Tanrıyla kürək-kürəyə yatan dahi

Tanrıyla kürək-kürəyə yatan dahi

Lüdviq van Bethoven ömrünün ən məşhur çağlarını Vyanada keçirdi. Bu o vaxtlar idi ki, artıq dahi bəstəkarın eşitmə qabiliyyəti daha da pisləşmişdi… Və konsertlərinin notunu hazırlamaq üçün ona köməkçi vermişdilər. Bu yaşlı adam Bethovenin səsini eşidəndə, siçan deşiyini satın alırdı...
 
Sonralar könüllü olaraq Bethovenə köməkçilik edən və bununla bəstəkarın yanında təcrübə keçmək istəyən gənc və istedadlı Anna Holtz Vyana Musiqi Akademiyasının təklifi ilə həmin qoca köməkçinin yanına gəlir. Bethoveni ilk dəfə burada görür. Özü görünməmiş səsi aləmi başına götürən Maestro qoca köməkçini söyüb-təhqir edir. Qoca köməkçi bircə kəlmə deyir:
— Canavar gəldi! Qaç, gizlən!
 
Bethoven əsasını sağa-sola çırpa-çırpa qışqırır, qoca köməkçisini gecikməkdə, işini bacarmamaqda günahlandırır, onu söyüb-təhqir edir. Hətta döyür də! Evdəki əşyalardan birinin arxasında gizlənən gənc və gözəl Anna onun sifətini görəndə dəhşətə gəlir.
 
Bu, insanın bağrını yaran zəhmli bir sifətdir!
Amma Anna Holtz heç nədən qorxmur!
 
Qoca köməkçinin etirazlarına baxmayaraq Bethovenin yanına getməyə qərar verir.
 
İlk görüşləri
Anna Holtzun Bethovenlə tanışlığı qəribə olur.
“Üzümə baxmadan danışma. Mən karam!” – deyə qışqıran bu vəhşi insanın könlünü almaq üçün xoş sözlər demək istəyir. Bethoven bu dəfə lap ucadan qışqırır:
“Yaltaqlanma!!! Mən yaltaq adamlara nifrət edirəm!”
Anna səsini qaldırır:
“Siz pis adamsız! İnsanları aşağılayır, təhqir edirsiz!”
Bundan sonra Bethoven sakitləşir:
“Bax belə! Bu, daha gözəldir...”
 
...Sonra xeyli moizə oxuyur Annaya. Gənc xanım heç nə anlamasa da Bethoven ara vermir. Məsələn belə:
“Tanrı dünyanı yaratmaqla əla iş gördü, xüsusilə Cənubi Amerikanı… Buranı çox bəyənirəm, xəritədə yaxşı düşür — üst tərəfdəki şişkinlik, sonra yavaş-yavaş nazilmə, ən sonda Magellan boğazı… Gözəldir! Afrikaya gəlincə, mənə görə bir yer deyil. Asiyanı isə heç sevmirəm”.
Ailə həyatı barədə danışarkən Anna Holtza qəribə şəkildə istehza edir:
 
“Qadınım yoxdur! Nə böyük itki?!”
Amma əsas dramatik məqam Annanın Bethovenin əl yazılarına düzəlişindən sonra başlayır. Maestro dəhşətə gəlir: qarşısında dünyanın diz çökdüyü sənətkarın əlyazmasına gənc bir qız düzəliş etmiş...
 
Bethoven sakit səslə bunun sirrini soruşanda Anna deyir:
“Siz əshv etməmisiz, maestro, qəsdən belə etmisiz! Vyananın qədim və qoca musiqiçiləri üçün tələ qurmusuz...”
 
Bethoven vəhşi kimi gülür. Əslində isə daxilən sarsılır. Belə bir insanın varlığına inana bilmir və təcili içmək üçün yaxınlıqdakı bara yollanır.

 


Rahibələr siçanlardan daha pisdir
Anna Holtz əyalətdən Vyanaya musiqi təhsili almaq üçün gəlib. Atası bircə şərtlə onu şəhərə buraxır: monastırda rahibə bibisi ilə qalsın!
 
Anna bunun üçün Vyanadadır.
Bunun üçün Bethovenlə görüşmək imkanı var...
 
Maestro bardan qayıdanda Annanı küçədə görür. Səbəb çox sadədir: Bethovenin mənzilində iri siçanlar var. Qız qorxudan evdə otura bilməyib.
 
Bethoven gülür:
“Rahibələr siçanlardan daha pisdir!”
...Maestro ilə köməkçisinin daha bir ilginc söhbəti:
— Nə oxuyursan?
— Bəstəkarlıq.
— Aman, Allah! Bir qadın bəstəkar?!
— Elə deməyin… Maraqlı qadın bəstəkarlar olub.
— Olub. Danmıram. Amma, protezlə yeriyən köpəklər kimi!
 
Bethoven monastırda
Anna bütün bunlara dözür. Ancaq, sevdiyi bəstəkarları soruşarkən qəflətən şalvarını çıxarıb yanbızlarını göstərməsi gənc qızı dəli edir. Üstəlik gənc qızın təsadüfən əlinə keçən notlarını oxuyub onu təhqir etməsi, lağa qoyması...
 
O, Bethovenin evindən qaçır, monastıra gəlir, bibisini qucaqlayıb ağlayır. Bibisi qıza təsəlli verərək Bethovenin qarasına deyinir: “Abırsız katolik və alkaş!”
 
...Amma gözlənilməz hadisə baş verir. Bethoven Annanın arxasınca monastıra gəlir. Rahibələri təhqir edərək onun yerini soruşur. Polis çağırılmaq ərəfəsində Anna çıxır… Bütün dünyanı lərzəyə salan dahi bəstəkar qəflətən Annanın qarşısında diz çöküb üzr istəyir və onu bağışlamasını xahiş edir...
 
Uğurlu premyera
Bethoven yanılmırdı...
Anna Holtz onu həqiqətən də anlayırdı.
Bu gənc qızın köməyi ilə Bethoven 9-cu simfoniyasına uğurla dirijorluq edir. Anna sadəcə orkestrin içində gizlənib keçidləri əl işarəsi ilə musiqini eşitməkdə çətinlik çəkən Bethovenə başa salır. Bethoven isə əməlli-başlı qiyamət düzəldir!


 
Qardaşı oğlu
Bethovenin evinə gizlin gəlib onun pul-parasını oğurlayan qardaşı oğlu təsadüfən Annanı görür. Onu maestronun sevgilisi zənn edir. Hətta sataşmaq istəyir. Əvəzində yağlı bir şillə yeyir.
 
Yaxından tanıyandan sonra Annaya hörmətlə yanaşır və aralarında belə bir dialoq olur:
— Bethoven mənə sahiblənir, inadkarlıqla bəstəkar olmağımı istəyir, mənim nə düşündüyüm vecinə deyil. Ona görə Bethoven soyadını bəstəkar kimi davam etdirməliyəm!
— O, səni çox sevir.
— Onun sevgisi dözülməzdir! Mənə görə anamı məhv edir, məni ondan almaq istəyir.
 
Anna Holtzun sevgilisi
Anna Holtzun sevgilisi var. O, Bethovenə nifrət edir, onu “Yaşlı Hipokrat” deyə ələ salır. Ancaq Anna izah etməyə çalışır ki, Bethoven dahidir, onu anlamaq lazımdır. Hətta sevgilisini 9-cu simfoniyanın premyerasına dəvət edir. Cavab qəribədir: “Anna, sənə görə o soysuza belə qulaq asmağa hazıram!”
 
Bethoven də Annanı qısqanır. Ancaq bu sevgi məsələsi deyil. Sadəcə belə həssas bir qızı o cür insanla görmək istəmir və bunu gizlətmir.    
 
Daha bir qəribə dialoq:
— Sən mənə yalan dedin. Əslində, Vyanaya oğlan sevməyə gəlmisən.
— Xeyir, Vyanaya bəstəkar olmağa gəldim, çünki Tanrı belə istədi.
— Elə isə səni niyə qadın yaratdı? Bu, böyük xətadır!
— Tanrı haqqında belə danışmamalısınız, Maestro!
— Səni əmin edirəm, Anna Holtz, mən və Tanrı bir-birimizi çox əla başa düşürük. Mağaradakı iki ayı kimiyik. Bir-birimizə pəncə və ağız atırıq, amma kürək-kürəyə vermədən yata bilmirik. Kimsə bizə yaxınlaşa bilməz.
— Bu nədir? Çox yalqız bir dinə bənzəyir!
— Yalqızlıq! Bəli! Mənim dinim budur!
 
Annanın öpüşməsi...
Anna Holtz sevgilisi ilə ilk öpüşən gün Maestro bunu hiss edir. Sevgilisi olduğunu və görüşdüyünü anlayır. Annanı sorğu-suala tutur və daha bir qeyri-adi söhbət meydana çıxır:
— O, kimdir?
— Mühəndis Martin...   
— Demək bir mühəndisə aşiq oldun.
— O, sənətkardır. Körpülər tikir...
— Martin adlı sənətkarları əla tanıyıram, ruhsuz olurlar...

Daha sonra Bethoven sual verir:
— Niyə bu qədər dürüstsən, Anna Holtz?
 
Bethovenin Anna Holtza dediklərindən
Havadakı titrəyiş Tanrının nəfəsidir və insanın ruhuna işləyir. Musiqi Tanrının dilidir. Biz musiqiçilər Tanrıya ən yaxın insanlarıq. Onun səsini eşidirik, dodaqları tərpənməmiş hiss edirik! 
 
***
 
Hər kəs səssizlikdə yaşadığımı düşünür. Bu, düz deyil. Başımın içi həmişə səslərlə doludur və heç susmur. Yalnız nəsə yazanda bir azca rahatlıq tapıram.
 
***
 
Tanrı mənə musiqi üçün işləyən bir beyin verdi, amma sonra nə etdi: məni kar elədi! Hər kəsin zövq aldığı şeydən, öz əsərimi eşitməkdən məni məhrum etdi. Sevən Tanrı budurmu? Dostluq budurmu?
 
***
 
Bəli! Bəli! Əsas məsələ içinizdəki səssizliyi qorumaqdır. Mən sizə kar olmağı arzulamıram. Amma səssizlik vacibdir! Notların arasındakı səssizlik kimi… Səssizlik hökm etməyə başlayanda ruhun şərqi söyləyər!
 
***
 
Tanrı bəzi insanların qulaqlarına pıçıldayar, amma mənimkinə bağırır. Karlığım ona görədir.
 


İçmək və sevişmək
9-cu simfoniyanın premyerası günü Vyana musiqi cameəsinin üzvləri Bethoveni əlləri üstdə qaldırıb aparırlar. Onun fikri isə Annadadır. Anna mühəndis sevgilisinə qoşulub gedir.
 
— Sağ ol, Maestro! – deməyi unutmur amma.
Bethoven camaatın əlləri üstündən qışqırır:
— Anna, dostlarını da götür, mənim evimə gəlin. Mən onlara çoxlu içki və sevişmək üçün yer verəcəm!
 
Bu da son...
Bethovenin ölüm ayağında Anna Holtz ona yalvarır:
 
— Ölmə Maestro, yalvarıram, mən indi, Kalenberk meşəsindən gəlirəm (Vyana yaxınlığında meşə. Bethovenin ən çox sevdiyi yer). Təbiəti, buludları eşitdim. Eynən sənin kimi… Ölmə, xahiş edirəm!
 
Bethovennin son əsərini — “Tanrıya şükür”ü Anna Holtz nota köçürür. Dahi bəstəkar, əsəri tam diktə edib bitirəndən sonra Annaya deyir:
 
— Bilirsən niyə Tanrıya şükür etdim? Çünki o, mənə istədiklərimi yazmaq üçün möhlət verdi.
 
P.S. Yazıda “Bethoveni duymaq” avtobioqrafik-filmindən istifadə olunub.



Şərif Ağayar
Top