Hər şair öz məxsusiliyi ilə ədəbiyyatı zənginləşdirir, əksi ilə – yəni alışdığımız ədəbi tərzlərlə ancaq az oxumuş oxucuları, zövqü bərkə-boşa düşməmiş mütaliə həvəskarlarını təəccübləndirmək olar. Koman Şova fərqli deyim tərzi ilə dünyada (ədəbiyyatda) öz mövqeyini qurub və bu ədəbi istehkamda onu qoruyan, heç şübhəsiz ki, dayandığı poetik mövqedir.
Koman Şova əşyalara onların yaşam tarixinin nəzərləri ilə baxır. Məsələn, körpə pöhrələr, fidan «ormanlar” necə daş kimi bərkiyir, sərtlik qazanırlar. O, şeirlərində bir çox məqamda hər şeyə bir „ömür yolu nəzəri” ilə baxmaq marağı var. Və bu məqam onun şeirlərinə özünəməxsus hekayət, fərqli süjet qazandırır. K.Şovada sonu, axırı görmək ehtirası – aqibət sevdası var. “Dünyaya yenidən gəlmək” adlı şeirdə dediklərimin təsdiqinə nəzər salaq:
Ağac yavaş-yavaş qocalır,
amma bir gün
mebel, pəncərə, dirək,
qapı, qaşıq, asılqan olur...
Oyuncaqlarda
dovşan cəldliyini,
ayı yöndəmsizliyini,
tülkü hamarlığını qoruyur.
Körpələrin əlində
yenidən yaşıllaşır ağac,
şirələnir, budaqlanır,
gülür, gizlənir, tapılır.
Oyun da bir azadlıqdır,
yenidən gəlməkdir dünyaya.
Bir çox nəsnə özgə nəsnələr vasitəsi ilə həyat qazanır. Həvva Adəmdən yarandığı kimi. Yəni sənin mövcudluğun bəzən kiminsə varlığına nəzərən var olur. Bu fəlsəfi fikir yuxarıdakı şeirdə öz incə həqiqətini faş edir. K.Şova bu fəlsəfi düşüncə tərzini çox sadə poetik obrazlar sistemi ilə açır. Məsələn, azadlığa oyun vasitəsi ilə çatmaq düşüncəsi, azadlığı hansısa oyunun yaratması deməkdir həm də. Yaxud ağac ondan düzələn oyuncaqlarda ayının yöndəmsizliyini, tülkünün tüklərinin hamarlığını qoruyur, bir sözlə, çox şey bir-biri vasitəsi ilə itmir, qorunur, gələcəyə daşınır. Haqqında danışdığımız şairin şeirlərində dərinlik üzdə deyil, alt qatdadır, onun fikir mütənasibliyinin, poetik ahənginin nəbzini tutmaq üçün məhz poetik şifrələri, gizlinləri çözmək gərəkdir.
Əxlaqi dəyər
İnsanların əxlaqi dəyərə münasibəti orta əsrlərdə demək olar ki, didaktik abu-havada olub. Amma zaman keçdikcə bu tipli münasibət səngiyib, xüsusən XX əsr tamam ayrı formada əxlaqi dəyərləri təlqin edib. Terry Eagletonun „Şeiri necə oxuyaq” kitabında “Şeir və praqmatizm” adlı çox maraqlı bir bölüm var. Orda zaman-zaman şeirə qarşı praqmatik münasibətin artmasını hazırki çılpaq, bədiilikdən bir qədər arınmış şeirin yaranmasına gətirib çıxardığını şərh edir. O, maraqlı bir nümunə ilə göstərir ki, Vilyam Karlos Vilyams adlı bir şair həyat yoldaşına üzrxahlıq məktubu kimi bir şeir yazıb, həmin poetik nümunənin məzmunu bundan ibarətdir ki, səhər yeməyi zamanı özünə saxladığın ərikləri soyuducudan götürüb yemişəm, buz kimi və bərk idi, ləzzət elədi. Şair Kennet Koj da o şeirə parodiya yazıb, həmin mətndə də bağışlanmaq istəyi, üzrxahlıq tonu var. Şeirin məzmunu bundan ibarətdir ki, əziz arvadım, bekarçılıq idi, ona görə sənin bağ evini sökdüm, növbəti on il üçün yığdığın pulları səfilə verdim. Sonra da rəqs edəndə bilərəkdən üstünə yıxılıb ayağını qırdım ki, mən çalışan xəstəxanada müalicə alasan. Hər iki şeirdə qadından üzrxahlıq edilir, peşmanlıq dilə gətirilir və hər iki şeir məktub intonasiyasında yazılıb. Bu şeirlərin əsas qayəsi isə oxucuya görünən yalnız üzrxahlıq və bağışlanmaq məsələsi deyil. Hər iki nümunədə məqsəd odur ki, çox zaman şairlər özlərini ümumi, ortaq əxlaqi dəyərlərin fövqündə hesab edirlər, ancaq reallıq bunu qəbul etmir. Əxlaq insanı praqmatizm çərçivəsinə salır. Birinci şeirdə „yasaq meyvə” məsələsinə də göndərmə var, ancaq şeirdəki mövcud situasiya onu mifoloji gücdən bir qədər məhrum edir, çünki şair meyvəni sərin və bərk kimi göstərməklə həzz almasına işarə verir. Şeirdə əxlaqi münasibət zaman-zaman bu cür fərqli, praqmatik yöndə meydana çıxır. Bu tendensiyanı əksərən müsbət planda Koman Şova yaradıcılığında da görmək mümkündür. Fikrimi “Tənha qadınlar” şeiri ilə əsaslandıracam.
Tənha qadınlar
çantalarında diş fırçası,
şəffaf paltarlarında bitməmiş hekayələrin izi –
dünyanı dolaşırlar...
Tənha qadınlar –
baxışları ilə ürkək addımlarını sayır,
nəğmə deməkdən sərxoş olur,
alçaqdan uçaraq qanadları yorurlar.
Ənlik-girşan içində belə,
bir bəyaz qarın arzusunda olurlar.
Tənha qadınlar –
müasir dünyamızın göz yaşıdırlar.
Limuzinə minərək,
yüzlərlə at gücündə
tənhalıqlarından qaçmağa çalışırlar.
Tənha qadınlar Diana kimi
uzun barmaqları arasındakı siqareti sümürür,
və uyuduqları şəhərdə yuxuda görürlər
yaddaş çıxmış uşaqlıqlarını.
Burda qadına ikili münasibət praqmatik təsvirlərdən də aydın görünür. Tənha olmağın səbəbi həm tənha qadınların həyat tərzi, həm də mövcud reallığın qaçılmazlığı kimi təqdim olunur. Şeirin sonunda deyilən „yaddan çıxmış uşaqlıq” həm də ağrılı, utanclarla dolu, keçmişə boylana bilmədən yaşamağın üzücü mahiyyətini göstərir, eyni zamanda tənha qadınları “dünyanın göz yaşı” adlandırır və bununla da anladır ki, xanımlar bizi arındıran, özümüz olmağa sövq edən müqəddəs varlıqlardır. Koman Şova bu tipli poetik metodlarla – ikili reallıqların təqdimi ilə fərqli yönlərlə şeirdə praqmatizm manevrləri edir.
Öyrənilməz
Andre Marlukun sənət haqqında məşhur bir fikri var: „Yaxşı mənzərə şəkil çəkmək üçün mənzərəyə yox, mənzərə rəsmlərinə baxmaq lazımdır”. Bəzən şeirdə elə məqamlar olur ki, onu kiməsə öyrətmək, həmin incə məqamların sirrinə birə-bir vaqif olmaq çətindir. Yəni təkcə həyatda olduğu kimi deyil, poeziyanın normalarına, yüksək ədəbi zövqün ülgülərinə tən gələn şeiri yaratmaq lazımdır. Əks halda yazılan nümunənin sənətə olduqca az dəxli olur. Bu kontekstdə “Bir ağa ehtiyac” şeirinə nəzər yetirək:
Hər şeyin xislətində nə varsa –
o da baş verir,
və təkrarlanır olanlar
yenə də bir-bir.
Buludların təbiətində – şimşək, yağış,
yollarda – eniş, yoxuş,
gözümüzdə – işıq, yuxu,
sevgimizdə – toy, xəyanət, qorxu.
Mənimsə xislətimdə o qədər şey var…
Nə sahmana sala, nə seçə bilirəm;
nə də „baxın, mən buyam” deyib keçə bilirəm...
Amma hamı necə ağlayırsa,
mən də eləcə ağlayıram,
bir ağa ehtiyac duyan zaman.
Bu şeirdə əsas məsələ nəsnələrin mahiyyətinin özünə uyğun ifadə imkanına malik olmasıdır. Hər şeyin özək, əsas mənasını anlamaq üçün əvvəlcə onun funksiyasını, yaxud missiyasını dərk etmək, yetərincə başa düşmək lazımdır. Məsələ bundan ibarətdir ki, mənanı mövcudluğun özündə yox, funksiyasında tapmaq lazımdır. Yəni, “Günəş niyə var» deyə düşünmə, «Günəşin mövcudluğu dünyaya nə verir» fikrini açmaq lazımdır, o mənaya çatmaq lazımdır. Əks halda, həm mahiyyətdən uzaqlaşacaqsan, həm də var olan hər şey absurd görünəcək sənə. İntihar edən insanların qəlbində əksərində «Nə üçün oldu”, „niyə baş verdi” sualları doğulur, onlar hadisənin özlərinə aid nəticəsi ilə maraqlanırlar, ona görə də baş verənin özlərinə dair olduğunu – sırf onun əleyhinə işlədiyini düşünürlər, ona görə də təklənirlər. Amma baş verən hadisə heç zaman ancaq bir insana aid olmur, hadisənin mahiyyətində insanları bir yerə toplamaq xüsusiyyəti var. Psixoloji cəhətdən güclü insanlar baş verəndən kimin nə itirib, kimin nə qazandığını analiz edir, məğlub durumdadırsa çıxış yolları axtarır, qalibdirsə üstünlüyünü qorumağa çalışır. Ona görə də insanların yaşantılarını analiz edəndə onların missiyasını, əşyaları öyrənəndə onların funksiyasını dərindən anlamaq lazımdır. Koman Şovanın yuxarıdakı şeiri bu mənada xüsusi mahiyyət daşıyır, o, göstərir ki, hər şeyin xislətində nə varsa o da baş verir. Məsələn, yolun mahiyyətində enib-qalxmaq var. Yolun xisləti həm də yolun funksiyasıdır. İncə bir mətləbi dərin fikrə çevirmək, ona həyati, fəlsəfi güc qatmaq Koman Şova şeirinə xas üstünlüklərdəndir.
Deməliyəm ki…
Azərbaycan oxucusuna Koman Şova ədəbi imzası tanış deyil, amma nə yaxşı ki, bu imza da vaxtından, gec-tezliyindən asılı olmayaraq dilimizdə qazandırıldı. Şairlərin bəxti çox zaman kəc olur və ən çox da şansızlıq şeirləri çevrilən dillərdə özünü göstərir. Ancaq Koman Şovanın bu kitabını tərcümə edənlər (Afaq Şıxlı, Azad Yaşar, Günel Şamilqızı və Xanım Aydın) hesab edirəm ki, Koman Şovaya ənənəvi bəxtsizliyi yaşatmadılar. Redaktə, nəşrə hazırlıq prosesində də birgə səy sərf edib dilimizə daha yatımlı, özül mənadan qopmadan belə bir nəşrin ərsəyə gəlməsi üçün əmək sərf etdik. Müəllifin kitabın sonunda müfəssəl biblioqrafiyası verildiyinə görə onun həyat və yaradıcılığına aid məlum faktları öz yazımda qeyd edib oxucunu yormaq istəmədim. Ona görə də yazımda daha çox Koman Şovanın yaradıcı üstünlüklərindən söz açmağa çalışdım. Koman Şova imzasını tanımağıma və rəhbəri olduğum kitab seriyasından şeirlər kitabını çapa hazırlamağıma səbəbkar – yolgöstərən dostum, şair Səlim Babullaoğlu oldu. Səlim bəy və tanınmış rumın-moldovan şairi Nikolay Spetaru olmasaydı, bəlkə də, heç zaman belə bir şairi tanımayacaqdım, ona görə də həmkarlarıma minnətdarlığımı bildirirəm.
Əlinizdə tutduğunuz bu kitab – “Sevginin izi ilə” vasitəsi ilə çoxsaylı gözəl şeirlərlə tanış olacağınızdan əminəm. Zövq aşılayan, dünya görüşünüzə müsbət poetik əlavələr edəcək bu poetik nümunələri həyatınızın ayrı-ayrı məqamlarında xatırlayacaqsınız. Yaddaşınız diri qaldıqca, sizinlə olacaq şeirlərin xoş mütaliəsi arzusu ilə…
Mənbə: artkaspi.az