A dostlar, bir qumral tərlanım uçdu,
Yollarda yolçum var, gözüm yoldadır.
On beş gün ayrılıq, on beş il keçdi,
Öldürdü intizar, gözüm yoldadır.
Hanı mənim arxam, qolum-qanadım,
Hörmətim, izzətim, şöhrətim, adım?
Qardaş bərabəri, gözəl arvadım,
Söyləyin, durnalar, gözüm yoldadır!
Getmişdi on günə, çıxdı on beşə,
Neçin saldı məni belə təşvişə?
Demədimmi saqın, könül bir şüşə,
Gec gələrsən, sınar, gözüm yoldadır.
О ki, verdi sənə həm var-yoxunu,
Qəlbimə sapladın hicran oxunu,
Yastığından aldım gözəl qoxunu
Yastığın gül qoxar, gözüm yoldadır
Ey vəfasız, sənin ürəyin daşdan,
Neyçin söyləmədin, gülüm, bu başdan:
“Yarı az sevirəm qohum -qardaşdan” .
Qohumlu baxtavar, gözüm yoldadır!