XX əsrin əvvəli-ümumi panorama

XX əsrin əvvəli-ümumi panorama

Fransa musiqisində təşəkkül tapmış impressionizm cərəyanının görkəmli nümayəndələri Klod Debüssi və Moris Ravel öz əsərlərində ətrafdakı həyatdan — təbiətdən, məişətdən aldıqları ilk təəssüratlarını canlandırmağa çalışmışlar (elə cərəyanın adı da «impression», yəni «təəssürat» sözündən irəli gəlir). İtaliya opera sənətində meydana çıxmış verizm üslubu həyatın olduğu kimi — mübaliğəsiz, yaraşıqsız təsviri demək idi. Pyetro Maskanyininin (1865 — 1945) «Kənd na-musu», Rucero Leonkavallonun (1857 — 1919) «Məzhəkəçilər», Cakomo Puççininin (1858 -1924) «Bohema», «Toska», «Turandot», «Madam Batterflyay» əsərləri verizmin parlaq nümunələridir. Bu sırada Puççini musiqisi, Puççini üslubu xüsusi yer tutur. Başqa verist bəstəkarlarla müqayisədə Puççini operalarındakı surətlər daha dolğun və inandırıcı, vokal partiyalar daha zəngin və ifadəli, ümumi dramaturji quruluş isə çoxşaxəli, mürəkkəb xarakter daşıyır.

Romantizmin son mərhələsim təmsil edən sənətkarlardan alman bəstəkarı Rixard Ştraus (1864 -1949) ilk növbədə simfonik musiqinin mahir ustası kimi tanınmışdır. Onun «Don Juan», «Makbet», «Don Kixot», «Til Ulenşpigel», «Zərdüştün söylədikləri» simfonik poemaları obrazların dəqiq, həssas təcəssümü, orkestr palitrasının rəngarəngliyi ilə diqqəti cəlb edir. Ştraus həmçinin «Qızılgül kavaleri», «Salomeya», «Elektra» operalanmn müəllifı kimi də şöhrət qazanmışdır.

Ştrausun çağdaşı Avstriya bəstəkarı Qustav Maler də (1860 — 1911) öz yaradıcılığında simfonik janra üstünlük verir. Möhtəşəm simfoniyaların müəllifi Maler insan həyatının ən mürəkkəb problemlərinə toxunaraq xeyir və şər qüvvələrini qarşdaşdırır, «olum, ya ölüm» fəlsəfı sualına cavab verməyə çalışır. Malerin «Gəzərgi kargərin mahnıları» və «Oğlanın sehrli şeypuru» vokal silsilələri, «Torpaq haqqında nəğmə» simfoniya-kantatası da XX əsr musiqisinin dəyərli səhifələrindəndir. XIX əsrin sonunda romantizm estetikasından bəhrələnən digər sənətkarlar, o cümlədən rus bəstəkarları Aleksandr Skryabin (1871 — 1915) və Sergey Raxmaninov da müstəqil yaradıcdıq yollarına qədəm qoyurlar. Skryabinin çılğın ehtiraslarla yoğrulmuş «Ekstaz poeması» və «Prometey» simfonik əsərləri, 3-cü simfoniyası ("İlahi poema"), fortepiano üçün yazdığı sonatalar, prelüdlər, etüdlər bəstəkarı düşündürən dünyanı incəsənətin köməyi ilə dəyişdirməyin mümkünlüyü ideyalarının bədii təcəssümüdür.

Beləliklə, XX əsrin əvvəlində, Avropanın Birinci Dünya müharibəsi astanasında yaşadığı təzadlı, mürəkkəb bir dövrdə musiqi mədəniyyətinin inkişafında mühüm yeniliklər baş verir. Qısa müddət ərzində müxtəlif bədii cərəyanlar yaranır, bir çox istedadlı sənətkar özlərini tanıdır. Musiqi incəsənət tarixinin yeni, müasir dövrünə qədəm qoyur. Bu yeni mərhələnin səciyyəvi xüsusiyyətləri hansılardır?

Unutmayaq ki, XX əsr ümumbəşər tarixində bir çox əhəmiyyətli dramatik, bəzən də faciəvi hadisələrlə əlamətdar olmuşdur. Birinci və İkinci Dünya müharibələri, Rusiyada və bir sıra ət-raf dövlətlərdə kommunizm quruluşunun bərqərar olması və süqutu, Almaniyada və İtaliyada faşizmin hakimiyyətə gəlməsi -bu və digər hadisələr musiqinin inkişafına təsir göstərməyə bilməzdi. 70 ildən artıq yaşadığımız Sovet İttifaqında isə musiqinin inkişafı kommunist partiyasının sərt nəzarəti, hətta təzyiqləri altında baş verirdi. Sergey Prokofyev, Dmitri Şostakoviç, Qara Qarayev kimi görkəmli ustadlar çox zaman əsassız tənqidlərə məruz qalaraq yaradıcılıq fəaliyyətlərini bir qədər məhdudlaşdırmalı olurdular. Bir sözlə, XX əsr musiqisi kəskin təzadlar və mənəvi iztirablarla dolu müasir dövrün sanki bədii inikasıdır.

Müasir musiqinin daha bir səciyyəvi   xüsusiyyəti   bədii prinsiplərin, yaradıcılıq təmayüllərinin müxtəlifiiyidir. Üstəlik, XX əsrin, məsələn, İqorStravinski, Sergey Prokofyev,Dmitri  Şostakoviç,  Olivye Messian, Vitold Lütoslavski kimi görkəmli sənətkarları yalnız bir üslubla, bir yaradıcılıq metodu ilə kifayətlənməmiş, özlərini müxtəlif istiqamətlərdə sınamışlar. XX əsrdə musiqinin yeni növləri — əvvəlcə caz, sonra isə rok və pop musiqisi yaranır. Zəmanəmizin musiqi simasını klassik musiqi ilə bərabər, onlar da müəyyən-ləşdirir. Musiqinin müxtəlif növləri hətta bir-birinə qarşılıqlı təsir göstərməyə baş-layır. Radio, televiziya, video, audio, İnternet — bu kimi yeni kommunikasiya sistemlərinin kəşfi musiqinin daha geniş yayılmasına və nəticədə  onun  insanların şüuruna daha dərin təsir göstərməsinə gətirib çıxarır. İndi də çağdaş musiqinin əsas bədii təmayüllərinə nəzər salaq. XX əsrin əvvəlində Avstriya və Almaniya incəsənətində ekspressionizm cərəyanı yaranır. Şəxsiyyətin cəmiyyətlə qarşıdurması, onun keçirtdiyi mənəvi sarsıntıların qabarıq şəkildə, hətta mübaliğəli ifadəsi ekspressionizm estetikasının əsas prinsipidir («ekspression» sözü fransızca «ifadə» deməkdir). Ekspressionizmin yaradıcıları Arnold Şönberq (1874 — 1951), Alban Berq (1885 — 1935) və Anton Vöbern (1883 -1945) musiqi tarixinə «Yeni Vyana məktəbinin təmsilçiləri kimi daxil olmuşlar. Şönberqin „İntizar“ monodramı, „Ay Pyerosu“ vokal silsiləsi, Berqin „Votsek“ və „Lulu“ operaları, skripka konserti ekspressionizm cərəyanının parlaq təzahürüdür. Ekspressionizmin əlamətləri həmçinin Maler və Ştraus yaradıcılığının son mərhələsində,   Skryabinin  və Şostakoviçin musiqisində də müşahidə olunur. „Yeni vyanalılar“ musiqi sənətinə daha bir mühüm yenilik gətirirlər — əsərlərini dodekafoniya deyilən üsulda bəstələyirlər. Dodekafoniyanın şərti — əsərin musiqi materialının müxtəlif yüksəklikdə yerləşən on iki səsin müəyyən ardıcıllıq əsasında qurulmasıdır (yunanca „dode-ka“ „on iki“, „fon“ „səs“ deməkdir). Həmin ardıcıllığı seriya adlandırır və bu səbəbdən dodekafoniya musiqisinə seriya musiqisi də deyirlər. Qeyd edək ki, dodekafoniya XX əsr dünya musiqisində ən geniş istifadə olunan üsullardan biridir.

Müasir dövrün qeyri-sabitliyindən uzaqlaşmaq, mənəvi dayaq tapmaq məqsədilə XX əsr bəstəkarları uzaq keçmişin musiqi ənənələrinə müraciət edir, barokko və klassisizm sənətinin aydın, dəqiq qanunauyğunluqlarını yeni mühitdə canlandırırlar. Rus bəstəkarları İqor Stravinski və Sergey Prokofyevin, alman bəstəkarı Paul Xindemitin (1895 — 1963) yaradıcılığında tətbiq olunan bu bədii üslub neoklassisizm (yəni „yeni klassisizm“) adlanır. Çağdaş bəstəkarlar həmçinin bəşəriyyət tarixinin ulu səhifələrinə, musiqi folklorunun qədim laylarına da böyük maraq göstərirlər. Həmin maraq neofolklorizm cərəyanının meydana gəlməsi ilə nəticələnir. İqor Stravinskinin „Müqəddəs bahar“ baleti və macar bəstəkarı Bela Bartokun (1881 — 1945) „Allegro barbaro“ əsəri neofolklorizmin ilk parlaq nümunələridir. Bartokun yaxın dostu və silahdaşı — digər macar bəstəkarı Zoltan Koday da (1882 — 1967) „Xari Yanoş“ operasında, „Macar zəbur surəsi“ əsərində milli musiqi folklorunun ənənələrindən bəhrələnmişdir. Alman bəstəkarı Karl Orf (1895 — 1982) „Karmina Burana“, „Ay“, „Ağıllı qız“ musiqili səhnə əsərlərində isə qədim rəvayət və əfsanələrə müraciət etmişdir. XX əsr ispan milli bəstəkarlıq məktəbinin başçısı Manuel de Falya (1876 — 1946) „Həyat qısadır“ operasında, „İspaniya bağlarında gecələr“ simfonik əsərində, „Füsunkar məhəbbət“ baletində ispan xalq musiqisinin hərarətli melodiya və ritmlərini əks etdirir. Braziliya musiqisinin istedadlı nümayəndəsi Eytor Villa Lobos (1887 — 1959) „Şoro“ (»Ağlamalar") instrumental pyeslərində brazil, zənci və hindi musiqisinin formalarına müraciət etmişdir. Bəstəkarın ən məşhur əsəri — «Braziliya baxianaları»nda neofolklorizm və neoklassisizm ənənələri məharətlə uzlaşmışdır.

Folklora maraq XX əsr rus musiqisində də müşahidə olunur. Georgi Sviridov (1915 — 97) çoxsaylı vokal əsərlərində — «Sergey Yeseninin xatirəsinə poema»-sında, «Puşkin çələngi'ndə, „Peterburq mahnıları“nda, „Kursk mahnıları“nda, Rodion Şedrin (d. 1932) „Təkcə məhəbbət yox“, „Ölü canlar“, „Qozbel at“ operalarında, „Anna Karenina“, „Qağayı“, „İt gəzdirən xanım“ baletlərində, „Məzəli çastuşkalar“ konsertində rus milli musiqisinin müxtəlif formalarından bəhrələnmişlər.

Caz sənəti də XX əsr bəstəkarlarının yaradıcılığına ciddi təsir göstərmişdir. ABŞ bəstəkarı Corc Gerşvin (1898 — 1937) cazın xüsusiyyətlərini klassik Avropa musiqisinin formaları ilə yüksək sənətkarlıqla birləşdirərək orijinal əsərlər, o cümlədən fortepiano və orkestr üçün „Blüz üslubunda rapsodiya“sını, „Amerikalı Parisdə“ simfonik süitasını, „Porgi və Bess“ operasını yaratmışdır. Başqa bir amerikalı — Leonard Bernstayn (1918 -90) öz müzikllərində, məsələn, məşhur „Vestsayd hekayəsi“ndə, „Kandid“ operettasında caz, eləcə də rok və pop musiqisinin səciyyəvi xüsusiyyətlərindən məharətlə istifadə etmişdir. Caz musiqisinin təravəti bir sıra Avropa bəstəkarlarının — Stravinski, Debüssi və başqalarının yaradıcılığında da duyulur. Fransız bəstəkarları Erik Sati (1866 — 1925), eləcə də „Altılar“ qrupunun üzvləri: Artur Oneger (1895 — 1955), Darius Miyyo (1892 — 1974), Fransis Pulenk (1899 -1963), Jorj Orik (1899 — 1983), Lui Dürey (1888 — 1979) və Jermen Tayfer də (1892 — 1983) caza böyük maraq göstərmişlər. „Altılar“ həmçinin müasir şəhərin mühitini, avtomobillərin, müxtəlif cihazların səslərini canlandırmağa çalışmışlar (məsələn, Onegerin „Pasifık 231“ əsəri). Bu meyllər alman və polyak musiqisində də müşahidə olunur. Xindemitin „1922“ fortepiano süitası, „Günün xəbərləri“, „Oraya və geri“ operaları, eləcə də Kşiştof Henderetstkinin (d. 1933) „Xirosima qurbanlarının xatirəsinə ağı“ əsəri buna ən gözəl misaldır. XX əsrin 50-ci illərində müasir musiqi mədəniyyətində çox mühüm hadisə baş verir — avanqard cərəyanı yaramr. Bu cərəyanın yaradıcüarı və ən görkəmli nümayəndələri — alman Karl Haynts Ştokhauzen (d. 1928), fransalı Pyer Bulez (d. 1925), italiyalılar Luici Nono (1924 — 90) və Luçano Berio (d. 1925), amerikalılar Edqar Varez (1889 — 1965) və Con Keyc (1912-92) musiqi sənətinə yeni mövqedən yanaşmaq zərurətini elan edirlər. Onların fıkrincə, musiqi ətraf həyatla heç də bilavasitə əlaqədə olmamalıdır; musiqinin məqsədi onun özündədir. Avanqard estetikasının Rusiyadakı təmsilçiləri Alfred Şnitke (1934 -98), Edison Denisov (1929 — 97) və Sofya Qubaydulina (d. 1931) dünya şöhrəti qazandıqlarına baxmayaraq, Sovet İttifaqında sıxışdırılmış, burjua ideologiyasına xidmət edən sənətkarlar kimi təqib edilmişlər. Yalnız 80-ci illərin sonunda Sovet quruluşunun zəifləməsi şəraitində „rus avanqardı“-nın nümayəndələri, nəhayət ki, bəraət qazanmış və müasir musiqinin salnaməsində layiqli yerlərini tutmuşlar.

Avanqard musiqinin formaları müxtəlifdir. Bunlardan aleatorika üsulu ilə yazılmış əsərlərdə musiqi materialının müəyyən qismi ifaçı tərəfindən improvizə edilərək sanki təsadüfən yaranır (»alea" fransızca «təsadüf' deməkdir). Sonoristika yazı üsulunun əsas xüsusiyyəti musiqinin tembr boyalarının, səs keyfiyyətinin ön plana çəkilməsidir (»sonor" sözünün mənası «səs»dir). Sonoristika daha bir cərəyanın — elektron musiqisinin yaranmasına da təkan vermişdir. Konkret musiqisinə gəldikdə isə burada həyatda dinlədiyimiz real, konkret səslər — məsələn, quşların oxumağı, açılan qapının cırıltısı, çığırtı, pıçıltı və digər səslər lentə yazılıb musiqi əsərinə daxil edilir. ABŞ bəstəkarlarının yaradıcılığında meydana çıxmış minimalizm üslubu isə musiqidə ifadə vasitələrinin xüsusi qənaətcilliklə istifadəsini nəzərdə tutur. Gördüyümüz kimi, XIX əsrin sonu — XX əsr musiqisinin ümumi mənzərəsi öz rəngarəngliyi və zənginliyi ilə seçilir. Müasir bəstəkarlar daim gərgin yaradıcılıq axtarışları aparmaqdadırlar və şübhəsiz ki, yaxın gələcəkdə biz musiqidə yeni bədii tapıntılarla, yeni uğurlarla rastlaşacağıq.

Bu əsərlərlə tanış olun:

  • R. Leonkavallo — «Məzhəkəçilər»: Kanionun ariyası
  • C.Puççini — «Madam Batterflyay»: Çio-Çio-sanın ariyası
  • Q.Maler — 1 N-li simfoniya
  • A.Skryabin — "İlahi poema"
  • A.Skryabin — Etüd re-diyez minor  
  • A.Şönberq — «Ay Pyerosu»
  • A.Berq — Skripka və orkestr üçün konsert
  • K.Orf- «Karmina burana»: N 6 («Rəqs»), N 9 («Xorovod»), N 17 («Qız dayanmışdı»),
  • A.Oneger — «Pasifik 231»
  • E.VilIa-Lobos — «Braziliya baxianaları»
  • M. de Falya — «Füsunkar məhəbbət»: «Od rəqsi»
  • RŞedrin — «Basso ostinato» (fortepiano üçün)
  • L.Bernstayn — «Vestsayd hekayəsi»
  • C.Gerşvin — «Blüz üslubunda rapsodiya»
  • B.Bartok — «Mikrokosmos»: 1-ci dəftər

 

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi

Müəllif Aida Hüseynova

Top