Yazını İran rejissoru Abbas Kiarostaminin sözü ilə başlamaq istəyirəm: «Məni Hollivuda dəvət etdilər ki, filmlərimi rahatlıqla çəkə bilim. Səbəb olaraq İran dövlətində mövcud olan senzuraları göstərirdilər. Lakin mən onlara izah etdim ki, əgər bu senzuralar olmasaydı, mən Abbas Kiarostami olmazdım».
İran və ya fars mədəniyyəti öz zənginliyini və dərinliyini bəlkə də ölkədəki qadağalara borcludu. Məsələ qadağaları pozmağa çalışmaq deyil, o qadağalara riayət edərək azadlığını göstərə bilməkdir. Bəzən qadağalara riayət edilsə də, ölkədən çıxmağa məcbur qalan sənət adamları var.
İran filmləri «Kan festivalı»nda hansı mövqedədirsə, İran musiqisi də həmin yerdədir. "İran musiqisini başqa musiqilərdən fərqləndirən nədir?" deyə, sual yarana bilər. "Şərqin "İlahi sevgi«si bu musiqilərə təsirsiz ötüşməyib» kimi cavab vermək olar. Bu "İlahi" dediyimiz sevgi iranlıların «Allah» düşüncəsindən çıxıb, Nəsiminin «Həqq mənəm» halına çevrilmiş sevgidir. Bu gün sizləri bəzi İran musiqiçiləri ilə tanış edib onalar haqqında qısa da, olsa məlumat vermək istədim.
1. Marjan Farsad
Dinlədiyinizdə səsi ilıq su kimi içinizə axar. Hüzünlü, amma ümüid dolu. Tehranda anadan olan Marjan romantik parçaların olduğu albomunda «Khooneye Ma» mahnısı ilə dünyada tanınmağa başladı. Animasiya formasında çəkdiyi klipinin müəllifi özüdür.
2. Ali Azimi
Tehranda musiqiçi ailəsində anadan olan Ali Azimi uşaq vaxtından musiqi ilə məşğul olurdu. 2009-cu ildə yaratdığı qrupla İran rok musiqisinə yeni bir nəfəs verir. «Ağaye Past», «Pishdaramad» kimi musiqiləri dünyada hit olur.
3. Ricci Broomandan
Əsl adı Riçard olan iran əsilli müğənnin həyatı haqqında internetdə çox məlumat tapa bilməsəm də, möhtəşəm musiqi parçalarının müəllifidir. Riccinin hər musiqisinin bir hekayəsi var.
4. Davood Azad
Urmiyada anadan olan Davud Azad həm antik fars, həm də azərbaycanca əsərlərin müəllifidir. Tar, sitar, ud, dəf, rübab kimi musiqi alətlərinin usta ifaçısıdır. Davud İran musiqisi və onun qaydaları haqqında Oksford universitetində dərs demiş ilk iranlı musiqi müəllimidir. O həmçinin, bir çox məşhur proqrama çağrılmış və böyük festivallarda iştirak etmişdir. Onu da qeyd edək ki, son 30 ildir Davud Azad sufi toplantılarında Rumi şeirləri ilə hazırladığı kompozisyalarla insanlarda «mənəvi hal» yaradır.
5. Mohsen Namjoo
Mohsen Namjoo 1976-cı il də Xorasanın Türbət-i Cam şəhərində anadan olub. Türk, fars və kürdlərin iç-içə yaşadığı bir bölgə olan Xorasan, həm də Xorasan Ərənləri olaraq tanınan Anadolu və Balkanların İslamı qəbul etməsini təmin edən dərvişlərin məkanı olub. Mohsen 12 yaşında atasını itirir və anası ilə qardaşları onu internata verir. Bu internat musiqi təhsili verirdi. Mohsen bu məktəbdə Nəsrullah Nəsifurdan dərs alır. Universitetdən qovulmasına baxmayaraq, 4 oktavalıq səsi ilə Tehranda 4 konsert proqramı ilə çıxış edir. 2009-cu il də Quranı təhqir etdiyi önə sürülərək həbsi haqqında qərar verilib. Mohsen sadəcə Qurandakı bəzi ayələri musiqidə istifadə edib. İranın «Bob Marli»si sayılan sənətkar bu səbəblərə görə öz ölkəsindən kənarda yaşayır.