Gözümü yolda qoyub ali-bəşər, gözləyirəm,
Bilirəm ki, gələcək, şamu-səhər gözləyirəm.
Səhəri gözləsə bir kəs, yuxu getməz gözünə,
Nə deyim mən də yalandan, o təhər gözləyirəm?
O zaman ki, yetişər vəslə tamam aşiqlər,
Xoş olar hali-pərişanım, əgər gözləyirəm.
Gələcək xoş xəbərin hər cümə var gözləyəni,
Cümələr bir yana, mən gündə xəbər gözləyirəm.
Bəşərə lütf qılıb gəlməsə, o rahi-hüda,
Bəşərin halını bundan da betər gözləyirəm.
Ona cürət eləyib gəl, deyə bilmir bu dilim,
Nə qədər gözlə deyirsə, o qədər gözləyirəm.
Nə üçün gözləyirəm ol kəsi, əla bilirəm,
Deməsin kimsə mənə, guya hədər gözləyirəm.
Onu mən gözləyirəm, əmrinə yüz parə olam,
Gəlişindən bu təhər xeyrü-səmər gözləyirəm.
Görürəm, əhli-vəfa eşqdə tufan eləyir,
Deyirəm öz-özümə, mən də məgər gözləyirəm?
Kim özü öz tərəfindən sözünü nəzmə çəkib?
Yenə ecazım üçün lütfi-nəzər gözləyirəm.
Müəllif: Şahin Qurbanov