Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?
Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.
Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.
Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.