Jan Jak Russonun pedaqoji ideyaları.
XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1773). O, 1712-ci ildə Cenevrədə anadan olmuşdur. Anası erkən öldüyündən onun tərbiyəsi ilə atası və bibisi məşğul olmuşdur. O, bir müddıt dayısının yanında qalmış, usta yanında sənət öyrənməyə cəhd göstərmişdir. Russo qeyd edirdi ki, o, ata evində cəsarətli, Lamberiyanın yanında azad, dayı evində mehriban idisə, usta yanında cəsarətsiz idi. Beş il (1723-1728) usta köməkçisi olan Russo oradan qaçır, macəralarla dolu həyat yaşamağa başlayır. Lakin buna baxmayaraq, o şəxsi təhsili üzərində inadla işləyir, katolikliyi qəbul edir. Katolik xeyriyyə cəmiyyətinin üzvü gənc xanım Vareninin köməyi ilə ruhani seminariyasına daxil olur, keşiş olmaq istəyir, ancaq bu, baş tutmur. Müxtəlif işlərdə çalışır. Xanım Varenindən musiqini öyrənir, iki opera yazır və nəhayət, ədəbi yaradıcılığa başlayır.
Russo təbii hüquq, təbbi tərbiyə və təbii din nəzəriyyəsini irəli sürmüşdür.
1. Təbii hüquq nəzəriyyəsi. Russoya görə insan azad doğulmuşdur, lakin o, hər yerdə buxovlanmışdır. Russo deyirdi ki, əmək insanlarını, onların uşaqlarını tərbiyə etməyə ehtiyac yoxdur. Onlar onsuz da tərbiyəlidirlər. Dövlətlilərin uşaqlarını tərbiyə etmək lazımdır.
2. Təbii tərbiyə nəzəriyyəsi. Russoya görə, uşağın tərbiyəsi təbiətə uyğun olmalıdır. Uşaq zəif doğulur və o, ağlayır, ona görə ki, özünü azad hiss etmək istəyir. Uşağın ilk səsi ağlamaqdırsa, onun ilk xahişi göz yaşlarıdır. Ona görə də uşaqları sevmək, onların göz yaşlarına hörmət etmək, ilk xahişlərini nəzərə almaq lazımdır. Valideynlər uşağın ilk tərbiyəçiləridir. Ana yoxdursa, uşaq da yoxdur. O, yazırdı: “Ey adamlar, insan olun, bu, sizin birinci vəzifənizdir”.
Russo azad tərbiyə tərəfdarı idi. O, uşağın təbiətəmüvafiq təbii tərbiyəsini irəli sürmüşdür. Bu o deməkdir ki, tərbiyə uşağın təbiətini və yaş xüsusiyyətlərini nəzərə almalıdır. Russo yazırdı: “Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan əvvəl, uşaq olmalıdırlar”. Russo deyirdi ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır. Təbiət vasitəsi ilə tərbiyə insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir. Əşya və hadisələrlə tərbiyə uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir. Məsələn, uşaq əlini oda vurur, əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda vurmur və buradan da təbii olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur.İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən məqsədlə edilən pedaqoji təsirlərdir. Russoya görə, alınan bilik və vərdişlər insanlar tərəfindən verilən tərbiyəyə daxildir. Bu üç təsir eyni istiqamətdə, vəhdətdə həyata keçirilirsə, tərbiyə düzgün gedər, qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Tərbiyədə ən böyük səhv həddindən artöq tələsməkdir. Russo deyirdi ki, onun tərbiyə etdiyi Emil nə hakim, nə əsgər, nə keşiş, nə də həkim olacaq, o hər şeydən əvvəl insan olacaqdır.
J.J.Russo uşağın təsrübəsini həddindən artıq yüksək qiymətləndirirdi. Ona görə də deyirdi ki, uşaq hər şeyi öz təcrübəsi ilə öyrənməlidir. Təbiətin verdiyi tərbiyə bizdən asılı deyildir. Russonun təbii tərbiyə nəzəriyyəsi onu azad tərbiyəyə gətirib çıxarırdı. Russo azadlığı, uşaqları tərbiyə edənlərin özbaşınalığından, mənasız, yersiz və həddindən artıq müdaxiləsindən çəkinmək kimi düşülürdü. O, deyirdi ki, yerimək istəyən zaman uşağı yerində durmağa və ya yerində durmaq istərkən yeriməyə məcbur etmək lazım deyildir. Tərbiyənin vəzifələrinə Russo xoşbəxtliyi, həm də ləyaqəti inkişaf etdirməyi, arzuları məhdudlaşdırmağı, qüvvələri inkişaf etdirməyi daxil edirdi. Belə tərbiyə olunan şəxsiyyət ləyaqətli, xoşbəxt, rəhmdil olmaqla sözün əsl mənasında insan kimi yetişirşJ.J.Russonun fikrincə, xoşbəxtliyə yol arzular bolluğunu məhdudlaşdırmaqdan və qüvvələr nisbətini tam tarazlamaqdan ibarətdir. Russonun fikrincə, kamil tərbiyə olunanın təbiətinə tamamilə cavab verməlidir. Tərbiəy zamanı heç bir zor, təzyiq işlədilməməlidir.
J.J.Russonun təbii hüquq nəzəriyyəsi silkləri rədd etdiyi kimi, təbii din nəzəriyyəsi də insanların, ayrı-ayrı dinlərə bölünməsini inkar edir. O, Allahın varlığını dərk və qəbul edirdi. Əsl din Russoya görə, ürək dinidir. O, deyirdi ki, uşaq dünyanın hikmətli quruluşu haqqında düşünərkən onun yaradıcısı haqqında da düşünəcəkdir. O deyirdi ki, dünyanın əsasında onu idarə edən ali ağıl və ali iradə durur, onların qarşısında bütün adətlər, dualar, qaydalar və ruhaniliyin hamısı yalandır. “Millətin problemlərini həll edə biləcək ən yaxşı qanunları kəşf etmək üşün kamil bil ağıl lazımdır ki, o, insanın bütün istəklərini, həvəslərini, meyllərini görsün, amma bunlar ona heç bir təsir etməsin. Təbiəti kamil şəkildə tanısın, lakin təbiətdən asılı olmasın. Onun səadəti bizimlə bağlı olmasın, amma bizim xoşbəxtliyə çatmağımıza kömək etməyə hazır olsun”. J.J.Russonun axtardığı bu kamil ağıl Allahdır ki, o da bizim xoşbəxtliyə çatmağımız üçün öz məktəbini yaratmışdır. Buradan da Russo təbii din nəzəriyyəsini irəli sürürdü. Tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələbinə müvafiq olaraq Russo insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail olmuşdur. O, “Emil və ya tərbiəy haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir. Russo uşağın yaş dövrlərini aşağıdakı kimi müəyyənləşdirmişdir:
§ Anadan olandan 2 yaşa qədər olan dövr. Bu, fiziki inkişaf mərhələsi adlanır.
§ 2 yaşdan 12 yaşa qədər olan dövr. Bu, əqli yuxu mərhələsidir.
§ 12 yaşdan 15 yaşa qədər olan dövr. Bu, əqlin inkişafı, təlim mərhələsidir.
§ 15 yaşdan 18 yaşadək olan dövr. J.J.Russonun “fırtına və qasırğa” dövrü adlandırdığıbu mərhələ əxlaq tərbiəyəsinin inkişafı ilə səciyyələnir.
J.J.Russonun yaş dövrləri haqqında fikri onun tərbiyədə təbiətəmüvafiqlik baxışına uyğundur. O, uşağın təbii inkişafında bu dövrlərin hər biri üçün əsas ana xətti tapmağa çalışmış və tərbiyə prosesində əsas diqqəti buna istiqamətləndirmişdir. Russo bu dövrlərin hər birini digəri ilə əlaqəli şəkildə şərh etmişdir. J.J.Russo birinci dövrdə əsas diqqəti uşağın fiziki tərbiyəsinə verməyi məsləhət görürdü. Onun fikrincə, bu dövrdə məhz təbiət özü uşağın tərbiyəçisi olmalıdır. Uşağın əzələləri möhkəmləndirilməli, soyuğa, istiyə, çətinliyə, aclığa, yorğunluğa alışdırılmalıdır. Uşağın ilk tərbiyəçıləri olan ata və ana onu vaxtından əvvəl yeriməyə, bütün arzularını həyata keçirməyə imkan verməməlidir. O, uşağın nitqini süni yollarla inkişaf etdirməyin əleyhinə çıxaraq deyirdi ki, uşağın nitqini süni yolla inkişaf etdirmək onun nitqini pozmaq demekdir. Çünki uşaq təsəvvürü olmadığı şeylər haqqında da danışmalı olur. 2 yaşından 12 yaşa kimi olan dövrü hiss üzvlərinin inkişafı kimi səciyyələndirən Russo bu mərhələni “əqlin yuxu” dövrü adlandırır. Russo bu dövrdə fiziki tərbiyəyə üstünlük verir, duyğuları inkişaf etdirməyi lazım bilir. Onun fikrincə, bu dövrdə fiziki tərbiyə uşaq şəxsiyyətinin ən mühüm cəhətlərini inkişaf etdirməkdə mühüm rol oynayır. O, göstərir ki, uşaqbu dövrdə konkret şəkildə düşünsə də, mühakimə edə bilmir. Ona görə də əqli tərbiyədən qabaq uşağın hiss üzvləri inkişaf etdirilməlidir. Bunun üçün də lamisə duyğusunun inkişaf etdirilməsi zəruridir. Russoya görə, toxunmaqla əldə edilən məlumat digər hiss üzvlərinin verdikləri məlumatdan daha dəqiq və düzgündür. Lamisə orqanlarının köməyi ilə biz şeylərin temperaturunu, formasını, onun bərk və boş olmasını yoxlayırıq. Russonun fikrincə, görmə bütün başqa üzvlərin içərisində aldadıcıdır. Ona görə də görmə ilə alınan məlumatı toxunmaqla yoxlamaq lazımdır. Görmə üzvlərini inkişaf etdirmək üçün Russo, haqlı olaraq, naturadan şəkil çəkməyi, rəsmxəti və bəzi hərəki oyunları, eşitmə üzvlərinin inkişafı üçün isə musiqi və nəğməni məsləhət görürdü. Russo dad və başqa duyğu üzvlərinin inkişafına da diqqət yetirməyi vacib sayırdı. Russoya görə, “bizim ilkfəlsəfə müəllimimiz ayaqlarımız, əllərimiz və gözlərimizdir”.Russo bu dövrdə əxlaq tərbiyəsindən danişarkən nümunəyə böyük diqqət yetirirdi. O, deyirdi ki, uşağa heç bir töhmət vermək lazım deyil, səhv iş gördüyünü təbii yolla ona başa salmaq lazımdır. Emil mebeli sındırır, lakin o, ona yenisini verməyə tələsmir.bununla uşağa hiss etdirmək istəyir ki, mebel sındırdığı üçün ondan məhrum olmuşdur. Azad tərbiyə nəzəriyyəsi Russonun adı ilə bağlıdır.
Russo didaktik prinsiplərə də xüsusi diqqət yetirirdi. O, didaktik prinsiplərdən danışarkən uşağın müstəqilliyinə, müşahidə bacarığına, ağlının iti olmasına, araşdırma qabiliyyətinə və s. böyük yer verir və onların inkişaf etdirilməsini irəli sürüdü. Russo əyanilikdən danışarkən qeyd edirdi ki, şəkilləri, modelləri, rəsmləri göstərmək hələ əyanilik demək deyildir. Əsl əyanilik faktları, təbiəti və həyatın özünü göstərməkdir. Russo təlim metodlarından danışarkən müəllimin şagirdlərlə əyani materiallar üzərində müsahibə aparmasına böyük əhəmiyyət verirdi. O, öz dövründəki köhnə təlim sisteminə qarşı uşağın şəxsi yaradıcılığını artıran yeni təlim metodlarını irəli sürürdü. Russo uşağın bilik almasında onun müstəqilliyinə həddən artıq yer ayırırdı. O, deyirdi: “Qoy Emil əzbərləməsin, əksinə, fikirləşərək tapsın”. Buna görə də hər şeyi həyatdan öyrənməyi lazım bilirdi. Bu dövrdə Russo əmək tərbiyəsinə böyük yer verirdi. Russoya görə əmək insanı azad, xoşbəxt və heç kəsdən asılı olmayan vətəndaş edir. O, əmək tərbiyəsini yalnız istehsal əməyi kimi deyil, eyni zamanda təhsil əməyi kimi qiymətləndirirdi. Russo deyirdi: “Emil kəndli kimi işləməli, filosof kimi düşünməlidir”. Russonun fikrincə, sənət seçərkən aşağıdakı cəhətlərə diqqət yetirmək lazımdır:
§ sənət əyləncə üçün seşilməməli;
§ sənət tərbiyə olunanın cinsinə uyğun olmalı;
§ sənət zərərli yox, xeyirli olmalıdır;
§ sənət mexaniki olaraq icra edilməməli, əqli iş tələb etməlidir.
Russonun əmək tərbiyəsi haqqındakı fikirləri o dövr üçün mütərəqqi pedaqoji ideyalar idi. Russo əxlaq tərbiyəsinin məzmununu izah edərkən onun qarşısında 3 vəzifə qoyurdu:
§ xeyirxah hisslərin tərbiyəsi başqa sözlə, qəlbin (ürəyin) tərbiyəsi;
§ xeyirxah mühakimələr tərbiyəsi;
§ xeyirxah iradə tərbiyəsi.
Russoya görə yaxşı hisslər tərbiyə etmək-yaxşı ürək tərbiyə etmək deməkdir. Emil əxlaqi mühakimələr əvəzinə yaxşı nümunələr görməlidir. Böyük şəxsiyyətin tərcümeyi-halını, tarix və ədəbiyyatı öyrənmək Emildə yaxşı mühakimə tərbiyə edə bilər. Emilin 15-25 yaşlar arasındakıhəyatı bədii ədəbiyyatı və tarixi öyrənməklə, dülgərlik sənətinə yiyələnməklə, digər şəhər və ölkələrə səyahət etməklə, kəndlilərə yardım göstərməklə, gəlin seçmək və s. ilə keçir. Russoya görə Emilin inkişafının bu dövrdə bütün iş, əxlaq tərbiyəsinin vəzifələrinə uyğun olmalıdır. Russonun yaradıcılığında qadın tərbiyəsi mühüm yer tutur. Onun fikrincə, qadının əqli qabiliyyəti kişilərinkindən aşağıdır, müstəqil mühakiməsi yoxdur, o həmişə başqalarının əmrlərinə kor-koranə tabe olur, itaət edir. Russoya görə, qadının vəzifəsi uşaq saxlamaq, ev təsərrüfatı ilə məşğul olmaq, kişinin zövqünü oxşamaqdan ibarət olmalıdır. Qadının kişi ilə bərabər təhsil almaq hüququ yoxdur. Onun əqlini deyil, hisslərini inkişaf etdirən məşğələlər lazımdır. J.J.Russonun əxlaqi-mənəvi dəyərlərlə bağlı fikirlərindən bəzilərini olduğu kimi verək:
1. Həddindən artıq sevinc çox vaxt gülüş deyil, göz yaşları doğurur.
2. Ədalətsizliyi görüb susmaq bu ədalətsizlikdə iştirak etmək deməkdir.
3. İlk manatı qazanmaq min manatı qazanmaqdan çətindir.
4. Qənaət etmək işləmək qədər əhəmiyyətlidir.
5. Səbr özü acı, meyvəsi şirindir.
6. İnsan nə qədər az bilirsə, bir o qədər çox bildiyini düşünür.
7. Yoldan çıxmağın min yolu, həqiqətin isə bir yolu vardır.
8. Saxta adamların dostluğu düşmənçiliklərindən daha təhlükəlidir.
9. Az bilən çox, çox bilən az danışar.
10. Tarlanı əkmədən biçə bilmədiyin kimi, fikirləşmədən də danışa bilməzsən.
11. Yaxşı ər kar, yaxşı arvad kor olmalıdır.
12. Əgər siz uşaqlıqda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz.
13. Möcüzələr yalnız uşaqlıqla baş verir.
14. İnsanın bütün mənəviyyatı onun niyyət və əməllərindən irəli gəlir və onlarla ölçülür.
15. Hətta düşmən də sənin xeyirxahlığın qarşısında acizdir.
16. Şöhrət xalqın xəstə nəfəsidir.
17. Nadir hallarda söz verən sözünün üstündə möhkəm durur.
Russonun pedaqoji ideyaları sağlığında ikən Avropaya, o cümlədən Rusiyaya yayılmıs, ona şöhrət qazandırmışdır. Rus pedaqoji fikrinin görkəmli nümayəndələri N.İ.Novikov, A.N.Radişşev, N.M.Karamzin, V.Q.Belinski, L.N.Tolstoy, N.Q.Çernışevski, A.İ.Gertsen və b. Onun pedaqoji praktikaya ciddi təsir edən ideyalarını təqdir etmiş, yüksək qiymətləndirmişlər. XIX əsrin axırlarından başlayaraq Qori Müəllimlər Seminariyasının məzunları-N.Nərimanov, F.Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, Ü.Hacıbəyov və b. onun əsərlərini rus dilində mütaliə etmiş, həmişəyaşar pedaqoji ideyalarının məğzini, praktik və elmi əhəmiyyətini öz əsərlərində yüksək qiymətləndirmişlər. XX əsrin 20-ci illərindən Azərbaycanın pedaqoq alimləri J.J.Russonun pedaqoji ideyalarını tədqiq və təbliğ etməklə ciddi məşğul olmuşlar. Ayrı-ayrı vaxtlarda S.Xəlilovun, Ə.Həsənovun, Ə.Tağıyevin, Ə.Seyidovun, Y.Talıbovun J.J.Russonun pedaqoji ideyalarının araşdırılması ilə bağlı ciddi elmi əsərləri və dərs vəsaitləri nəşr olunmuşdur.