Bir mahnının tarixçəsi: "Ölkəm"

Bir mahnının tarixçəsi: "Ölkəm"

1919-cu ildə, Azərbaycan demokratik cümhuriyyətinin cəmi bir yaşı olarkən, 20 yaşlı Cəfər Cabbarlı "Ölkəm" adlı şeir yazdı. O dövrdə bu mövzuya toxunmaq çox aktual idi. Amma bu poetik əsərin mahnıya çevrilməsi 10 il sonra baş tutdu. İstedadlı musiqiçi Asəf Zeynallı “Ölkəm”ə musiqi bəstələdi. Beləliklə, Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana çıxdı. Bu əsər bütün Azərbaycan musiqi tarixinin ən ciddi və əhəmiyyətli əsərlərdən biri hesab olunur.
 
"Ölkəm" şeiri «Azərbaycan» qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, daha doğrusu, şeirin ikinci məşhurluq dövründə onu iki bəndi heç yerdə ifadə olunmadı. Buna səbəb həmin bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi.
 
"Ölkəm" şeirinin yazılış tarixinə qayıdaq. O illər 20 yaşlı Cəfər Cabbarlı özünü qızğın vətənpərvər kimi göstərirdi və ölkədə olan hadisələrə laqeyd qalmırdı. Cəfər Cabbarlı nəinki ədəbi dramaturq kimi, həm də kinossenarist, rejissor, jurnalist, tərcüməçi və hətta bir neçə mahnı mətnlərinin müəllifi kimi Azərbaycan incəsənətinə öz töhfələrini verib. O, dünya ədəbiyyatından Şekspir, Tolstoy, Şiller, Qorki, Bomarşe kimi müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Şekspirin «Hamlet» əsərini tərcümə etməsi isə elə hazırda da teatrda tamaşa quruluşları üçün əsas kimi istifadə olunur. Bundan başqa, onun yaradıcılıq siyahısına daxil olan dramaturji əsərlərini də qeyd etmək lazımdır:  «Solğun çiçəklər», «Aydın», «Oqtay Eloğlu», «Sevil», «Almaz», «Yaşar», «1905-ci ildə» əsərləri, həmçinin bir çox pyes və hekayələri.

Cəfər Cabbarlının teatr quruluşları üçün musiqi seçimində iştirak etməsi, bu insanın musiqi istedadından da xəbər verir. Cəfər Cabbarlı Axundovun «Hacı Qara» əsərinin ekranlaşdırılması zamanı 1928-ci ildə ssenarist və rejissor rolunda çıxış edib, sonra «Sevil», «Almaz» əsərlərinin ekranlaşdırılması zamanı bu istedadından istifadə edilib. O, həmçinin ilk milli ssenarist hesab olunur. Cəfər Cabbarlı şəxsi pyesləri üçün mahnılar da yazıb. Məsələn, «Od gəlini» pyesi üçün «Mən bir solmaz yarpağam ki» mahnısının, «1905-ci ildə» pyesi üçün «Azad bir quşdum» mahnısın, «Yaşar» pyesi üçün isə «Sənin dərdindən» mahnısının adlarının qeyd etmək olar. Deyilənə görə, «Sevil» dramına quruluş verilən zaman Cəfər Cabbarlı özü də bir neçə musiqi parçası yazıbmış. Onun əsərləri arasında «Sənə nə olub, zalım yar?» mahnısı xüsusi yer tutur.
 
Əgər Cəfər Cabbarlı və Asəf Zeynallının birgə fəaliyyəti haqqında danışsaq, onda qeyd etməyə dəyər ki, onlar hələ 1928-ci ildə Bakı-Türk İşçi Teatrında birlikdə işləyiblər. O zaman Cəfər Cabbarlının “Sevil” dramı teatra qoyulurmuş. Və bu qoyuluş üçün Asəf Zeynallı musiqi yazmalı imiş. Aralarındakı onillik yaş fərqinə baxmayaraq bu əməkdaşlıq onların dostluğuna səbəb olur. Asəf Zeynallı cəmi 23 il ömür sürüb. Amma qısa ömür yaşamasına baxmayaraq parlaq və həyat dolu imiş. O, Azərbaycanda klassik Avropa janrının əsasını qoyub. 

O, qərb dinləyicisinə şərq musiqisinin çatdırılmasının üsullarını axtarırdı. Onu musiqi məktəbində dərs deməyə dəvət edirdilər, halbuki özü yeniyetmə idi və konservatoriyada oxuyurdu. Bu məktəbdə Asəf Zeynallının yanında Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Tofiq Quliyev, Əminə Dilbazi oxuyurdu. "Ölkəm" romansını 19 yaşlı Asəf Zeynallı 1928-ci ildə yazıb. Mətn təsadüfən seçilməmişdi. Asəf Zeynallı artıq Cəfər Cabbarlı ilə tanış idi. Elə mətnin mövzusu da ciddi və bəstəkara yaxın idi.
 
Romans uzun müddət öz ifaçısını axtardı. 1931-ci ildə isə nəhayət ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur. Deyilənə görə, əvvəlcə Bülbülü bəstəkar özü royalda müşayiət edirmiş. 

1956-cı ildə Vladimir Kozlovun müşayiəti ilə Bülbülənin ifası lentə yazıldı. Baxmayaraq ki, buna qədər  "Ölkəm" romansının bir neçə ifası yazılmışdı, yenə də bu romansı Bülbülün adıyla bağlayırlar. Təəssüf ki, simfonik orkestrin müşayiəti ilə romansın Bülbül tərəfindən ifasını tapmaq mümkün olmadı.
 
"Ölkəm" romansının bəzi ifaları Bülbülün ifasından fərqli olaraq xronoloji olaraq daha əvvəllərə aiddir. Qızıl fondda romansın 1955-ci ildə yazılmış nümunəsi var. İfaçılar Rauf Atakişiyev və romansın ilk qadın ifaçısı Sona Aslanova olub. Rauf Atakişiyev Bülbüldən fərqli olaraq, romansı Avropa ahənginə uyğun ifa etmişdir. Bu ifada bir dənə də olsun milli not yox idi. Ancaq Rauf Atakişiyevin səs imkanlarının sayəsində, ifa çox maraqlı alındı. Sona Aslanova isə bu romansı ifa etmiş ilk qadın oldu. Beləliklə, o, bütün sonrakı ifaçılar üçün nümunəyə çevrildi.
 
1957-ci ildə romansı opera müğənnisi Firəngiz Əhmədova ifa edib. Bu ifa simfonik orkestrlə müşayiət olunub. İfa çox gözəl alınıb, bu ifada milli intonasiyalar vardı. Və bu ifa "Ölkəm" romansının tarixində ən yadda qalan ifalardan biri hesab edilir.
 
1958-ci ildə növbəti ifa yazılıb. Bu dəfə romansın ifaçısı Mobil Əhmədov olur. Sonra 1963-cü ildə Lütfiyar İmanov, 1972-ci ildə isə Rauf Adıgözəlov "Ölkəm" romansını ifa edirlər. Hər üç ifa Bülbül məktəbinin davamı idi və yalnız royalın müşayiəti ilə yazılmışdır.
 
1972-ci ildə Niyazinin rəhbərliyi altında simfonik orkestrin müşayiəti ilə daha bir ifa baş verdi: gənc, ümidverici müğənni Fidan Qasımova ciddi auditoriya qarşısında — Moskvanın böyük zalında bu mahnını ifa etdi. Maestro Niyazinin rəhbərliyi altında ifa çox məsuliyyətli və eyni zamanda şərəfli idi. Və bu ifa dinləyicilərin və peşəkar musiqiçilərin arasında yüksək qiymətləndirildi.
 
1975-ci ilin yanvarında əsəri yenidən royalın müşayiəti ilə Yaşar Səfərov oxudu. Bu ifa da ifaçının diapazonu və səs tembri sayəsində ən uğurlulardan biri sayıldı. Bu ifa 70-ci illərin xronikasında sonuncudur. 
Fidan Qasımovanın ifasından bir neçə il sonra, "Ölkəm" romansını onun bacısı Xuraman Qasımova ifa edir. Bu ifa 80-ci illərin ortasına təsadüf edir. Və yenidən simfonik orkestrin müşayiəti ilə… Xuraman Qasımova bu romansın öhdəsindən əla gəlir.
 
1987-ci ildə Gülağa Məmmədovun "Ölkəm" romansını ifası qızıl fondun siyahısında sonuncudur. Müğənnini xalq alətləri orkestri müşayiət edirdi.

Ancaq ifaçıların yeni siyahısına başlamaq olar. Bu bizim əsrimizin ifaçısıdır. Onların arasında Azər Zeynalov, Anar Şuşalı, Rövşən Qasımov, Fidan Hacıyeva və başqaları var. Bütün bu müğənnilər "Ölkəm" romansını klassik tərzdə ifa ediblər.
 
2007-ci ildə radio və televiziyada "Ölkəm" romansının yeni interpretasiyası səsləndi. Aranjiman Cəmil Əmirova məxsusdur. Tünzalə Ağayeva və Cəmil Əmirov müasir dinləyicilərin diqqətini bu romansa cəlb etdilər. Bu ifaya cəmiyyətin reaksiyası çoxmənalı idi. Rəqiblər tapıldı ki, ifaçının vokal zəifliyini və aranjimanın yersizliyi haqqında danışdılar və romansın belə təqdim edilməsinin tərəfdarları da oldu.

 
Beləliklə, doqquzuncu onilliyini adlamış romans Azərbaycan musiqisinin və poeziyasının layiqli nümunəsi kimi ad qoymaqda davam edir. Mətndə və bu romansın musiqisində Azərbaycanın obrazı əks edilib. Bu qədər dərin fəlsəfəsi olan ikinci bir mahnı tapmaq isə mümkün deyil.

P.S: Yazının hazırlanmasında Azərbaycan İctimai Televiziyasının məlumatlarından istifadə edilmişdir

  
Hazırladı: Aliyə Haqverdi
Mənbə: ann.az
Top