«Görüş yerini dəyişmək olmaz» filmində canlandırdığı Jeqlov obrazından sonra bütün Sovet məkanında daha da məşhurlaşan Vladimir Vısotski poeziyadan əl çəkmədi.
Hərdən Avropaya səfərlərindən qayıdandan sonra kinorejissorlara onun üçün hansısa rolun verilib-verilməyəcəyini soruşarmış. Rejissorlar onun haqqında həmişə düşünüblər. Çünki «Hamlet»də Danimarka şahzadəsinin faciəsini mükəmməl yaratması, teatr və kino xadimlərinin fikirlərini bir nöqtədə cəmləşdirib: «Vladimir əsl aktyordur». Vısotski ciddi aktyor olduğunu sübüt etmişdi. Amma xalq onu küçə şairi və məhəllə müğənnisi kimi görmək istəyirdi, yaxud belə qəbul olunmuşdu.
Sovet ədəbiyyatında «pərdə arxası» deyilən terminin altında belə şair və müğənnilər çox olub. Onlardan dövrümüzə qədər çox az sayda insanlar özlərini fərqləndirə biliblər. «Pərdə arxası» termininin altında bəyənilməmək dururdu: «Onlar bizə yaddır, yaratdıqları da dayazdır». Vladimir Vısotski də bəyənilməyənlərin cərəyanında ön sıralarda dururdu.
İlk dövrlər Vladimir Vısotski ciddi poeziya nümayəndəsi kimi tanınmayıb. Onun şeirləri çox məhdud sayda dərc edilib. Əksər hallarda isə şeirlərini dərc edən dərgilərin rəhbərləri buna görə qınaq obyektinə çevrilərmiş. Xruşşovun bəraət sərəncamından sonra düşərgələrdən qayıdanların jarqon danışıqları əsasında yazılan şeirləri kim dərc edərdi ki? Küçə danışığı əsasında qələmə alınan şeirlərdə qaynaqçı, yanğınsöndürən və neçə-neçə peşə adamı öz dərdini danışırdı. Məhz buna görə də Vısotski tez məşhurlaşdı. O öz şeirlərində azad idi. O, sadəcə düşünülənləri çatdırırdı, bəzəksiz-düzəksiz. Onun poeziyasında fəhlə obrazı Sosialist Əməyi Qəhrəmanı formasında çatdırılmırdı. Alt qatda təbliğat aləti kimi istifadə edilənlərin şəxsi həyatı, problemləri, arzuları öz əksini tapırdı.
Məhz bu səbəblərə görə Vısotski poeziyasının dilinin fərqliliyi sadə adamlarda maraq oyadırdı. Belə dilin mövcudluğu çərçivənin, qəlibləşən fikirlərin aşılması demək idi. Adamlar standart şeirlərdən yorulmuşdu, küçə jarqonu ilə yazılan şeirlər tez bir zamanda populyarlıq qazandı. O, bunu etməyi bacardı. O, bu dil ilə xalqa yaxınlaşdı. Poeziyadakı yeni üslubu ilə cəmiyyət üçün yararlılıq standartları az olan adamların içinə vardı. Adamlar başa düşdülər ki, onların dərdini də düşünən var. Deməli, poeziya təkcə qəhrəmanlıq poemalarından, məhəbbət mövzularından ibarət deyilmiş.
Vısotski heç vaxt başqasının şeirini ifa etməyi xoşlamayıb. O illərdə gizli də olsa, Yevtuşenko və Rojdentvenski kimi şairlərə belə şeirləri sifariş etmək olarmış. Adı çəkilən şairlər yaradıcılıqda müxtəlif aspektlərdən çıxış etdiklərindən, küçə şeirlərini yazmaq çətinlik yaratmazdı. Amma Vladimir özü yazmağı qərara alıb. Çünki özünün də dediyi kimi "şair yalnız öz yazdığını yaşaya bilər".
İosif Brodski deyirdi ki, «Vladimir Vısotski poeziyasının dilini həbsxana jarqonları təşkil etsə də, bunu bədii məqsədlər üçün istifadə etməyi bacardı». Vısotski belə dillə kifayətlənmirdi. Sətirlərə çərçivəli poeziya ştrixlərindən də qatırdı.
Belə dildən istifadə etməsəydi, onun qəhrəmanlarına inanan olmayacaqdı, dərdinə şərik olub anlamayacaqdılar. Və belə olan surətdə Vısotski qəhrəmanlarını cəmiyyətdə "şikəst" formada, «yararsız» qrifi altında çatdıracaqdı. Əslində, isə o, XX əsrin əvvəllərində təşəkkül tapan şəhər romansları seriyasına qayıtmışdı. Şəhər romansları adamların gitara ilə romans oxumalarından ibarət deyildi. Belə ifadə tərzi sadə şeirləri gitara və akkordeon ilə çərçivəsiz və hiyləgərlik sezilməyən, açıq deyilən mətnlərdən ibarət olurdu. Sonralar "şəhər romansları" unuduldu. Vısotski müsahibələrində deyirdi ki, o, həmin romansları yenidən bərpa edib: «Burada adamlar həqiqəti dərk etməyə cəhd göstərir, dostlara, qadınlara, yaxın adamlara səmimi sevgi və dostluq aşılanır. Rəsmi poeziya ilə bu, elə də effekt vermir».
Bədiilikdən uzaq şeirlər yazıb onu musiqi ilə çatdıran şair öz həyatını yaşayır, rəsmi tədbirlərə dəvət olunmurdu. Lakin birdən-birə hər şey dəyişdi. Daha doğrusu, bu, birdən olmadı. Vısotskini televiziya ekranlarına, radio efirinə çağırıb səsini yazıb özünü göstərdilər. Belə Avropa təmayüllü azad insanın efirdə görünməsi üzərində çox düşünülmüşdü. Çünki belə geyim tərzi — enli boyunluq, cins şalvar, rəngli krossovka və uzun saç gəncləri də öz arxasına çəkərdi. Bu da Qərbdən fərqlənməyə dair qəbul edilib təsdiqlənən nizam qaydalarına zərbə vurardı. Bəs, onun Avropaya tez-tez baş tutan səfərləri, televiziya ekranlarında görünüşü, «Melodiya» səsyazma studiyasının neçə yüz minlərlə valını buraxması nədən xəbər verirdi? Məsələ burasındadır ki, Vladimir Vısotskinin azad şeirlərində təbliğat maşınının tələblərinə cavab verən nümunələr də yer alırdı. Məsələn, Böyük Vətən müharibəsində vuruşan gənclərlə bağlı şeirlər o illərdə sovet hökuməti rəhbərliyinin xoşuna gəlmişdi. Düzdür, çərçivə qoyulmamışdı, amma sərbəst yazılan şeirdə vətənpərvərlik jestləri əksini tapmışdı ki, bu da işə yarayırdı: «Deməli, bu oğlana yaşıl işıq yandırmağa dəyər».
Vısotskinin populyarlığının əsas səbəblərindən biri də Sovetin həbs düşərgələrində oxunan mahnıları qapalı dairədən çıxarıb cəmiyyət arasında səsləndirməsi idi. Əlbəttə, tam eyniliklə oxumurdu. Məsələn, o mahnılarda anadan, «qanuni oğru» dünyasından söz açılırdı. Sadəcə, Vladimir həmin üslubu götürüb mətnini özü yazırdı: Gitarada, fit çala-çala. Belə mahnılar xalqın aşağı təbəqəsinin dilində çox səslənərdi: küçədə, mətbəxdə, yemək-içmək məclislərindən sonra sərxoş halda qol-boyun halda oxunan mahnılar. Adamlara təəccüblü gəlirdi ki, sevdikləri üslub televiziya ekranlarında, radio dalğalarında səslənir. Məhz bunu Vısotski cürəti bildilər, onu sevdilər. Mərhum sənətkarın belə mahnılarla çıxış etməsi kinorejissorları da ruhlandırdı. Bəzi kino xadimləri ciddi komissiyanın saqqızını oğurlaya bildilər. Necə ki, müasir düşünməyi bacaran rejissorlardan biri də Stanislav Qovoruxin idi. O, Jeqlov roluna Vısotskini çəkmək üçün çoxlarını dilə tutmuşdu. Çətin situasiya ondan ibarət idi ki, xalqın arasında azad sənətkar kimi gəzib-dolanan birini hüquq-mühafizə orqanlarında çalışan komissar roluna çəkməyi qəbul etmirdilrər. Vısotski öz Jeqlovu ilə özünü boğan komissar obrazlarını darmadağın etdi. İndi Rusiyada istehsal edilən filmlərdəki milislərin bəzən özlərini sərbəst aparmaları, xırıltılı səslə zarafat etmələri məhz Jeqlovun şinelindən çıxıb.
Beləlikə, həbs düşərgələrindəki mahnıları yonub-yontalayan Vısotski onları elit səviyyəyə qaldıra bildi. Çox sonralar deyirdi ki, "əslində, bu mahnılar pis deyil, ancaq neyləyəsən ki, xalq onu küçə mahnıları adlandırır".
Azad insan nə etdi? Mahnıların üslubunu götürüb yeni şeirləri ilə zənginləşdirdi, arada romans elementləri də qatdı. Bununla da belə mahnıları dövlət səviyyəsində qəbul etdirdi. Belə mahnıların çəkisi artdığından onu xalq artsitləri də oxumağa başladı. Əsas məsələ bunda idi ki, mahnılarda sadə adamların taleyindən danışılır, ağrı-acısı, arzuları rəvayət edilirdi: ancaq mahnı şəklində. Yeni zəmanənin yeni auditoriyası onu tez mənimsədi.
Vısotskinin yaradıcılığı da belə mahnılar üçün mətn rolunu oynayırdı. Ancaq mətnlər sərbəst şeir üslubunda yazılırdı. İçində jarqon ifadələr, xalqın formalaşdırıb dəyişdirdiyi sözlər, üstəlik folklordan da incilər yer alırdı. O, sadəcə xalqın psixologiyasını bilirdi. Çünki həm teatr xadimləri, həm kino işçiləri arasında olub müzakirələrdə iştirak etsə də, eyni zamanda qanuni oğrularla da görüşür, sadə adamlarla pivə içib nə düşündüklərini bilirdi. Yaradıcı adam daim sadə adamlar arasında olmalıdır. Əks halda yaratdığına yad gözlə baxılacaq. O illər tənqidçilərin qınağına rast gəlsə də, Vladimir Vısotskini ən aşağı təbəqədən tutmuş ən yuxarı eşalona qədər sevdilər. Ona daxili simpatiya sənətkarın yüz minlərlə valının yazılmasına, tamaşa və filmlərə çəkilməsinə zəmin yaratdı. Heç vaxt görünməmişdi ki, qalstuk taxmayan, özünü boğmayan, partiyanın üzvü olmayan şəxs belə sevilsin. O isə hələ də sevilir.