Besame mucho

Besame mucho

XX əsr tarixin yaddaşında daha çox qanlı müharibələr və kosmosun fəth edilməsi, eləcə də atom bombasının yaradılması ilə qalacaq. Hə, bir də yəqin ki, seksual «inqilabları» da bura əlavə etmək lazımdır...
Təbii ki, hər bir inqilabın özünün xarakterik cəhətləri, müsbət və mənfi yönümlü təsadüfi «hədiyyələri», xeyli sayda insanlardan ibarət qurbanları, nəhayət başlanğıcı və sonu olur. Ancaq seksual «inqilabın» sən demə yalnız başlanğıcı olurmuş, sonu isə yox...??? Hə, az qala lap unutmuşdum: — hər bir inqilab özünün himni, marşı, üsyana çağıran nəğməsi ilə də tarixin qulaqlarını dəng etmək gücünə malikdir. Lap elə «Marselyoza» kimi...

XX əsrin seksual «inqilabının» simvolik himni isə Mexikodan olan 15 yaşlı Konsuelo Velaskesin yazdığı və bəstələdiyi, sözlərindən və hər notundan səmimiyyət qarışıq pərişan bir kədər süzülən nəğməsidir — deməyə haqqım var. Ona görə ki, milyonrlarla insan məhz bu fikirdədir. Həmin nəğmə hansıdır bilirsinizmi? Müəllifi necə, tanıyırsınızmı? Yox? Ay sizi...onda qulaq asın, yaxşı?

Heç vaxt belə olmur...

Böyük ispan rəssamı Dieqo Velaskesin nəticəsi uşaqkən yetim qalmışdı. Buna görə də onu ana tərəfdən olan qohumları dayısı və xalası öz himayələrinə almışdılar və çalışırdılar ki, bu yetim qızcığaz təkliyini, tənhalığını ürəyində dərd eləməsin. Həm də onu böyütmək, təhsil vermək, vaxtı çatanda isə ər evinə ləyaqətlə köçürmək lazım idi.

Himayədarlar bu balaca qızcığaza belə demək mümkünsə, yetərincə kamil bir katolik tərbiyə ruhunu aşılamış, üstəlik əla təhsil də vermişdilər. Bu qızcığaz həm də qanedici şəkildə musiqi təhsili də almışdı. Yəqin inanmayacaqsınız, amma bu bir həqiqətdir ki, bu qızcığaz 4 yaşında pianino çalmağı öyrənmiş, 15 yaşında isə artıq pianino müəlliməsi kimi özündən yaşca kiçiklərə və böyük yaşlı musiqiçi olmaq istəyən şəxslərə dərs verməyə başlamışdı. Bu qızcığaz Konsuelo Velaskes idi və Konsuelonun bu dünyada hər şeydən çox iki sevdiyi, vurulduğu ünvan vardı: — opera və aktyor Qreqori Pek!

O, həmin günün hansı gün olduğunu özü də yada sala bilmir, amma o gün Konsuelo teatrda məşhur ispan bəstəkarı Enrike Qranadosun əsərlərini dinləyib gəlmişdi. Həmin gün və nədənsə Konsuelo özünü çox narahat hiss etməyə başlamışdı. Ora-bura vurnuxaraq elə bil nəsə axtaran adama dönmüşdü və birdən...hə, birdən o beynində hələ indiyə qədər eşitmədiyi bir melodiyanın səsləndiyini hiss edir.
— «Mən Qreqori Pekin şəklinin önünə qaçdım. Ona baxırdım, göz yaşlarım öz-özünə süzülürdü, heç cürə özümü saxlaya bilmirdim. Başımda isə həmin nəğmə səslənirdi, kədərli bir nəğmə...Mən geri qayıdaraq, qonşu otağa keçdim və başımda səslənən nəğməni notlara köçürdüm. Ürəyim nədənsə az qalırdı partlasın...Sonra isə həmin nəğmənin sözlərini heç özüm də bilmədim, necə yazdım...Beləcə həmin mahnı — »Besame muço" yarandı" — Konsuelo belə deyir. Mahnı bəstələmək və onun sözlərini yazmaq Konsuelo üçün çox asan başa gəlmişdi, amma bu hələ işin yarısı demək idi, onu üzə çıxarmaq, kiməsə «göstərmək» də var idi axı...

Konsuelo sonralar deyirdi:
— «Mən, bu mahnını „kimə göstərim“ sualı qarşısında çaşıb qalmışdım. Onu yaşlılardan kiməsə „göstərməyə“ — oxumağa gəlincə isə bu haqda düşünmək belə istəmirdim. Elə bu fikirdən az qala utanıb ölürdüm, qalmışdı ki, hələ onu kimin üçünsə oxuyum və sonra da deyim ki, mənim mahnımdır, yox, bu cür bacarmayacaqdım, bu mənlik deyildi. Çünki fikirləşirdim ki, bu mahnını oxusam və desəm ki, mən yazmışam, bəstələmişəm, onda aləm bir-birinə dəyəcək. Deyəcəklər ki, Konsuelo fahişədən artıq bir şey deyilmiş, ancaq gözləyir ki, kimsə əlinə keçsin, o da onunla gün boyu öpüşsün. Tərbiyəli katolik qadını üçün bu mahnı əsl günah tabağı sayılacaqdı. Həmin mahnını rəfiqəm üçün ifa etdim və o, az qala gözləri hədəqəsindən çıxmış halda „Konsuelo, sən bilirsən nə yazmısan? Sən hamını heyrətdə qoyacaqsan, hamı sənə vurulacaq“ — desə də mən ona fikir verməməyə çalışdım. O isə əl çəkmədi ki, çəkmədi və onun təhrikiylə mən, mahnının mətnini, notlarını radioya yolladım, müəllifi — özümü isə anonim saxladım...»

Radiostansiyanın redaktoru Mariano Riberu Kondeyə anonim olaraq yollanan bu mahnı elə təsir edir ki, onu az qala hər gün Meksika radiosunda səsləndirməyə başlayır. Mahnı səsləndirilməzdən əvvəl isə hər dəfə öz adını gizli saxlayan müəllifə radio diktorları müraciət edirlər ki, onların səsinə səs versin, bu qədər özünü gizləməsin və zəhmət deyilsə, gəlib ona çatası pul mükafatını alsın. Bu mükafat müəllifə ona görə verilirdi ki, «Besame muço» ayın ən yaxşı mahnısı nominasiyası üzrə qalib gəlmişdi. Ancaq utancaq və qürürlu Konsuelo radiostansiyaya getməkdən, ona çatası mükafatı almaqdan qorxur. Qorxur ki, buradan onun adını elan edən kimi onu barmaqla göstərəcək və deyəcəklər ki, «aha, baxın bu həmin Konsuelodur, tutun onu, o, öpüşməyi və zorlanmağı çox xoşlayır».

Rəfiqəsi Anetta isə onu rahat buraxmır, hər nə olursa-olsun radiostansiyanın ayırdığı mükafatı almaq üçün Konsuelonu dilə tutur, yalvarır və nəhayət...Nəhayət belə qərara gəlirlər ki, mahnı müəllifi kimi radiostansiyaya Anetta təşrif aparacaq və özünü müəllif kimi qələmə verəcək, pul mükafatını alaraq, geri dönəcək, vəssalam!

Anetta səhərisi günü ləngimədən özünü radiostansiyaya çatdırır və onu dərhal redaktorun — Mariano Kondenin yanına aparırlar. Anetta ilə bir-iki kəlməlik söhbətdən sonra Mariano Konde tam əmin olur ki, Anetta «Besame muço»nun müəllifi deyil. Anetta bilmirdi ki, Mariano yüz ilin bicidi və bu hiyləgəri aldatmaq üçün gərək ondan da bic olasan. Anettanın bu cəhdi bir növ şeytanla qarşı-qarşıya dayanıb, onu aldatmağa çalışmağa bənzər hərəkət idi. Mariano sakit şəkildə Anettadan hər şeyi olduğu kimi danışmağı, yalan söyləməməyi tələb edir və bildirir ki, əks halda polisə müraciət etməli olacaq.
Anetta hər şeyi olduğu kimi Marianoya danışmağa, bir növ rəfiqəsi Konsuelonu «satmağa» məcbur olur. Yarım saatdan sonra isə artıq Mariano Konde şəxsi avtomobilində Konsuelonun yaşadığı evə sarı şütüyürdü...

Budur, o, Konsuelo ilə üz-üzədir və heyrətdən onun gözləri alacalanıb, dili isə söz tutası halda deyil...Handan-hana o, «Siz...sən...bağışlayın, nə deyəcəkdim? Hə...sən...siz...off...Siz yazmısınızmı, „Besame muço“nu? Siz gözəlsiniz...heç bilmirəm nə danışıram...Axı heç vaxt belə olmur...» Yəqin ki, Mariano Kondenin elə ilk baxışdan gözəl Konsueloya vurulduğunu söyləmək lazım gəlmir.

Xəyallar fabriki...

Tezliklə «Besame muço»nun «səsi» Amerikadan gəlməyə başlayır. Burada hamını özünə heyran etməyi sanki məqsəd şəklində qarşısına qoymuş «Besame-muço» 1944-cü ildə ümumamerika dövlətlərinin mahnı hit-parad müsabiqəsində qələbə çalan, I yeri tutan ilk Meksika mahnısı olur. Üç ay sərasər bu mahnı öz birinciliyini qoruyub saxlayır, sonra isə Latın Amerikası dövlətlərini «fəth» etməyə başlayır. Necə deyərlər, burada da «arzusuna» yetəndən sonra Avropa və Asiya ölkələrini «sıradan çıxarmağa» başlayır. İndi az qala bütün dünya «Besame muço»nun idi, hər yerdən, hər küncdən, hər kafedən, hətta adi yeməkxanalardan, gecə klublarından onun bir az qüssəli, pərişan notlarının səsi eşidilirdi...

1946-cı ildə Konsuelo Amerika Birləşmiş Ştatlarına gəlir. Onu buraya dəvət edən Uolt Disney idi və Uolt «Besame muço»nun müşaiyəti ilə onun əsasında oynadığı film çəkmək istəyirdi. Uolt Disney Konsuelonu görən kimi onun gözəlliyinin qarşısında özünü itirən kimi olur və əl-ələ görüşdən sonra «Heyif ki, mən tez doğulmaq kimi axmaq bir hərəkətə yol vermişəm, siz isə sanki bilərəkdən gec doğulmusunuz. Yoxsa sizi heç kimə verməzdim xanım Konsuelo» — deyir. Konsuelo isə buna, dünayda məşhur olan Uolt Disneyin sözlərinə gülümsəməklə münasibət bildirir. U.Disney Konsueloya çəkəcəyi bu filmdə baş rolu təklif edir və bildirir ki, onun tərəf müqabili Qreqori Pek olacaq...

Konsuelo qulaqlarına inanmaq istəmir. İlahi, bu necə ola bilər axı? İllərdir o, Qreqorini gizlicə sevirdi və heç vaxt ağlına belə gətirmirdi ki, haçansa onunla üz-üzə gələ bilər. Yox, bu bir möcüzəydi, bu bir nağılın, əfsanənin gerçəyə dönməsiydi...
Konsuelo özünə yer tapa bilmirdi, axı səhər o, sevdiyi adamla Qreqori Peklə ilk dəfə görüşəcəkdi, əl-ələ tutacaqdılar, biri-biriylə söhbətləşəcəkdilər.
— «Mən onu görəcəyəm… aman allah, axı ona nə deyəcəyəm, hə? Yox, yox, bunu geyməyəcəyəm...yox, bu yox...nə geyinim axı sabah? İlahi, mən onu nəhayət ki, görəcəyəm. Sağ ol, ilahi, allahım sənə minnətdaram buna görə» — pıçıldayaraq Konsuelo qaldığı geniş mehmanxana otaqlarını ayaqdan salmaqdaydı. Onun həyəcanını indi elektrik enerjisinə çevirmək olsaydı bir şəhərin işıqlandırılmasına bəs edərdi...

Səhər onlar görüşürlər… Konsuelo Velaskes Qreqori Pekə heyranlıqla baxır və onun verdiyi suallara yanaqları allana-allana, sıxılaraq «xəsis» cavablar verir. Elə Qreqori Peki də Konsuelonun cazibədar, gözəl siması və nəzəri özünə çəkən mütənasib bədən quruluşu özünə cəlb edə bilmişdi. İndi onun içindən yalnız bir dəli istək boy verib görsənməkdəydi, nə olur-olsun bu gözəl bədən, bu gözəl sima, bu gözəl ispan qızı onun olmalıydı. Qreqori Pek eqoist, özünəvurğun, dəymə-düşər xasiyyətə malik idi və qadınlar üzərində tez və asan şəkildə «qələbə» çalmağa adət etmişdi. Konsuelo Velaskes isə ciddi katolik tərbiyəsi almış bir qız idi və üstəlik həddindən artıq utancaq olması da açıq-aşkar şəkildə sevmək məsələsində ona əməlli-başlı mane olurdu...Nəhayət aradakı pərdə götürülür, onlar biri-birini aşkarda sevən aşiqlər olduqlarını gizlətmirlər…

Qreqori davamlı olaraq görüşərək öpüşməkdən başqa heç nə əldə etmədiyinə görə özünü qınayırdı, hərdən Konsuelonu da acılamaqdan belə çəkinmirdi. Konsuelo isə gələcəkdəki birgə həyatlarının bəri başdan qadağaları pozmaqla başlanmasını istəmirdi…
— Eləmə, Qreqori, burax, mən bakirəyəm! Olmaz, yox, neynirsən Qreqori...İlahi, sən ağlını itirmisən...Konsuelo Qreqorinin qolları arasında çırpınaraq nə edəcəyini bilmirdi...
Qreqori isə boğuq səslə: «Konsuelo, əzizim, sən mənimsən, mənim olacaqsan, mənimsən, eşitdinmi?» — ağlına gələni deyir, Konsuelonu ram etməyə çalışırdı...
Hə, budur, artıq hər ikisi yataqda halsız vəziyyətdə uzanıblar...Konsuelo itirəcəyini itirib, Qreqori isə almaq istədiyini artıq alıb. Konsuelo gözləri yaşla dolmuş halda
— Qreqori, əzizim, biz evlənəcəyik, düzdürmü? Özü də tezliklə, elədirmi?
— Konsuelo, nə olub sənə əzizim? Sən hələ burdasan, hələ filmdə çəkiləcəyik, bu haqda fikirləşməyə hələ xeyli vaxtımız olacaq...
Həmin axşam Konsuelo tam şəkildə anladı ki, Qreqori ilə bundan sonra heç vaxt bir yerdə ola bilməyəcək, sadəcə olaraq bu az ömürülü «birliyin» içində durub ayrılığın haçansa gələcəyini gözləməyə dəyməz.
— Yox, vaxtımız olmayacaq, Qreqori! Vaxtımız yoxdu, vaxtımız bitmək üzrədi, hiss etmirsənmi? — deyərək, Konsuelo ayağa qalxıb geyinəndə isə Qreqori çaşqın halda:
— Konsuelo, nə oldu axı? Mən də səni sevirəm, ancaq...
— Bilirəm, Qreqori...mən gedirəm, otel burdan uzaqda deyil, ötürmək lazım gəlmir, yat, istirahət elə...
— Konsuelo, bir dayan...Axı nə oldu ki...Konsuelo...
Açılıb-örtülən qapının səsi artıq Konsuelonun onu eşitmədiyini, getdiyini bildirirdi və Qreqori indi nə edəcəyini özü də bilmirdi...

İki gündən sonra Konsuelo artıq evə, Meksikaya qayıdırdı. O, təklif olunan baş roldan da, Qreqorinin «vaxt gözləyəsi» sevgisindən də qəti şəkildə imtina etməyi qərara almışdı...Onu orada hamiləri — sevimli dayısı və xalası gözləyirdi...hə, bir də Mariano Konde...ona dəlicəsinə vurulan redaktor...
— Gizlətmirəm, Amerikada keçirdiyim o üç həftə mənim ömrümün ən gözəl və ən bəxtəvər günləri idi. Qreqori mən yola düşməzdən əvvəl xeyli dil tökdü, qalmağım üçün yalvardı, hətta evlənməyi təklif etdi...Ancaq mən başa düşmüşdüm ki, biz ayrı-ayrı dünyaların adamlarıyıq və heç vaxt biri-birinin dilini öyrənə bilməyəcəyik, başa düşməyəcəyik — xanım Konsuelo çox sonralar belə deyəcək...

Ən əsas və baş müqavilə...

Konsuelo evə qayıdır. Hollivudun təklif etdiyi çoxminlik qiyməti olan müqavilələrdən, Qreqori Pekdən də imtina edən Konsuelo ömrünün ən əsas və baş müqaviləsinə imza atmağa hazırlaşır. O, Mariano Kondenin təklif etdiyi ürəyini və əlini qəbul edərək onunla ailə həyatı qurur. Onlar 33 il Mariano ilə birlikdə səadət dolu günlər yaşayır və iki uşaq dünyaya gətirirlər. Konsuelo ərinin ölümündən sonra da ona olan sədaqətini qoruyub saxlayır, evlənmək təklifi edənlərin hamısını ümidsiz şəkildə boş qaytarır...Qreqori ilə aralarında baş verən hadisəni isə xatırlamamağa çalışır, amma deyəsən heç onu da unuda bilmirmiş...

Konsuelo Velaskesa uzun bir ömür yaşamaq qismət imiş və bu ömür boyu o, çoxlu sayda mahnılar, sonatalar, oratoriya və simfonik əsərlər yaratmışdı. Amma dünya musiqi tarixinə isə «Besame muço»nun — ilk sevgi haqqında olan mahnının müəllifi kimi düşə bilmişdi. Bu möcüzəli hit-mahnı ona yetərincə şöhrət və pul qazandıra bilmiş, məhz onun sayəsində Konsuelo dünyanı qarış-qarış gəzə bilmiş, eyni zamanda yaxşı, gen-bolluq içində yaşamasına imkan vermişdi.
Ölümünə bir az qalmış Konsuelo deyir: «Mən „Besame muço“nun köməyi ilə bütün dünyanı görə və öpə bildim. Bu isə çox az adama qismət olur».

«Besame Mucho» az qala XX əsrin ən məşhur mahnısına çevrilə bildi. Bu mahnıyla müğənnilik karyerasına başlayanlar içində kimlər yoxdu ki… «Bitlz» qrupu, Ella Fitscerald, Lui Armstronq, Frenk Sinatra, Elvis Presli...və daha kimlər...

Sonluğu özümüzlə qurtaraq...

1978-ci ildə Konsuelo Velaskes Çaykovski adına Beynəlxalq konkursa Meksika Bəstəkarları İttifaqının rəhbəri kimi dəvət olunur və münsiflər heyətinin əsas üzvlərindən biri kimi orada iştirak edir. Konsertlərin birində aparıcı: — «Kuba xalq mahnısı»nın səsləndiriləcəyini elan edir. Konsuelo öz mahnısının — «Besame muço»nun sovet marşıyla stilizasiya edildiyinin şahidinə çevrilir.
Konsuelo deyir: «Səhnəyə əsgərlərdən ibarət xor dəstəsi çıxdı və qəribə tonda mənim mahnımı oxumağa başladılar. Konsertdən sonra mən, ağsaçları geriyə daranmış, itibaxışlı, sərt sifət cizgiləri olan adama dedim ki, „Besame muço“ Kuba yox, Meksika mahnısıdır. O, xalq mahnısı deyil, onun müəllifi var, həmin müəllif də mənəm». Həmin şəxs nüfuzedici baxışlarla məni xeyli süzdü və sərt hərəkətlə dönüb harayasa getdi. Sonra mənə söylədilər ki, danışdığım adam Suslov imiş və böyük bir qalmaqal yaranıbmış. Hətta SSRİ Mədəniyyət nazirini işdən çıxarmaq istəyiblərmiş. Deyilənə görə, elə Suslovun tapşırığı ilə mənim mahnımı bütün tanınmış sovet müğənnilərinin repertuarından çıxarıblarmış...Yəqin bunu mənə pul ödəməmək üçün ediblər..."
Burada isə Konsuelo səhv edir, onun mahnısını pul üzündən yox, yəqin ki, bir kapitalist ölkəsi bəstəkarının ilk açıq sevgidən yazdığı mahnının sovet adamlarının tərbiyəsini poza biləcəyindən ehtiyatlanıb, mahnısını repertuarlardan siliblər. Axı heç kim ispan dilində səslənən bu mahnıda nədən söz açıldığını bilmirdi… Suslov yəqin dərhal tərcümə elətdirib və görüb ki...Yaxşı, daha sözü uzatmayaq.

Yaxşısı budur, «Besame muço»nu tapın, oxudun və qulaq asın...

Mahnının sözləri

Mahnının orijinal sözləriRus dilində tərcüməsi
Besame, besame mucho,
como si fuera esta noche la ultima vez.
Besame, besame mucho,
que tengo miedo tenerte,
y perderte despues.

Quiero tenerte muy cerca
mirarme en tus ojos
verte junto a mi
Pienso que tal vez manana,
yo ya estare lejos,
muy lejos de ti.

Besame, besame mucho,
como si fuera esta noche la ultima vez.
Besame, besame mucho,
que tengo miedo tenerte,
y perderte despues.
Целуй меня, целуй меня много,
Как если бы эта ночь была последней.
Целуй меня, целуй меня много,
Как я боюсь обладать тобой,
И потерять тебя после этого.

Хочу смотреться в твои глаза,
Чувствовать тебя очень близко,
Очень близко ко мне.
Думаю, что завтра, наверное,
Я уже буду далеко,
Очень далеко от тебя.

Целуй меня, целуй меня много
В эту ночь — как в последний раз,
Целуй меня, целуй меня неоднократно,
Как я боюсь обладать тобой,
И потерять тебя после этого.

«Stupeni» qəzeti, Yuliya Butrimova
Tərcümə və təqdim edəni Alim Məhərrəmli

Top