Bəzi mənbələrdə çoxevlilik (çoxarvadlılıq) ancaq İslam dininə ibadət edən xalqlara məxsus yaşam tərzi kimi göstərilir. Əslində isə çoxarvadlılıq təkcə müsəlmanlar arasında deyil, digər dinlərə sitayiş edən xalqlarda da mövcud olub. Dini ekspertlərin fikrincə, çoxevlilik həm tarixən, həm də bu gün xalqların həyat tərzinə, iqtisadi vəziyyətinə, imkanlarına, kişi və qadınların statusunun nisbətinə uyğun yaşanan həyat tərzidir.
Qədim Misir, Babil, Yunanıstan, Hindistan və bir çox ölkələrdə çoxarvadlılıq mövcud olub. Buna görə də onu təkcə İslama ibadət edən ərəblərə, farslara, türklərə şamil etmək yanlışdır, xristianların da həyatında bu cür evliliyə rast gəlmək mümkündür. Brahmanizm və Zərdüştilik kimi dinlərdə də çoxevlilik mövcud idi.
Çoxevlilik İslamdan xeyli əvvəl cahiliyyə dövründə ərəblər arasında çox geniş yayılmışdı. Həmin dövrdə kişi istədiyi sayda qadınla evlənə bilərdi. O zaman qəbilə və ailələrin gücü ilk olaraq adamların çoxluğu ilə ölçülürdü. Buna görə çoxevlilikdə işçi sayının çoxalması və qəbilələrarası müharibələrdə həlak olanların yerini doldurmaq məqsədi güdülürdü. Çoxevlilik İslamdan əvvəlki ərəblərdə qüvvət və sərvətin, fəxr və etibarın, bir qadınla evlənmək isə zəiflik və kasıbçılığın simvolu sayılırdı.
Müqəddəs «Quran»da bir qadınla evlənmək tövsiyə olunsa da, İslam dini tarixi şəraiti, insanların vəziyyətini nəzərə alaraq, bəzi hallarda kişilərə dörd qadınla ailə qurmağa da icazə verib. Dinimizin yaradıcıları zinanın qarşısının alınması, müharibələr zamanı həlak olan əsgərlərin ailəsinin başsız qalmaması, ərsiz qadınlara tənə edilməməsi üçün çoxarvadlılığa icazə veriblər.
İslamda çoxarvadlılığın əsas şərti ondan ibarətdir ki, kişi gərək arvadların hamısına hər cəhətdən (həm maddi, həm də mənəvi) eyni cür yanaşsın. Şərq ölkələrində xurafatla məşğul olan bəzi «din adamları» çoxevliliyin məcburi olduğunu bəyan etməyə çalışsalar da, əslində, onu Allahın əmri kimi göstərmək yanlışdır.
Dini ekspertlər yazırlar ki, yəhudilik və xristianlıqda çoxevliliyi qadağan edən heç bir hökm yoxdur. Onların müqəddəs kitablarında da («Tövrat» və «İncil») peyğəmbərlərin bir neçə qadınla evli olduğu xəbər verilir. Yəhudilikdə çoxevlilik orta əsrlərə qədər davam edib. Bu dinin müqəddəs kitablarında çoxevliliyi qadağan edən bir hökmün olmamasına baxmayaraq, XI əsrdə Rabbi Gerşom tərəfindən çox qadınla evlənmək qadağan edilib. Həmin dövrədək yəhudi kişilər çox arvad almağı özlərinin əsas vəzifələrindən biri hesab edirdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, bəzi xristian məzhəblərində çoxevliliyə icazə verilib. Məsələn, XVI əsrdə Almaniyada meydana çıxan anabaptistlər buna misal göstərilir. XIX əsrdə Amerikada qurulan Mormonlar cərəyanı isə çoxevliliyə icazə verməklə kifayətlənməyib, əksinə, bu həyat tərzini «müqəddəs və ilahi nizam» olaraq qəbul ediblər. Amerikada artıq 70 ilə yaxındır ki, Mormonlar Kilsəsi fəaliyyət göstərir. Bu təriqət təsisatı çoxarvadlılığı buyurur. Mormon qadınları ərlərinə tam tabe olmalıdırlar. Mormon kişilər 5-6, hətta 10-12 arvad ala bilirlər. Söhbət 50-100 il bundan öncə baş verənlərdən deyil, müasir dövrdən gedir. Bu gün dünyada Mormon cərəyanını qəbul edənlərin sayının 12 milyondan çox olduğu söylənilir. Onların sərt qanunları var. Vaxtilə Mormon olmuş, lakin sonradan bu cərəyandan imtina etmiş insanların söylədikləri maraq doğurur. Təxminən 5 il bundan əvvələdək Mormon icmasında yaşamış və həmin icmadakı çoxevli kişilərdən birinin arvadı olmuş 35 yaşlı Kerolayn Jessop keçmiş həmfikirlərinin yanından qaçandan sonra dünya ictimaiyyətinə çoxlarının bilmədiyi şeylər danışıb. Onun sözlərinə görə, mormonlar təkcə çoxarvadlı deyil, həm də çoxuşaqlı olurlar. K.Jessopun özü ərinin 6-cı arvadı olub və 8 uşaq anasıdır. Onun ərinin digər arvadlardan daha 54 uşağı var. K.Jessopun atasının isə bir neçə arvaddan 35 uşağı olub.
Müasir Amerika cəmiyyətində qadınlar nəinki 8, heç 4-5 uşaq doğmağı belə ağıllarına gətirmirlər. Amma eyni cəmiyyətdə yaşayan Mormon icmasında bu baş verməkdədir. Mormon cərəyanından imtina etməsini azadlığa qovuşması kimi qiymətləndirən K.Jessop hətta bu haqda «Qaçış» adlı kitab da yazıb. «Bu cərəyanın qadınları dünyaya göz açandan sonra nəfəsi də daxil olmaqla bütün hərəkətlərinə qədər nəzarət altında olurlar. Onların nə geyinəcəkləri, saçlarını necə darayacaqları, gün ərzində nə kimi işlər görəcəkləri, nə vaxt və kimə ərə gedəcəkləri, neçə uşaq doğacaqları, bir sözlə, həyatın hər bir elementi özlərinin ixtiyarında deyil».
Mormonların yaşadığı mühit çox qapalı sayılır. Bu mühitdə yaşayan kişinin arvadları öz hüquqlarını tələb edə bilməzlər. Bəzi məlumatlara görə, sözügedən dini cərəyanın bəzi icmalarında hətta icma rəhbərlərinin icazəsi olmadan qadınlar zarafat etməyə belə cəsarət göstərmirlər. K.Jessop deyib ki, «Qaçış» adlı kitabı yazmaqda məqsədi hazırda Mormon icmasında yaşayan qadınlara yardım göstərməkdir. Qərb dünyasında, həm də müasir dövrdə çoxarvadlılıq birmənalı qarşılanmır. Amerika ictimaiyyəti neçə illərdir mormonlara təpki ilə yanaşır. Bu təpkinin nə vaxtadək davam edəcəyi və dünyanı idarə edən dövlətdə çoxarvadlılığa nə vaxt son qoyulacağı məlum deyil...
Müəllif:Adəm Qorxmaz-modern.az