Birinci rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış din adamı idi.
Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi. Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını deyəcəkdi. Hələliksə həyatı haqda.
Evin əndərun hissəsində qadınlar xalı-xalçaları, paltar və parçaları, zinət şeylərini yerbəyer edir, bu yanda isə Bəhaəddin Vələd kitabları qablaşdırırdı. Tumac, dəri, parça üzlü bu kitabların üzü elə Bəlxin özündə köçürülmüşdü. Bunların içində Mütənəbbinin, Sənainin, Əttarın divanları, Qəzali və Xarəzmi kimi ilahiyyatçıların traktatları vardı. Bəhaəddin Vələd Xarəzmdə Nəcməddin Kübranın müridi olub, sonra özü şeyxlik mərtəbəsinə yüksəlmişdi. Bu gün Allahdan başqa heç kimin qarşısında əyilməyən «Alimlər Sultanı» dizini qatlayıb yüzlərlə fərsəx uzaqda olan şeyxi ilə vidalaşırdı. Bir qədər sonra isə onun cümə məscidindən ucalan qəzəbli səsi bütün şəhəri lərzəyə salacaqdı:
— Ey Vəhşin qazısı, ey başda Fəxrəddin Razi olmaqla bütün mürtədlər, ey Xarəzmşah Məhəmməd! Bilin və agah olun! Fani dünyanın zülməti sizi kor edib, özünə vurğunluq sizdə laqeydlik və süstlük yaradıb. Ağıl və idrak sizdən aralanıb. Başçılarında təkəbbür olan məmləkəti isə şeytan idarə edir. Mən gedirəm, məndən sonra çəyirtgə kimi gələn monqol qoşunu bu məmləkətin daşını daş üstə qoymayacaq. Bu, Allahın cəzasıdı. Məşhur hədisdə deyilir: «Mən onları öz qəzəb və hirsimdən yaratdım» Xorasan qan gölündə üzəcək, şah özü isə qaçıb qürbətdə xəbər-ətərsiz öləcək».
Xarəzmşah Məhəmməd sufilər arasında gözdən düşmüşdü. Böyük sufi şeyxi Məcdəddin ona təsir eləmək üçün anası Türkan xatundan istifadə eləmək qərarına gəlmişdi. Və hər şey yaxşı alınırdı. Sonradan ruhanilər guya şeyxin Məhəmmədin anasına eşq elan eləməsi haqda rəy yaradıb onun edam olunmasına nail oldular. O biri tərəfdən isə Xarəzmşah bütün xilafətin sahibi olmaq fikrinə düşmüş və hətta Bağdada onun adına xütbə oxunması haqda tələb də göndərmişdi. Bu tələbə çox sərt rədd cavabı göndərildi. Xarəzmşahın qoşunları isə Bağdada çatmamış qara-çovğuna düşüb məhv oldu. Onlarla minlik qoşundan yüzə qədər adam salamat qaldı. Bu da bir yandan onun nüfuzunu daha da laxlatdı. Azad sənətkarların — əxilərin gözündən düşən bir hökmdarın aqibəti elə belə də olmalı idi.
Ata bu sözləri deyəndə onun 12 yaşlı oğlu Cəlaləddin damın üstündə əlləri fərəcəsinin (uzun qollu kişi üst geyimi) cibində axırıncı dəfə doğma şəhərə baxırdı. Àyrılığın acısını o, hələ sonra duyacaqdı. Qarşıda Nuşapur idi. Tale onları burada böyük alim Fəriddədin Əttarla görüşdürdü. Bəhaəddin Vələdi yaxşı tanıyan böyük şeyx qısa söhbətdən sonra Cəlaləddin haqqında böyük uzaqgörənliklə: «Bu oğlan bütün insanların qəlbində Allah qarşısında heyranlıq məşəli yandıracaq» – deyib özünün «Əsrarnamə»sini ona bağışlamışdı. Bir müddət sonra Çingiz xanın qoşunları Bəlxi yerlə yeksan etdilər. Xarəzmşah şərəfsizcəsinə qaçdı və ömrünü Xəzərdəki adalardan birində tənhalıqda başa vurdu. Fəriddədin Əttarsa monqollara əsir düşdü. Onu əsir alan bir monqol yüz gümüş sikkəyə satmaq istəyəndə böyük şeyx: «Bu, mənim qiymətim deyil» demişdi. Sonra bir alıcı «qula» bir tay saman qiymət qoyanda Fəriddədin: «Bax, bu layiqli qiymətdi» söyləmiş, qəzəblənən monqol onu qılıncla doğramışdı. Bu vaxt dünya şöhrətli filosofun yüz yaşı vardı. Sonralar Əttar fəlsəfəsi yaxından tanış olan Cəlaləddin onun haqqında belə demişdi: «Əttar məhəbbətin (ilahi eşq nəzərə tutulur) yeddi şəhərini gəzib, bizsə bircə küçəsini dolaşmışıq».
Nişapurdan çox dayanmayıb Bağdada yol alan qafiləni şəhərin həndəvərində keşikçi dəstəsi saxladı. «Kimsiniz və hara gedirsiniz?» sualına Bəhaəddin Vələd özünəməxsus təmkinlə cavab verdi: «Allahdan gəlib Allaha doğru gedirik». Bu qəribə yolçunun ərəbcə çox aydın dediyi bu qeyri-adi sözlər keşikçi başçısını şok vəziyyətinə saldı. Nə onları saxlaya, nə də buraxa bilirdi. Təcili Bağdadın şeyxlər şeyxi Sührəvərdiyə çapar göndərdilər. Xorasandan Gələn karvandakı kişinin hamının təəccübünə səbəb olan sözlərini eşidən Sührəvərdi: «Bu, yalnız Bəhaəddin Vələd ola bilər» – deyib özü onları qarşılamağa çıxmışdı.
Bağdadda bir müddət qalandan sonra Konyaya gəldilər. İlk savadını atasından alan Cəlaləddin burada Seyid Bürhanəddinin müridi oldu. Seyid Bürhanəddin Cəlaləddinin atasını axtara-axtara gəlib bu yerlərə çıxmışdı. Artıq Bəhaəddin Vələd həyatda yox idi və Seyid onun oğluna mürşidlik etməli oldu. Cəlaləddin bütün günü ağır işlər görməli idi. Axşamlar isə iki dəfə yuyunub xoruz banına qədər atasının «Maarif» kitabını oxuyurdu. Mürşidi bu kitabı yüz bir dəfə oxumağı məsləhət görmüşdü. Birinci mərhələ qurtarandan sonra daha ağır bir iş tapşırıldı. O, iki müridlə birlikdə bütün günü sufi təkyəsi üçün sədəqə toplamalı idi. Sufi nəzəriyyəsinə görə kamilliyə gedən yolda mürid mütləq özünün «hökmfərma mən»ini öldürməlidir. Bu tələb – dilənmək də onunla bağlı idi. O, hər gün başqalarının qarşısında alçalmalı idi. Ən çətini isə ilahiyyatçı, üləma və fəqihlərdən dilənmək idi: çoxları onun «Üləmalar Sultanı»nın oğlu olduğunu bilirdi. Gecələr uzun müddət ayıq qalmaq, bədənə verilən məhrumiyyətlər ona adamların fikrini, xarakterini bircə baxışına, sözünə, güclə seziləcək hərəkətinə görə qiymətləndirmək imkanı verirdi. Öz ehtiraslarının əlində əsir olan bu adamlar mancanaq kimi bir şeydilər. Müəyyən təsir həmişə adekvat reaksiya doğurur: düşünmədən daş qoyur və atırlar. Yeməkxanalardakı sırtıq və sürtülmüş avara həmişəordalar tasa xırda pulu itə sümük atan kimi atırdılar. Varlı, dəbdəbəli evlərdə isə sədəqəni günahlarını yumaq üçün verirdilər. Karvansara və ticarət yerlərində hər şey qaydasınca hesabalnmiş şəkildə olurdu. Qazancın onda biri şəriətlə nəzərdə tutulduğu kimi sədəqə verilirdi. Əyanların özləri isə bir başqa cür idi. Əyan nə qədər varlı və yüksək mənsəbli olardısa, qulluqçular o qədər təkəbbürlü olurdu. Xacələr öz hökmdarının kişilik atributlarından fəxarət duyduğu kimi onlar da ağalarının verdiyi sədəqədən qürur duyurdular. Bir yaz və bir yaya Cəlaləddin şəhəri bütün əvvəlki illərdəkindən daha yaxşı tanıdı..
Aclıq imtahanı xeyli mürəkkəb idi. Aylarla davam edən çətinlikləri yola vermək üçün şeyxin məsləhəti ilə qarnına daş bağlayırdı.
Təlimin yeni mərhələsində Seyidin rəhbərliyi ilə Cəlaləddin saatlarla Quranın bu və ya başqa surəsini ən narahat vəziyyətlərdə oxumalı idi. Gah qıçlarını qarnına doğru yığar, gah ayaqlarının birini uzadıb, o birini altına qatlayırdı. Surəni o vaxta qədər təkrar etmək lazım idi ki, ayələrin oxunuşundan yaranan melodiyalar obraz və görüntülər gətirsin.
Min bir günlük müddət başa çatmaq üzrə idi. Sonda qırx günlüyə qaranlıq otaqda qalmalı idi. Arada cəmi iki dəfə mürşid ona tərəf çevrilib baxmadan boş su qabını götürüb dəyişdi. Qırxıncı gün qapını açdılar və şeyx ona yaxınlaşdı. Cəlaləddin onun fikrini oxumalı idi. Onun dodaqlarında qəmli bir təbəssüm yarandı və yavaş səslə:Dünyada kənarda olan heç nə yoxdur, Nə axtarsan, hər şeyi özündə taparsan – deyə pıçıldadı. Şeyxin fikrini oxuyan mürid daha mürid hesab olunmurdu. Seyid Bürhanəddin onu bağrına basdı. Həmin gün Cəlaləddinin başına çalma bağlayıb, uzun tərəfini sağ çiyninin üstünə atdılar.
«İki dənizin qovuşduğu yer»
Günlərin birində Konyada iki nəfər üz-üzə gəldi. Bu görüş, bu təsadüf Cəlaləddinin yenidən dünyaya gəlməsinə bərabər idi. Onun həyatının ən mənalı anları bu görüşdən sonra başladı. Bu yeri camaat sonralar Mərəc əl-Bəhreyn – iki dənizin qovuşduğu yer adlandırırdı. Gözlərini Cəlaləddindən çəkməyən yolçu:
-Ey söz sərrafı, de görüm kimin məqamı daha ucadı, Məhəmməd peyğəmbərin, yoxsa Bəyazid Bistaminin? – deyə soruşdu.
Qeyd. Bəyazid Bistami 9-cu əsrdə yaşamış məşhur zahid, sufizmin sütunlarından biridir. Sufilər arasında ilk dəfə şəxsi məni sevimli mənin içində əritmək fikrini irəli sürüb. Bistami: «Mən özüm özümü atmışam, ilan qabığını atan kimi. Öz mahiyyətimə baxdım və O oldum» yazırdı. Bu vəziyyət sonralar fəna adlandırılırdı. Sufilər arasında Bəyazid Bistami «Ariflər Sultanı» ləqəbi almışdı.
Cəlaləddin:
-Nə sualdır, əlbəttə, Məhəmməd peyğəmbərin – cavabını verdi.
Cavab məlum idi və əsas sual bundan sonra verilməli idi:
-Bəs Məhəmməd peyğəmbər «mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə edirəm» deyir, Bəyazid Bistamisə «mən hər cür günahlardan xaliyəm, məndə Allahdan başqa heç kim yoxdur» — deyir?
-Məhəmməd hər gün yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib – deyə Cəlaləddin cavab veridi.
Bu cavab Şəms Təbrizi ilə Cəlaləddini bir-birinə bağladı. Bir neçə aya Cəlaləddin tamamilə yeni bir insana çevrilidi.
Təbrizdən olan «İnam Günəşi» Cəlaləddinin ilham mənbəyi və müəlliminə çevrildi. Müəlliminin Şəms – «günəş» adına muvafiq olaraq Cəlaləddin «Rumi» təxəllüsü götürdü. «Rumi» sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli və altı rəqəmlərinin hərfi işarələrindən isə «nur» sözü düzəlir. Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə peyda olduğu kimi, birdən- birə də yoxa çıxdı. Amma onun təsiri bütün ömrü boyu Rumini izlədi. «Məsnəvi», qırx dörd min misralıq Böyük Divan, dörd min misralıq rübailər kitabı və «Fihi ma fih» (Onda olan Ondadır) kimi fəlsəfi traktatlarda Şəmsin Nuru aydın seçilir.
Onu ölümü bütün dinlərin, xalqların nümayəndələrini eyni dərəcədə sarsıtdı. Dəfnində hafizlər Quran, ravvinlər Tövrat, pravoslavlar Zəbur oxuyur, müridlər dövrə vurub rəqs edirdilər. Ortodoksallar qeyri-müsəlmanları dəfn izdihamından ayırmaq istəyəndə pravoslav keşişi belə demişdi: «O, həqiqət günəşi kimi fərq qoymadan bütün dünyanı nuruna boyamışdı. Bəyəm özü demirdi ki, məndən yetmiş iki millət dünyanın sirlərini öyrənəcək?»
Ölümü və yası qəbul eləmirdi Mövlana: «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atılırlar. Mənim alnımda ölümsüzlük möhürü var» – yazırdı. Vəsiyyət də eləmişdi:
Mən öləndə əlləri qoynunda.
Ayrılıq haqda dil deyib ağlamayın,
O gün ayrılıq yox, vüsal günüdür.
Günəş batırsa, demək bir də doğacaq,
Toxum torpağa düşdümü, cücərəcək.
Sevgidə günəş kimi ol,
Dostluq və qardaşlıqda axar su kimi ol,
Qüsurları örtməkdə gecə kimi ol,
Təvazödə torpaq kimi ol,
Acıqlanmaqda ölü kimi ol,
Hər nə olursan ol, ya olduğun kimi görün,
ya göründüyün kimi ol!
***
Gəl-gəl, yenə gəl! Nə olursan ol, yenə də gəl.
İstər xristian, istər məcusi, istər bütpərəst ol.
Bizim dərgahımız ümidsizlik dərgahı deyil.
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl.
***
Nə qədər insan gördüm ki, əynində paltarı yoxdur,
nə qədər paltar gördüm ki, içində insan yoxdur.
Quzğun bağda quzğuncasına qışqırır.
Amma quzğun qışqırır deyə bülbül gözəlim səsini heç kəsərmi?
***
İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi?
Görmürsən dyə bu dünya yoxdurmu?
Kitabdan məqsəd içindəki fəndir, amma istəsən, onu yastıq da edə bilərsən.
***
Kəbəyə gedən nə qədər çoxlu yol var.
Əgər yollara baxsaq, ayrılıq, fərqlilik çoxdur.
Halbuki qayəyə, məqsədə baxsaq, varılacaq yer birdir.
***
İnsan böyük bir şeydir və içində hər şey yazılıdır.
Fəqət qaranlıqlar və pərdələr qoymaz ki, içindəkiləri oxusun.
Mənbə: Bizim Yol qəzeti Cəlaləddin Ruminin Məsnəvisi-1
A
Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə.
Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü.
Allaha yaxınlıq nə yuxarı çıxmaq, nə də aşağı enməkdir. Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.
Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?
Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.
Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur.
B
Başqalarının hər zaman əfv edin, amma özünüzü əsla əfv etməyin.
Bəzən bitmək bilməyən dərdlər yağış olur üstünə yağır. Amma unutma ki, rəngarəng göy qurşağı da yağışdan sonra çıxır.
Bəzən öz səsini eşidə bilməyin üçün susmağın lazımdır.
Bildiyin nə qədər çox olur olsun, qarşındakının anlaya biləcəyi qədər anlada bilərsənilərsən.
Bil ki, günəşə baxmağa cəsarəti olmayan, kölgədə qalmağa, kölgəni işıq sanmağa məhkumdur...
Bir çətinliyin olduğu zaman Rəbbinə dönüb, «Mənim böyük bir çətinliyim var» demə. Çətinliyinə dönüb, «Mənim böyük bir Rəbbim var» de!
Bir adamın bir çox bacarıq, fən, məlumat sahibi olduğuna baxma! Verdiyi sözdə dayanırmı? Vəfası varmı? Əsl ona bax!
Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü.
Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər.
Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan.
Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
Bizi bilən bilir, bilməyən də özü kimi bilir.
Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
C
Cahil birinin yanında kitab kimi səssiz ol.
Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
Ç
Çıxacağım yerə səbri nərdivan edirəm.
D
Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar...
Dərdli adamın qərarsızlıqlarla — tüstülərlə dolu bir könül evi vardır; dərdini dinlərsənsə o evə bir pəncərə açmış olarsan.
Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir.
Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
E
Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər.
Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş, Allahdan qorxmamısan.
Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.
Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
G
Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər.
Gözəllik baxdığın şeydə deyil, baxışda olmalı. Üz, gözün gördüyü deyil, könül gözüylə gördüyündür gözəl olan.
Gözyaşının belə vəzifəsi varıymış… Ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.
Günün adamı olmağa çalışma, həqiqətin adamı olmağa çalış. Çünki gün dəyişər, həqiqət dəyişməz.
H
Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.
Hər kəs eyni fikirdədirsə, heç kim kifayət qədər düşünmür deməkdir.
Hər hansı bir insan vaxtını necə keçirəcəyini, üstün bir insan isə vaxtına necə qənaət edəcəyini düşünər.
Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq.
X
Xoş o şəxsin halına ki, gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.
İ
İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
İki şeyi unut; etdiyin yaxşılığı və sənə edilən pisliyi. İki şeyi unutma; Allahı və ölümü.
İnsan gözdür, görüşdür, qalanı isə ətdir. İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.
İnsanlar günahları ilə öyünüb savablarıyla lağ edirlərsə, şeytan ürəklərində təvaf edir deməkdir.
Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?
K
Korlar bazarında ayna satma, karlar bazarında qəzəl atma.
Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: Kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
Külək atəş üçün necədirsə, ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.
Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtarın...
Q
Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində mirvari vardır.
Qula bəla gəlməz haqq yazmayınca
Haqq bəla yazmaz qul almayınca,
Haqq quldan intiqamı qul ilə alar
Dini irfan bilməyən bunu qul etdi sanar.
Quru duanı burax, ağac istəyən toxum əkər.
M
Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil.
Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
Məni bir mən bilirəm, bir də yaradan. Mənə bir mən lazımam, bir də anlayan.
Məğlub olacağından qorxan, daim məğlub olar.
Məsləhət verəcək insana yox, nümunə olacaq insana ehtiyac var.
N
Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.
Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çox mu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?!
Nə qədər insan gördüm ki, əynində libası yox,
Nə qədər libas gördüm ki, içində insan yox...
P
Pulunu ver, könülünü ver, canını ver… Amma sirrini vermə! Günlərini say, qazancını say, böyüklərini say, amma yerində sayma!
R
Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.
Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
S
Sanmasınlar yıxıldıq, sanmasınlar çökdük, bir başqa bahar üçün yalnız yarpaq tökdük.
Sev səni sevəni dağda çoban olsa da, sevmə səni sevməyəni misirdə sultan olsa da!
Sevənlə seviləni ayrı varlıqlar sanırdım.
Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.
Sən bir şeylər verdikcə dost görünən çox olar. Bir də sən istə gör, hamısı birdən yox olar!
Sən uzatdığın əlini tutmayan ələmi inciksən? Tutmayacaq bir ələ uzatdığın üçün özünəmi hirslisən?
Sən yerdə olanlara mərhəmət et ki,göydə olanlar da sənə mərhəmət etsin.Səndən aşağıda olanın halına acı ki,səndən üstün olan da sənə acısın.
Səsini deyil, sözünü yüksəlt! Yağışlardır yarpaqları böyüdən, göy gurultuları deyil.
Süddən çıxanda bütün qaşıqlar axdır. Əhəmiyyətli olan, içindən çıxdığın südü ax buraxmaqdır.
T
Təklik Allaha məxsus, hər canlı bir yoldaş axtarar, Daşın ürəyi yox, amma onu belə yosun sarar.
Təkliyin ən pisi, anlamayanların arasında qalmaqdır.
U
Unutma ki; insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
Ürəyimi və ruhumu verməmin bir faydası yox, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?
Y
Yaşamaq müqavimət göstərməkdir. Sevmək güvənməkdir. Bunu unutma, insan çox vaxt dünyanın hakimi, bəzən də kiçik bir ürəyin əsiridir.
Ya olduğun kimi görün,ya da göründüyün kimi ol.
Yüz adamın içində aşiq, göydə ulduzlar arasında parıldayan ay kimi müəyyən olar.
Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı