Oğru olmaq istəyirəm-Nüsrət Kəsəmənli
Qoy polislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandır ki, bir arzum var,
Oğru olmaq istəyirəm!…
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri…
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!…
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır…
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Necə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi necə dövlətlərdən
Məzlumların ah-zarinı,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hami
Tonqal çatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadına sal:
“Oğrudan-oğruya halal…”
Prometey oğurlayib
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!