Layla dedim yatasan, Qızılgülə batasan... -Hardan gəlir bu səs-səda? Bəlkə illər arxasında layla çalır gəlin ana? Dörd qulac ip Bir yüyrüyü bənd eləmiş kəhkəşana. Layla çalır gəlin ana, Yelləndikcə kiçik yüyrük Gedib dəyir bu ulduzdan o ulduza. Layla axır… Çocuq baxır, Bəs nə üçün mürgüləmir? Bayaq ana südü əmib İndi ana ruhu əmir. İllər ötdü yaşa doldum. Anladım ki, ana dilim, Ürəyimdən çıxmaz mənim! Anladım ki, sinəmdəki sözlər deyil, Babaların nəfəsidir. Dizlərimə taqət, qüvvət, Gözlərimə işıq verən, Çənlibeldə at oynadıb, Şimşəklərlə qoşa gedən İgidlərin nərəsidir. Bu dildədir yüz abidə, min abidə, Xilafəti parçalayan Babəkimin qəzəbi də. Məhv olarsa bir gün bu dil, Göygöl onda Göygöl deyil, Qoşqar onda Qoşqar deyil. Öz dilini sən qala bil! Qərbə, Şərqə işıq saçan Füzulini sən qala bil! Sağdır dilim, Demək, sağdır milyard yaşlı məmləkətim. Yüz hədəfə tuş etmişəm Sabirin hər sətrini mən Salxım-salxım nuş etmişəm Şəhdini mən, ətrini mən. Zamandan zamana, əsrdən əsrə Vuruşla yol gələn davalı dilim, Babək qılıncının davamı dilim! Kim qoruya bilməyirsə öz yurdunu- yuvasını, Udmasın yurd havasını. Kim qorumur öz dilini , İtsin mənim gözümdən qoy ilim-ilim! O sahili bu sahillə birləşdirən Polad körpüm, qılıncımdır, Günəşimdir mənim dilim!!!