ağası müəllimlə birlikdə çalışmağa başladım”.
Həmsöhbətim deyir ki, görkəmli sənətkarlar Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Sabir Mirzəyev və digər tanınmış ifaçılarımız Ağası müəllimin ansamblı ilə konsertlər verirdi: “Mən həmişə demişəm ki, həyatda üç nəfərə borcluyam. Birinci Ağası Məşədibəyova ki, o mənə etibar etdi və filarmoniyaya gətirdi, bu səhnədə göz açdım, qayğı gördüm. İkinci insan Gülarə xanım Əliyeva və nəhayət, Zeynəb Xanlarova. Ağası müəllim qayğıkeş, şən əhvallı insan idi. Həddən artıq şirindil, həyatsevər, mülayim insan idi. İndiki zamanda tanınmaq, uğur qazanmaq bəlkə də asandır. Amma o dövrdə bir çox gənc musiqiçilərin, ifaçıların tanınmasında Ağası müəllimin böyük zəhməti olub. Belə sənətkarlardan biri də Zaur Rzayevdir. Biz belə sənətkarların sayəsində yetişdik.
Filarmoniyada o vaxt üç xalq çalğı ansamblı fəaliyyətdə idi. Əliağa Quliyevin rəhbərliyi ilə, Ağası müəllimin ansamblı və Əlibaba Məmmədovun “Humayun” ansamblı. Uzun illər Ağası müəllimin kollektivində çalışdım. Bir çox şəhərlərdə qastrol səfərlərində olduq. 10 il müddətində hər il Kislovodskda kurortlarda konsert proqramları ilə çıxış edərdik. İrkutsk, Murmansk kimi şəhərlərdə, həmçinin xaricdə Çin, Qvineya və digər ölkələrdə konsertlər verdik. Daha sonra qismət elə gətirdi ki, mən Zeynəb xanımla işləməyə başladım. Bu səbəbdən bir az məndən incidi. Amma sonradan dedi ki, mən sevinirəm ki, sən mənim kadrımsan. Yəni, Ağası müəllimdə belə böyüklük var idi. Əfsus ki, bir çoxları bu gün onu tanımır. O, böyük Üzeyir bəyin tələbəsi idi. Böyük insanlarla çalışmışdı. Mahnıları, bəstələri də həmişə sevilib. Ailəsində də çox səmimi və mehriban insan idi. Dekadalara gedərdik, Moskvada böyük ədiblərimizin yubileyləri keçirilərdi. Səfərlər zamanı bir rəhbər kimi hər zaman bizə qarşı qayğıkeş və diqqətli olardı. Mən onu hər zaman ehtiramla yad edirəm. O məni sənət adlı bir okeana atdı və mən bu okeanda qeyb olmadım. Allah ruhunu şad eləsin”.
Xalq artisti Zaur Rzayev də Ağası Məşədibəyovu xoş xatirələrlə yada salır: “Onunla uzun müddət bir yerdə çalışmışıq. Özbəkistanda, Gürcüstanda, Moskvada konsertlərimiz olub. Musiqi sənətimizdə çox zəhməti olub bu insanın. Tükənməz musiqiçi idi. Səhnəyə çıxmağımın ilk illərində öz ansamblı ilə mənə böyük dəstəyi olub. Zaqafqaziya müsabiqəsində birincilik qazanmışıq. Filarmoniyada çalışdığımız zaman ən çox tamaşaçı toplayan musiqiçilərdən idi. Sadə, səmimi insan idi. Həyatının çoxunu qatarlarda keçirib. Rayonlarda məhsul bayramlarında, zəhmətkeşlərin qarşısında konsertlər verərdi. Belə bir insanı yada saldığınız üçün sizə minnətdaram. Ağası Məşədibəyov ağsaqqallığı bacaran, tabeliyində olan musiqiçilərə əl tutan, onların qayğısına qalan insan kimi yaşayır xatirələrimizdə”.
Lalə AZƏRİ
«Mədəniyyət» qəzeti