Bəli əsəbiyəm!

Bəli əsəbiyəm!

Mənə "əsəbisən" deyən düz deyir
Mənim nöqsanımı demək istəyir.
Söz atdın...
Könlümdə qopdu zəlzələ,
Bilmədim,nə zaman çıxdım özümdən
Toxundun könlümə
üstəlik hələ
Deyirsən, lal olum, qışqırmayım mən?
Dəmir dəmirdi ki, toxunsan əgər
O da cingildəyər, o da səslənər.
Mən ki istəmərəm bir ürək sına
Əsəbiyəm,
Çünki həyəcanım var.
Hardasa bir haqqın tapdanmasına
Mən dözə bilmərəm isti qanım var
Mənə biganədir soyuqqanlılıq
Hər şeyə öz ölçüm, öz tərəzim var
Sənin qərəzinin mənə dəxli yox
Mənim öz görüşüm, öz qərəzim var.
De, necə od tutub alışmayım mən-
Fikirsiz, məsləksiz ölü canlara?
Bəli, əsəbiyəm, heç çəkinmədən
Mənim əqidəmə toxunanlara
Dünyaya gəlmişəm, qanam.
Anladım,
Ürəyim od tutub yanar.
Bəli,əsəbiyəm, çünki insanam,
Mənim nifrətim var, məhəbbətim var.
Quzuya da bəli?
Qurda da bəli?
Deyirsən, olmasın baxışım mənim?
Nöqsanım budursa əgər...
Deməli,
Ancaq naxışımdır yalnışım mənim.


Bəxtiyar Vahabzadə
Top