BİR MAHNININ TARİXÇƏSİ - "CÜCƏLƏRİM"

BİR MAHNININ TARİXÇƏSİ - "CÜCƏLƏRİM"

 “Cücələrim” mahnısı yazıldıqdan düz 10 il sonra məşhurlaşıb.

Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan bu musiqiyə söz yazmasını xahiş edir. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazır. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura»yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir.

 
Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində doğulmuşdu. Kiçik yaşlarından atası Məşədi Muxtarı itirmişdi. O dönəmlərin Gəncə musiqi mühiti çox zəngin idi. Əfsanəvi Məşədi Cəmil Əmirovun şəhərində tez-tez adlı-sanlı xanəndələr – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malıbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov qonaq olurdu. Qəmbər Hüseynli də belə bir mühitdə böyüyür və təbii ki, musiqiçi olmağa qərar verir. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və misilsiz tarzən Zərif Qayıbovla birgə təhsil alır. «Rast»ı, «Şur»u, «Zabul segah»ı tarda məharətlə ifa etməsi ilə şəhərdə tanınır. Tələbəykən aşıq və el havalarını toplayıb nota alır.

1939-cu ildə bəstəkarı Şuşa Musiqi Texnikumuna direktor göndərirlər. Amma bir il sonra o yenidən Bakıya çağılır. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi çalışır, həm də Üzeyir bəyin məsləhətilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur.

«Cücələrim» mahnısının triumfunu – misilsiz zəfərini görəndən 2 il sonra sakitcə həyata gözlərini yumdu. Qəmbər Hüseynli cəmi 45 yaşında (1 avqust, 1961-ci il) dünyadan köçdü.

«Wikipedia»da bu mahnıyla bağlı maraqlı bir detal var. Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Charlie Chaplin (Çarli Çaplin) gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib «Cücələrim»i ifa edib və qonaqlara üz tutub deyib: «Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!».

Mənbə  azens.az 
Müəllif 
Sevda İsmayıllı

Top