Səntur | Musiqi alətləri

Səntur | Musiqi alətləri

Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır.

Əfsanəyə görə, Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı olmuşdur.

Səntur haqqında R.Yektabəy yazır:«Bu çalğı aləti çox qədim olub, „Tövrat“da „psanterin“ adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir».

Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkələrində geniş yayılmışdır. Ən qədim və sadə nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Bu növ alətlər ruslarda «qusli», belarus və moldovalılarda «simbal», çuvaşlarda «kyesli», tatarlarda «quslya», estonlarda «kannel», gürcülərdə «santuri», özbəklərdə "çəng" və s. adlar daşıyır. Osmanlı türklərində 2 növ səntur mövcuddur: alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır.

9 xərəkli diatonik səntur hazırda İranda, Cənubi Azərbaycan ərazisində geniş yayılmışdır. 9 xərəkli dedikdə, alətin bir tərəfinin xərəkləri nəzərdə tutulur. Əslində, alətin 18 xərəyi (9-9) vardır. Digər növü 24 xərəkli sənturdur (12-12). Bu səntur isə şərti olaraq xromatik alət növünə aid edilir. İranda bu alətin irihəcmli həmnövlərinə bəm sənturlarına rast gəlinir. Səntur xarici görünüşünə görə trapesiya şəkilli taxta qutuya oxşayır. Alət çərçivədən, üst və alt taxta qapaqlardan ibarətdir. Bütün hissələri seçmə növ qoz ağacından hazırlanır. Aşıq və simgirlər metaldan olur. Alt taxtası 7 mm, üst hissəsi isə 5 mm qalınlığında bütöv bir lövhədən ibarətdir. 

12 xərəkli sənturun ümumi uzunluğu 892 mm, eni 315 mm, hündürlüyü 69 mm-dir. Simlər metaldan olur. Hər bir xərəkdən 4 eyni kökdə sim keçir. Simlərin ümumi sayı 96-dır. Səntur transpozisiya olunmayan alət sayılır. İfaçılar arasında, əsasən, üç adda alət işlədilir: sol, lya və si köklü sənturlar.

12 xərəkli sənturun diapazonu böyük oktavanın «mi» səsindən ikinci oktavanın «lya #» səsinə kimidir. 9 xərəkli sənturun diapazonu kiçik oktavanın «mi» səsindən birinci oktavanın «re» səsinə kimidir.   


mk.musigi-dunya.az
Top