Çahargah

Çahargah

Çahargah — (farsca hərfi mənası — "çahar" — «dörd», «gah» — mövqe, məkan, vəziyyət) — Yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biridir. Eyni zamanda Şərq musiqi sinin, başlıca məqam(lad) əsaslarından biri anlamında da işlənir. Qədim Şərq alimlərinin fikrincə, çahargah məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır.

Ü. Hacıbəyov çahargah məqamının dinləyicidə coşqunluq və ehtiras hissi oyatdığını qeyd edir. Bəstəkar «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərində "Çahargah" məqamının səs sırasını belə müəyyən etmişdir (mayə pərdəsi oktavanın «do» səsidir).

XIX əsr Azərbaycan musiqisində "Çahargah" dəstgahı aşağıdakı muğam şöbələrindən ibarət idi: "Çahargah", «Segah», «Zabol», «Yədi-hasar», «Müxalif», «Məğlub», «Mənsuriyyə», «Zəmin-xara», «Mavərənnəhr», «Hicaz», "Şahnaz", «Azərbaycan», "Əşiran", «Zəng-şötör» və «Kərkuki».

Sonralar, «Cahargahın» tərkibi dəyişmiş, o bəzi guşələrdən azad olmuş və dəstgah kimi daha da təkmilləşmişdir. Hazırda "Çahargah" muğam dəstgahı aşağıdakı şöbələrdən ibarətdir: «Bərdaşt», «Mayeyi-Çahargah», «Bəstə-Nigar», «Hasar», «Müalif», «Qərrə», «Müxalif», «Mənsuriyyə», «Hüzzal», "Çahargaha ayaq".

Xalq şairi B. Vahabzadə «Muğam» poemasında "Çahargah" muğamı və onun ayrı-ayrı şöbələri haqqında obrazlı şəkildə söz açaraq, ona bədii-estetik cəhətdən yüksək qiymət vermişdir.

"Çahargah" muğamının intonasiyalarından Azərbaycan professional musiqi yaradıcılığında çox geniş istifadə edilmişdir. Buna misal olaraq Ü. Hacıbəyovun bir sıra muğam-operalarını, «Koroğlu» operasını, «Cahargah» fantaziyasını, A. Zeynallının skripka ilə fortepiano üçün yazılmış "Çahargah" pyesini və b. göstərmək olar.



Mənbə:  Bədəlbəyli. "İzahlı monoqrafik musiqi lüğəti". Bakı. «Elm» nəşriyyatı, 1969.
Top