Caz skripkaçıları

Caz skripkaçıları

Staf Smit
Staf Smit — caz skripkasını yaradanlardan biridir. Smit bu alətdə çalmağa 1930-cu ildə başlayanda onun 20 yaşı vardı. Smitin ifası «xuliqansayağı oynaq» tərzi ilə seçilirdi. Bu skripkaçının çıxış etdiyi, onun özündən başqa Cimmi Consun (fortepiano) və Con Liviinin (bas) daxil olduğu trio «Onyx Club» səhnəsində müntəzəm çıxışları sayəsində bütün caz aləmində məşhurlaşmışdı. Təəccüblü də olsa, faktdır: zərb alətlərində ifaçının daxil olmadığı bu üçlük ritmik «pulsasiya» yarada bilirdi. Onların ifasının yeganə yazıları «Asch» firması tərəfindən aparılmışdır.



Stefani Qrappelli
Stefani Qrappelli rodilsə 26 yanvar 1908-ci ildə Parisdə anadan olmuş, 1 dekabr 1997-ci ildə elə həmin şəhərdə vəfat etmişdir. Ən məşhur caz skripkaçılarından biri olmuş Stefani Qrappellinin davamlı yaradığılı və heyranedici ifası skripkanın caz aləti statusu qazanması üçün çox iş görmüşdür.

 Onu da qeyd edək ki, Stefani Qrappelli həm skripkada, həm də fortepianoda çalmağı müstəqil öyrənmiş, sonra isə — 1924-1928-ci illərdə Paris konservatoriyasında musiqi biliklərinə yiyələnmişdir. 1933-cü ildə gitaraçı Canqo Reynhardt ilə görüşənə qədər Qrappelli yalnız kinoteatrlarda və rəqs orkestrlərinin heyətində çıxış edirdi. «Hot Club»un rəhbəri Pyer Nurri simli orkestr yaratmaq ideyasını irəli sürəndə bu təklif onların ürəyindən oldu. Beləliklə, The Quintet of the Hot Club of France (skripka, üç akustik gitara və bas) yarandı. Ultraphone, Decca i HMV studiyalarının silsilə yazıları sayəsində bu kollektiv qısa müddətdə beynəlxalq miqyasda məşhurlaşdı.

1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda bu kvintet parçalandı. Qrappelli Londonda qaldı, Reynhart isə Fransaya qayıtdı. Az sonra Qrappelli gənc pianoçu Corc Şirinqlə yeni benddə tanış oldu və müharibə qurtarana qədər həmin kollektivdə işlədi.

1946-cı ildə Qrappelli və Reynhardt ilk dəfə birləşməyə cəhd göstərdi. Lakin bu sənətçilərin çoxsaylı birgə lent yazıları olmasına baxmayaraq onlar heç vaxt birlikdə daimi işləməmişlər. 50-60-cı illərdə Qrappeli Avropada çoxsaylı klublarda çıxış etdiyinə baxmayaraq ABŞ-da onu tanıyanlar az idi. 70-ci illərin əvvəllərində isə o, müntəzəm olaraq dünyanın ən müxtəlif ölkələrinə səfərlər etməyə başlamışdı. Həyatının lap son vaxtlarına qədər fəallığı ilə seçilən Qrappelli hətta 89 yaşında da sənətin zirvəsində idi.



Jan-Lük Ponti
Jan-Lük Ponti 1942-ci il sentyabrın 29-da Fransanın Avranşe şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 5 yaşında ikən skripkada, sonra isə fortepianoda çalmağı öyrənməyə başlamışdır. Gənc yaşlarında fanatikcəsinə — gündə bir neçə saat skripka çalmaqla məşğul olan Pontinin zəhməti hədər getmədi — onu Paris konservatoriyasına qəbul etdilər. 17 yaşında ikən skripkaçılar arasında keçirilən müsabiqələrin birində birinci mükafat aldığına baxmayaraq o, solist-musiqiçi olmayıb simfonik orkestrdə işləməyə başladı.

Bu dövrdə Jan-Lük Stefan Qrappelli və Staf Smit kimi tanınmış sənətkarların lent yazılarının təsiri altında caz skripkası ilə maraqlanmağa başladı. Hətta kiçik heyətlərdə, özü də skripkada yox, klarnetdə və ya saksofonda öz məharətini göstərirdi. İmprovizə musiqisində kifayət qədər təcrübə toplayandan sonra o, skripkaçı məharətini cazda tətbiq etmək qərarına gəlir. Bu hadisə 1962-ci ildə başlanmış və Pontinin hərbi xidmətdə olduğu dövrdə də davam etmişdir. Burada o, bütünlüklə caz skripkasına meyl salır.

1964-cü ildən başlayaraq Ponti artıq öz ansamblı ilə çıxış edir. Onun başqa məşhur caz skripkaçıları ilə birgə ifası alboma daxil edilir. 1967-ci ildə Ponti ABŞ-a gəlir və Monterey caz festivalında çıxış edir. Ponti Amerikada Frenk Zappa ilə tanış olmuş və sonrakı dövrdə onlar sıx əməkdaşlıq etmişlər.

1969-cu ildən başlayaraq Ponti Amerikanın sənət ulduzları ilə, o cümlədən yuxarıdıa adını çəkdiyimiz Frenk Zappa ilə, eləcə də Corc Dyukun triosu ilə birgə disklər yazdırır. Fransaya qayıtdıqdan sonra öz ansamblını yaradan Ponti 1970-1972-ci illərdə əsasən fri-caz sahəsində eksperimentlər edir.

Bundan sonra Ponti öz karyerasını Amerikada, özü də çox uğurla davam etdirir. Əvvəlcə Frenk Zappanın «Mothers of Invention» albomu üçün onunla birgə çıxış edir, 1974-75-ci illərdə isə əfsanəvi Mahavishnu Orchestra kollektivinin ikinci heyətinin üzvü olur. Caz-rok musiqisi ilə bağlı eksperimentlər keçirən sənətçilərin əhatə dairəsinə düşəndən sonra Ponti öz çalğı alətinin prinsip etibarilə yeni səslənməsinə nail olmaq üçün müxtəlif saund-prosessorlardan, müvafiq effektlərdən və sintezatorlardan istifadə etməklə elektron skripkanın təkmilləşdirilməsi sahəsində əsas mütəxəssisə çevrilir.

70-ci illərin ortalarından başlayaraq Ponti «Atlantic» firmasında bir sıra gözəl solo çıxışlarını yazdırır. Bundan əlavə o, Çik Koria, Stenli Klark, El Di Meola ilə, eləcə də pərəstiş etdiyi Stefan Qrappelli ilə birgə çıxışlarını yazdırmışdır.

Jan-Lük Ponti müasir musiqi tarixinə elektronika vasitələrinin köməyi ilə skripkanın kəsb etdiyi yeni imkanları nümayiş etdirməklə, həmçinin «fyujn» musiqisi zəminində yaranmış müasir lad-melodik konsepsiyalardan istifadə etməklə bu alətin simasını dəyişməyə müvəffəq olmuş sənətçilərdən biri kimi daxil olmuşdur.

Didye Lokvud
Didye Lokvudu dünyanın ən yaxşı caz skripkaçılarından biri, əfsanəvi Stefan Qrappellinin mənəvi oğlu və varisi, Fransız cazının ən yüksək beynəlxalq səviyyədə parlamasına imkan yaratmış unikal səslənməni icad edən sənətçi adlandırırlar.

O, bir neçə «qızıl» kompakt disk yazdırmış, Kelt musiqisinin ən yaxşı ifaçılarından biri, müxtəlif Şərq musiqi mədəniyyətlərinin bilicisi, Avropada, Paris yaxınlığında ən məhşhur caz kolleclərindən birinin — bütün dünyanın peşəkar musiqiçilərinin mürəkkəb improvizə sənətində öz ustalığını artırmalarına imkan verən unikal məktəbin banisidir.

Atası skripka sinfinin professoru, qardaşı caz pianoçusu olan Lokvud bu insanların birincisindən çalğı alətinə hədsiz marağı, ikincisindən isə incə zövqlü improvizasiyaya məhəbbəti mənimsəmişdir. Didye Lokvud musiqidə o vaxta qədər misli görünməmiş bir cərəyan yaratmışdır. Elektrik musiqisi böyük marağa səbəb olmuş və ən yüksək keyfiyyət etalonu olan skripkanın sayəsində böyük uğur qazanmışdır.



Didye 16 yaşında ikən Kalais Milli Konservatoriyasının birinci mükafatına layiq görülür. Bu hadisə onun sənət karyerasının başlanğıcında bir növ tramplin oldu. Sonrakı 10 ilə yaxın müddətdə Lokvud ifaçılıq fəaliyyətinin müxtəlif növlərini səylə mənimsəmiş, simli alətlər triosundan başlamış soloya qədər, kvartetlərdən tutmuş D.L.G. sintez qrupuna qədər müxtəlif variantlarda öz istedadını nümayiş etdirmişdir.

Dünya cazının bibliyası sayılan «Daun Bit»də üç ulduz qazanmış, ilk «musiqi Viktoriyası»nın sahibi olmuş Didye həm cazda, həm də klassik musiqidə özünü çox sərbəst hiss edir. O, öz ifasında spontallıqla texniki kamilliyi eyni dərəcədə asan və lirik şəkildə əlaqələndirə bilir.

1993-1994-cü illərdə Lokvud öz yaradıcılıq fəaliyyətinin 20 illiyi münasibəti ilə ən prestijli beynəlxalq festivallara dəvətləri qəbul etmiş, bütün dünyada yüzlərlə konsert vermişdi.

1996-cı ildə müəllif və ifaçı kimi debüt etmiş Didye əvvəlcə Jan-Klod Kasadenin idarə etdiyi Lilli Milli orkestri ilə, sonra isə Kann orkestri ilə birlikdə elektro-akustik skripka və simfonik orkestr üçün üç hissəli «Seagulls» adlı birinci konsertini ifa etmişdir. Bu, əsl zəfər yürüşü idi!

1999-cu ildə Lokvud Bastil-operada «Kosmik sərnişinin gündəliyi-2» librettosu əsasında caz operası yazmış, sonra Fransada uğurlu səfərləri başlanmışdır. Elə həmin il Didye Lokvud «Sənət zabiti» rütbəsinə və Mədəniyyət Nazirliyinin ordeninə layiq görülmüşdür.

2001-ci ildə Fransanın baş nazir Lionel Jospen Didye Lokvudun «Gələcəyin hədiyyəsi» adlı yeni əsərini yaratmaq üçün ona «kart blanş» təqdim etmişdir. Bu əsərin premyerası Matinyon sarayında 20 cazmenin və Fransa milli orkestrinin ifasında səslənmişdir.

«Jazz dünyası» jurnalı
Top