Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: " Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var. " Natəvan cavabında deyir: " Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir. "
Rəvayətə görə Mir Möhsün Nəvvab( 1821-1918 ) oğurluğu tapmaqda mahir imiş. Bir gün onu sınamaq üçün bir torba qızıl gətirib olduğu evin damında gizlədirlər. Oğrunu tapmaq üçün Nəvvaba müraciət edirlər. Nəvvab şəhərin ən hörmətli şəxslərindən birini çağırıb deyir: " Dəlduzlar qızılı gətirib bizim taxtapuşda gizlədiblər. İndi də mənə sataşırlar?! - Narahat olmayın ağa, sizə sataşmaq yox, sizi sınamaq istəyiblər" - deyə hörmətli şəxs söyləyir.
Özünü istedadlı şair hesab edənlərdən biri Cəlil Məmmədquluzadənin yanına gəlir və yeni yazdığı poema haqqında onun fikrini bilmək istəyir. O, poemanı oxuyur. Dilxor olsa da, poemanı axıra qədər dinləyən Cəlil şairə belə bir sual verir: " Bu poemanı neçə vaxta yazmısan? - Üç günə." Cəlil başını silkələyir:" Gec yazmısan. Üç günə yeddi belə poema yazmaq olar."
Azərbaycanın görkəmli səhnə ustası istedadlı aktyor H.Ərəblinski ilk dəfə səhnəyə 16 yaşında çıxmış və mehtər rolunu oynamışdır. Bir dəfə o, " Nadir şah " tamaşasında oynayırdı. Kimsə zarafatla şaha yazılmış məktub əvəzinə zərfə ağ bir vərəq qoyur və Nadir şaha- Ərəblinskiyə təqdim edir. Böyük sənətkar məktubun mətnini əzbər bilmədiyi üçün bir an susur. Ancaq özünü itirmir. Mirzə Mehdi xan rolunu oynayan aktyora məktubu uzadıb deyir: " Al bu məktubu oxu. " Həmin aktyor pis vəziyyətə düşür, dili dolaşıb deyir: " Qibleyi-aləm, çeşməyim o biri otaqda qalıb- Elə isə tez gedib onu gətir və məktubu oxu "- deyə böyük aktyor yaranmış vəziyyətdən çıxış yolu tapır.