Müasir Azərbaycan musiqisi

Müasir Azərbaycan musiqisi

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu «Leyli və Məcnun» operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin «Leyli və Məcnun» poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; «O olmasın, bu olsun», 1911; «Arşın mal alan», 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun «Arşın mal alan» musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun «Sevil» operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də «Mahnı» teatrının yaradıcısı və rəhbəri olmuşdur.
Hacıbəyovun digər məşhur operettası «O olmasın bu olsun» 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə «Azərbaycanfilm» kinostudiyasında ekranlaşdırılmışdır.
XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə Azərbaycan Dövlət Konservatoriyası (1921), yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.
20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək «Aşıq Qərib» dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan «Koroğlu»nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov «Koroğlu» operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. «Koroğlu» operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.
20-40-cı illərdə yeni bəstəkarlar nəsli — S.Rüstəmov, Ə. Bədəlbəyli, A.Zeynallı, Niyazi, Q.Qarayev, F.Əmirov, S.Hajıbəyov, J.Hajıyev və b. yaradıjılıq yoluna qədəm qoyur.
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov «Təntənəli marş», M.Maqomayev «Azərbaycan çöllərində», «Azad qadının rəqsi», «Azərbaycan radio marşı RV-8»), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.
1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin «Vətən» (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin «Xosrov və Şirin» (1942) operası, Ü.Hacıbəyovun «Sənsiz» və «Sevgili canan» romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin «Yeddi gözəl» baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. «Yeddi gözəl» ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır.
1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən «Gülşən» (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun «Gözün aydın» (1946), S.Rüstəmovun «Durna» (1947), S.Ələsgərovun «Ulduz» (1948) operettaları bu janrın örnəkləridir.
50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir («Arazın o tayında» 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; «Füzuli» kantatası). «Arazın o tayında» vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun «Məhəbbət əfsanəsi» (1961), F.Əmirovun «Nəsimi haqqında dastan» (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), «Min bir gecə» (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və «Kürd ovşarı», Niyazinin «Rast» simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.
Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın — R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.
Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə «Biz Bakıdanıq» estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə «Qaya» kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi «Sevil» və «Muğam» ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar.
Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.
Bunların sırasında V.Adıgözəlovun «Qarabağ şikəstəsi» və «Qəm karvanı» (1999) oratoriyaları, T.Bakıxanovun «Qarabağ harayı» (2001) simfoniyası, A.Əlizadənin «Ana torpaq» (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin «Haqq səninlədir, Azərbaycan» (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın «Vətən şəhidləri» (1990) kantatası, tar və simli orkestr üçün «Sənin üçün darıxıram, Şuşam» (1999) və b. xüsusi yer tutur.
2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında «Qafqaza səyahət» baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun «Xeyir və şər» (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.
A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun («Güzey Kipr fəsilləri», «Güzey Kipr süitası») və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin («Xütbə, Muğam, Surə», «Babil qiyaməti» 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın («Səma») əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə («Dərviş»), və C.Quliyevin («Karvan») iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin («Zamana səyahət» simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına («Qoy dünyada sülh olsun» oratoriyası) layiq görülmüşdür.
1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada «Ekspo — 2000» Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.
2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş «Xan qızı Natəvan» (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
2006-cı ildə Bakıda dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin təşəbbüsü ilə Şostakoviç Festivalı keçirilmişdir. Festival dahi rus bəstəkarının anadan olmasının 100 illik yubileyinə həsr olunmuşdur. 2007-ci ildə İtaliyada «Vela festival» «Klassik Ariano» festivalında Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və diricor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. 2007-ci ildə Bakıda Vokalçıların Bülbül adına Dördüncü Beynəlxalq Müsabiqəsi keçirilmişdir.

Müəllif:  Şərəfxanov Yadigar (Muzeyşunaslıq-Diyarşünaslıq ixtisası üzrə  əyani şöbənin üçüncü kurs tələbəsi)
Mənbə: Azərbaycan Turizm İnstitutu
“Turizm işinin təşkili və idarə edilməsi” fakultəsi “İctimai fənnlər” kafedrası
“Azərbaycan İncəsənəti” Fənnindən “Müasir dövrdə Azərbaycan İncəsənəti” mövzusunda Referatdan
Bakı – 2010
Top