Dəhşətdi-dəhşət

Dəhşətdi-dəhşət

Tarı qucağında qoca tarzənin,

Bir hava çalmaya, dəhşətdi-dəhşət.

Xəstə halsız ola, təbib dərd bilən,

Yaxına gəlməyə, dəhşətdi-dəhşət.

 

Gözün günahından düşəsən qana

Buzdan od alasan, varlığın yana

Dərdin səpələnə Azərbaycana,

Sevgilin bilməyə, dəhşətdi-dəhşət.

 

Yüz ömürdə bircə dəfə yaz ola,

Min kədərdə bir ötəri naz ola

Köhnələ məzarın tanınmaz ola,

İlk eşqin ölməyə, dəhşətdi-dəhşət.

 

Şah olsa da dərdi çoxdu qananın,

Külü çıxmaz, mənim kimi yananın.

Sənin yaşın cığır sala, cananın

Gözləri dolmaya, dəhşətdi-dəhşət.

 

Yaqub, gülü oldu xəzəl bu dünya,

Solacaqdı, axır-əzəl bu dünya.

Gözəllər məskəni, gözəl bu dünya,

Heç kəsə qalmaya, dəhşətdi-dəhşət.


Yaqub Kəlbəcərli.

Top