Aləmlərə Rəhmət Həzrət Məhəmməd

Aləmlərə Rəhmət Həzrət Məhəmməd

Allah Təala ən sevimli bəndəsi və Rəsulu olan Peyğəmbərimiz r haqqında: “Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.” (əl-Ənbiya, 107) buyurur. Həqiqətən Onun bütün aləmləri əhatə edən «rəhmət» xüsusiyyətini kamil mənada idrak və ifadə edə bilmək bəşər övladının gücünün çatmayacağı bir şeydir.
Çünki Rəsulullah r ilahi rəhmətin müstəsna bir bolluq və bərəkət mənbəyi olaraq insanlığa hədiyyə edildi. O, insanlığın qurtuluşu üçün sanki çırpınış halında idi. Daşlanmağı gözə alaraq Taifə getdi. Çünki bütün insanlığı özünə zimmətli, özünü də bütün insanlıqdan məsul gördü. Ümmətinin dərdləriylə dərdləndi. Məzlumlara təsəlli olan müşfiq bir sığınacaq, döyüşən və yorğun könülləri sevindirən bir rəhmət əsintisi oldu… Bütün bunlar Allah Rəsulu r in rəhmət üfüqünü göstərən fəzilət tablolarından yalnız bir neçəsidir…
Yenə Onun ümmətinə olan mərhəmətini Rəbbimiz belə bəyan edir:
“And olsun sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona çox ağır gəlir. O, sizə çox düşkün, möminlərə qarşı rauf (çox şəfqətli), rəhim (çox mərhəmətli)dir.” (ət-Tövbə, 128)
Peyğəmbərimiz r in ümmətinə duyduğu məhəbbət, şəfqət və mərhəmət, bir ananın övladına olan mərhəmətindən daha çox idi. O, dünyanı şərəfləndirməsindən əvvəl də rəhmət idi, yaşadığı zaman da rəhmət idi, qəbir aləmində də rəhmətdir, qiyamət günündə də rəhmət olacaq.
Necə ki, o Rəhmət Peyğəmbəri r belə buyurur:
“Həyatım sizin üçün xeyirlidir: Siz mənimlə danışırsınız; mən də sizinlə danışıram! Vəfatım da sizin üçün xeyirlidir: Əməlləriniz mənə ərz olunar, xeyirli əməllərinizi gördükdə ondan ötrü Allaha həmd edərəm; pis əməllərinizi gördükdə isə sizin üçün Allahdan bağışlanma diləyərəm.” (Heysəmi, IX, 24)
“Diqqət edin! Mən həyatımda sizin üçün bir əmniyyət vəsiləsiyəm. Vəfat etdiyimdə isə qəbrimdə: «Ya Rəbbi! Ümmətim, ümmətim!..» deyə sura ilk dəfə üfürülənə qədər səslənəcəyəm…" (Əli əl-Müttəqi, Kənzul-Ummal, c. 14, s. 414)
Yəni ümmətini çox sevən Peyğəmbərimiz r qəbir aləmində belə qiyamətə qədər dua və niyazlarıyla ümmətinə yardımçı olduğunu bildirir. Demək ki, O r bu gün zahirən olmasa da ruhaniyyətiy­lə daim aramızda var. Rəbbimiz Onun hörmətinə ümməti-Məhəmmədə nə qədər lütflər ehsan etmişdir.
Yaxın keçmişdə yaşanmış olan bir hadisə Peyğəmbərimiz r in “rəhmət” vəsfinin hər an cari olduğuna və Ona təvəssül ilə edilən duanın Haqq qatındakı maqbulluğuna dair necə də ibrətli bir misaldır:
1988-ci ildə Mədineyi-Münəvvərədəki Cümə Camesinin inşası əsnasında yaşadığı ibrətli bir xatirəni Memar Mahmud Sami Kirazoğlu qardaşımız belə nəql edir:
Ləvazimatlar anbarımıza baxan məsul işçilərimizdən Yəmənli Əhməd Əfəndinin uzun bir müddət cümə axşamı günləri işə gəlmədiyini müşahidə edərək həftənin ilk günü yanıma çağırdım. Ona:
“ — Bura Cümə Mescidiʼnin inşaatıdır. Bizim məqsədimiz ilahi rizaya uyğun əməllərlə hər kəsin halal qazanmasıdır. Bu xeyirli işi səmimiyyət, ciddiyyət və ibadət həyəcanıyla görməliyik.
“Əziz Əhməd Əfəndi, səni kədərli görürəm. Bir çətinliyin var yoxsa? Sənin hər problemin üçün xidmətə hazıram, dərdini de” dedim.
Yaşlı gözlər, boğazda düyünlənən batıq səsli cümlələr və çarəsizlikdən dərdli bir könüllə, asta-asta izah etməyə başladı:
“ — Mənim 14 yaşında, anadangəlmə iflic bir qızım var. Adı Üm­mügülsümdür. Çox kiçikkən xəstəliyinin fərqinə vardıq. Sonra getmədiyimiz din xadimi, həkim, sınıqçı, xəstəxana, terapevt, mütəxəssis və istifadə etmədiyimiz dərman, bitki qalmadı. Başqa ölkələr də daxil, bir çox yeri gəzərək, qeyri-mümkünlük içində, hər cür çarəyə əl atdıq, ancaq heç bir faydası olmadı. Qızım böyüdükcə haldan-hala girirdi. Həm özü, həm də biz bu halı qəbul edə bilmirdik, heç cür alışa bilmirdik.
Riyadda xaricilərin qurduğu, ancaq müəyyən şəxslərin girə bildiyi, tam təşəkküllü bir ixtisas xəstəxanası var. Allah-Təala nəsib etdi, bir xeyr sahibi vasitəsiylə oraya yol tapdıq, şükürlər olsun. Altı aydır orada hər cür müalicə edildi, ancaq yenə də bir irəliləyiş olmadı. İndi anası yanında qalır. Mən də hər çərşənbə, axşam təyyarəsi ilə gedib cümə günləri gecə vaxtı qayıdıb şənbə günü işə çıxıram. Gəlib vəziyyəti sizə bildirərək üzr istəyəcək, həm halallıq alacaq, həm də icazə istəyəcəkdim. Lakin ilk zamanlar çəkindim, sonra da gələ bilmədim, bağışlayın.”
Bir an Əhməd Əfəndinin halını düşündüm. Üç gediş-gəliş təyyarə bileti 2 aylıq maaşına bərabər idi. Daha əvvəl etmiş olduğu xərcləri də düşünsək çox böyük bir borc altına girdiyi mütləq idi. Bir neçə il əvvəl bir mövlud məclisində görüşmüşdük ilk dəfə. Qəsidə oxunarkən ağlayırdı. “Harada ağlayacağını bilən, ağlamağın bu cür yaraşdığı, nə gözəl, könül əhli bir insandır.” deyə düşünmüşdüm. Bunları düşünərkən bir tərəfdən də ona necə kömək edə biləcəyimi soruşdum, borcunu da Allahın izni ilə həll edə biləcə­yimizi söylədim. Dua edib sevinərkən, yaşlı gözləri uzaqlara, sanki Riyada baxırdı.
“ — İndi sizə başqa bir məsələni ərz edim.” dedi və belə davam etdi:
“ — Bir gün əvvəl, altı aydır qızımı bir çox testlərlə, şoklarla, hər cür müalicəyə çalışan şöbə müdiri, qeyri-müslim, əcnəbi bir professor, məni otağına apararaq qarşısına aldı, kədərli və qəmli bir ifadəylə dedi ki:
“ — Neçə aydır ki, sizi izləyirəm. Bir valideyn olaraq, maddi-mənəvi edilə biləcək hər şeyi etdiniz, gücünüzdən artıq bir fədakarlıq göstərdiniz. Biz də əlimizdən gələn, tibbin sahib olduğu bütün texniki imkanları sınadıq. Sonradan yaranmış bir xəstəlik olmadığı üçün, başdan bəri qeyri-mümkün görünməsinə baxmayaraq sizin gözlərinizdəki ümid işıltısına, könlünüzdəki dərin şəfqətə laqeyd qala bilməyərək səmimiyyətlə çalışdıq. Təəssüf ki, bacara bilmədik. Tibb bu nöqtədən sonra artıq çarəsizdir, tibbin verə biləcəyi bir şey qalmadı. Şəfa tapması üçün Amerikada, hətta ayda belə bir ehtimal zərrəsi olsa, sizə “Ora aparın" deyəcəyəm, amma o da yoxdur. Ancaq bütün bu imkansızlıqlara baxmayaraq bir şey var! O da:
Sənin Peygəmbərinin Allahın sevimli bəndəsi olduğunu və Onun çox mərhəmətli bir Peyğəmbər olduğunu söyləyirlər. Nə üçün Onun yanına gedib can-dildən yalvarmırsan? O istəsə, Allah Onu geri çevirməz, diləyini qəbul edər. Unutma bu, sənin son və yeganə çarəndir.”
Əcnəbi həkim sözünə belə davam etdi:
“ — Sizi qardaşım kimi sevdim, insani duyğuların, mənəviyyatın, inancın, şəfqətin, əzmin nə olduğunu sizdə gördüm. Qızınızı qızım kimi sevdim. Hər gün ziyarətimdə, mənə tam təslim olmuş bir vəziyyətdə, məni içimdən ağladan, hər şeyə baxmayaraq ümidlə işıldayan gözlərini, o mələk kimi günahsız simasını unutmayacağam. Şəklini çəkdim, icazəniz varsa cüzdanımda daşıyacağam. Bu hadisə mənim peşə həyatımda və yaşam tərzimdə bir dönüş nöqtəsidir.
Tez-tez sənin əlində gördüyüm ipə düzülmüş muncuq dənələri ilə -hansı ki, adının «Sübha» yəni təsbeh olduğunu öyrəndim- nə etdiyini soruşduğum zaman:
“ — Allahımın adını minlərlə dəfə təkrar edirəm. Peygəmbərimə salam edirəm.” demişdiniz. İnsan nəyi sevsə onu çox söyləyər! Bu səmimi sevginin boşa çıxmayacağına bütün qəlbimlə inanıram. Bir gün ölkəmə qayıtsam da arada bir sizə zəng edib səsinizi eşitmək istəyəcəyəm. Yolunuz açıq olsun, gözəl xəbərlərinizi gözləyəcəyəm.” deyərək məni yola saldı.
O an özümü tamam fərqli bir haləti-ruhiyyədə hiss etdim. Kədərliyəm, xoşbəxtəm, çaşmışam, ümidliyəm, bir-birinə zidd duyğuları eyni anda yaşayıram.”
Əhməd Əfəndi sözlərinə belə davam etdi:
“ — Mahmud qardaş, qızımı bazar ertəsi səhər xəstəxanadan evə buraxacaqlar. İcazə versəniz, bazar günü erkəndən gedib, işləri tamamlayıb, sənəd, rapor və s. nə varsa yığışdırıb Mədineyi-Münəvvərəyə gələcəyik inşallah.” -dedi. Mən də:
“ — Elə isə dərhal hərəkətə keçək, sənin gediş, üçünüzün də dönüş biletlərini alaq. Səni hava limanına aparacaq və qarşılayacaq avtomobil də hazırdır, başqa bir ehtiyac olsa, onu da həll edərik Allahın izni ilə.
Lakin professorun sözləri çox mənalıdır. Qayıdan kimi dediklərini ən mükəmməl formada dəyərləndirin. Onunla da tanış olmaq istəyərdimm.” -dedim.
Ertəsi səhər onu yola saldıq. Bazar ertəsi günü sürücü onları qarşılamağa getdi, sonra məlumat vermək üçün yanıma gəldi. Sürücüyə:
— Nə etdin, evlərinə apardınmı, günortaya da yemək təşkil edək.” -dedim. Sürücü isə:
“ — Əhməd Əfəndi və ailəsi birbaşa Hərami-Şərifə getmək istədilər. Qızı təkərli arabasına mindirdik, üçü də ağlayırdı. Mənim də qəlbim parçalandı. Qız, cılızlıqdan sanki on yaşındadır. Bu zamana qədər belindən aşağısı heç tutmayıb, söykənmədən otura da bilmir. Ancaq üzüstə, dirsəklərini yerə basaraq sürünə bilirmiş. Çox kədərli haldır!” -dedi.
“ — Bilirəm, atası mənə şəkillərini göstərib. Mövla görəlim neylər, neylərsə gözəl eylər.” -dedim.
Aradan təqribən yarım saat keçdi, bir səs-küy qopdu, çölə çıxdım. Əhməd Əfəndi qarşımda fəryadla ağlayaraq qaçaraq boyuma sarıldı, buraxmır. Nə dediyini anlamırdım.
“ — Nə oldu? Xeyirdir inşallah, bir otur görək, nə isə bir şey iç. Bu nə haldır?” deyə soruşdum. Özünü yerə atdı. Səcdə edirdi…
Sübhanallah!.. Nə isə yaxşı bir şey olduğunu hiss edirdim, amma nə olduğunu anlaya bilmirdim.
“ — Dayan bir dəqiqə! Avtomobildən düşdükdən sonra nə baş verdiyini danış. Oraya qədərini təqribən bilirəm.” -dedim.
Yaşlı gözlərlə izah etməyə başladı:
“ — Qızı əlil arabasına mindirib anasıyla birlikdə Babi-Nisanın (Xanımlar Qapısı) yanında qoyub birbaşa Babi-Cibrildən Rəsulullahın hüzuruna getdim. Şəbəkeyi-Səadətdən yapışdım, gözüm heç kimi görmədi. Məni də heç kim görmədi. Əllərimi qaldırdım: “Ya Rəbb! Mən qızımın şəfası üçün 13 ildir dua etdim. Sırf onun üçün həcc və ümrələr etdim. Göz yaşlarımla Şəbəkeyi-Rəsulullahdan yapışaraq yalvarıb-yaxardım. Gecələrim, gündüzlərim dualarla, ibadətlərlə keçdi. Gücüm çatandan artıq sədəqələr verdim. Niyyətindən şübhə etməsəm də, qeyri-müslim bir qulunun; “Niyə Peyğəmbərinin hüzuruna gedib ürəkdən dua etmirsən?” xəbərdarlığı mənə çox ağır gəldi.” -deyərək Rəbbimə uzun-uzadı dua etdim.
Sonra Rəsulullah r ə yönəldim:
“Ya Rəsulallah, Sən Rahmətən lil-Aləminsən, Sənin hüzuruna gəldim, amma maddi-mənəvi cəhətdən tükənmişəm artıq. Artıq macalım və taqətim qalmadı. Bundan sonra qızımı Sənə təslim edirəm. Mən artıq çarəsizliklər içərisində nə edəcəyimi bilmirəm...” deyə naz və niyaz içində hıçqıraraq, özümü ayaqyalın çölə atdım.
Bu mənəvi sərxoşluq halında ikən balam Ümmügülsümün “ATAAA, ATAAA!” deyə qışqıran səsi qulağımda cingildədi. Bir də arxama baxdım ki, düz-əməlli sürünə bilməyən qızım xanımların olduğu tərəfdən qaçaraq gəlir. Anası da arxadan ona çatmağa çalışır. Qızımla qucaqlaşıb ağlaşdıq. “Ya Rəbbi, bu nə təcəllidir!?” dedim. Dərhal təkrar Hərami-Şərifə girib Rəsulullaha təşəkkür duyğuları içərisində salətu-salam gətirdim, Mövlama şükür etdim. Sonda da sənə müjdə verməyə gəldik. Mahmud qardaş, budur maşındadırlar, gəl öz gözlərinlə gör!..”
Peyğəmbərimiz r in rəhmət və şəfaətinə məzhər olan qardaşımızın qızı əlimi öpməyə gəlmişdi. Çaşqın və xoşbəxt bir vəziyyətdə gözyaşlarımızla ağzımızdan: “Sübhanallahi və bihamdihi, Sübhanallahil-Azim” hədisi-şərifi çıxdı.
“‒ Bu gün bayram oldu!” dedim. “İş yoxdur! Şükür qurbanları kəsib, kasıbları da yığıb axşama ziyafət verək, Quran xətm edək. Hərami-Şərifdə axşam namazını qılandan sonra görüşək.” -dedim.
Onları evə göndərib arxalarından da gedərək, kasıb, amma könlü zəngin olan bu gözəl insanların evində lazımlı ehtiyacları müəyyənləşdirib axşam üçün hazırlıqlara başladıq. Qohum-əqrəba, dost-tanış toplaşmışdı. Əvvəllər şəfa diləmək üçün qalxan əllər, indi şükür üçün qalxırdı. Hər tərəfi sevinc bürümüşdü. İmanın, təslimiyyətin, ümid kəsməməyin, saf bir könüllə və üsuluna uyğun, hətta naz ilə edilən təvəssül və duanın nəticəsi idi bu. Tibbən qeyri-mümkün sayılan bu hadisədə qulun Peyğəmbərimiz r vəsiləsiylə Allaha niyazı nəticəsində, ilahi lütfə məzhər olmasının çox açıq və dəqiq bir tablosu idi bu.
Yəmənli Əhməd Əfəndi ilə səhər görüşdüyümüz zaman ona:
“ — İndi bizi gözləyən, bir böyük xidmət də var. Haydı, bu işə səbəb olan həkimə təşəkkür etməyə borcluyuq. Bu iş telefonla da olmaz. Sizin psixi bir hal keçirdiyinizi düşünə bilər. Bir neçə gün istirahət etdikdən sonra Ümmügülsümü də götürərək yenə üçünüz birbaşa Riyada gedəcəksiniz. Bilet və otel xərclərini biz qarşılayacağıq. Həkimin o gözəl fikrinin bu qədər tez nəticə verdiyini öz gözləriylə görməsi lazımdır. Hətta sırf o deyil, altı aydır qızına xidmət edən digər həkimlər, tibb bacıları, xidmətçilər, bir sözlə bütün heyət hamısı görməlidir. Tibb ədəbiyyatına keçəcək bu hadisə, nə qədər hidayətlərə vəsilə ola bilər…” -dedim.
Bir həftə sonra onları yola saldıq. Həkimin yanından mənə zəng etmələrini xahiş etmişdim. Sevinc göz yaşları içində həkimlə aramızda bu telefon söhbəti oldu:
Həkim dedi ki:
“ — Peşəmizin məqsədi məhz belə xidmət olmalıdır.”
Mən də cavabında:
“ — Hər insanın məqsədi əslində “Yaradandan ötrü yaradılanlara xidmət” olmalıdır.” dedim. Həkim:
“ — Sizinlə necə görüşə bilərəm?” deyə soruşduqda:
“ — Uyğun zamanınız olanda gələrəm.” -dedim.
“ — Elə isə dərhal gözləyirəm.” -dedi.
Mən də ertəsi gün getdim. Tanış olduq, qucaqlaşdıq. Ona Mədinə gülü və haqqında hədisi-şərif olan Acvə xurması aparmışdım. Xüsusiyyətlərini izah etdim, sevindi. Ümmügülsümlə də bağlı çox şeylər söylədi:
“ — Telefonla müjdəni aldıqdan sonra təşəkkür üçün gəlmələrini gözləyirdim, çox duyğulandım.” -dedi.
“ — Təqdir etmək, qiymət bilmək, qədirşünaslıqdır. Bundan məhrum olan həmd etməyi də, şükür etməyi də bilməz.” dedim və sonra:
“ — Buradan hərəkətlə mən də bir şey düşünürəm. Sənin, “O, Allahın Sevimli bəndəsidir, Allah Onun arzusunu geri çevirməz.” dediyin Şəxs də sənin arzunu geri çevirmədi. Görəsən O da səndən bir təşəkkür gözləyirmi, nə deyirsən?” -dedim.
“ — Məni oraya qəbul etmələri üçün nə etməm lazımdırsa, hazıram. Borcumu ödəməliyəm.” -dedi. Mən də dərhal:
“ — Bircə dənə cümlə: Kəlmeyi-Tövhid” -dedim.
“ — Öyrət!” dedi və ayağa qalxdı. Kəlmeyi-tövhidi təkrarlayınca sevinclə boynuma sarıldı. Birlikdə ağlamağa başladıq.
“ — Mən bu kəlmeyi-tövhidi çox sevdim, bir dəfə ilə kifayətlənməyib, davamlı söyləmək istəyirəm. Əhməd Əfəndinin əlindəki təsbehlə Allahın gözəl adlarını təkrar-təkrar zikr etməsini indi daha yaxşı anlayıram. Mən əslində indi doğuldum, ilk nəfəs və ilk ana südü ilə yeni bir həyata başladım. Çox acam, susuzam, məni bəsləməyə davam et, nə olar buraxma!" dedi.
“ — Sən istəsən də buraxmaram. Bu, ilahi bir lütfdür. İçəri girərkən üzündəki iman nurunu görmüşdüm. Peyğəmbərimizin ən sevdiyi, Əbu Bəkr t dır. Sənin adın da Əbu Bəkr olsunmu?” dediyim zaman göz yaşları daha da artdı. Mən davamla:
“ — Bax, indi “nurun alə nur – nur üstünə nur” oldu.” -dedim. Dərhal bir məscidə gedib, imamdan işi rəsmiləşdirib pasportuna «Dini: İslam» olaraq yazdırmaq işlərinə başladıq. İşlər tamamlandıqdan sonra Mədineyi-Münəvvərəyə gəlməsini gözlədiyimi söyləyərək vidalaşdıq.
Bir neçə gün sonra Mədineyi-Münəvvərəyə gəldi. Hava limanına qarşılamağa getdim, yanında iki həkim assistenti də vardı. Tanış etdi, görüşdük. Yeni müsəlman olmasına baxmayaraq onların da hidayətlərinə vəsilə olmuşdu. Böyük bir sevinc içində:
“ — Allahın köməyilə bu hidayət zənciri beləcə davam edər inşal­lah!” dedim.
Otelə uğrayıb dəstəmaz aldıqdan sonra ziyarətlərə başladıq. Peyğəmbərimiz r in hüzurundan ayrıla bilmədilər.
“ — Həyatımızda səcdə qədər zövq aldığımız bir şey yaşamadıq.” dedilər. Özlərinə namazla əlaqədar qısa məlumatlar verdim. Həzrət Həmzəni, Uhudu, Quba, Qibləteyn və Yeddi Məscidləri, Cənnətul-Baqini ziyarət etdik.
Əhməd Əfəndi və qızı ilə axşam yeməyini birlikdə yedik. Keçmiş günləri yad etdik. Cümə namazını Kəbeyi-Müşərrəfədə qılmaq üçün ümrə niyyətiylə sübh namazından sonra yola düşdük. Yolda müəyyən məsələləri izah edirdik. Kəbəni görüncə ilk duanın mabul olduğunu dedim. Peyğəmbərimizin ən çox namaz qıldığı yeri, kainata təşrif etdiyi evi, Cəbəli-Nuru, həcc ediləcək yerləri və s. ziyarət etdik. Gecə Mədineyi-Münəvvərəyə qayıtdıq. Səhər də onları Riyada yola saldıq.
“ — Çox ehtiyacımız var, tez-tez görüşək. Biz də gələrik, sən də gəl.” dedilər. Sual-cavab və söhbət ehtiyacı həddən artıq idi. İslamiyyətlə müşərrəf olduqdan sonrakı ilk həclərini birlikdə etdik. Qələbəlik idilər, sayları get-gedə artırdı. Hətta ölkələrində də yaxınlarının hidayətlərinə vəsilə olurdular çox şükür. Bildikləri dillərdə dini kitablar təmin edirdilər. Peyğəmbərimizin ümmətini artırırdıq, şükürlər olsun. Rəbbimə sonsuz şükrlər olsun!
Bu gözəlliklərin səbəbkarı olan –Allah-Təala ondan razı olsun- Üm­mügülsüm qızımızın zamanla boyu və çəkisi nizama düşdü, 1995-ci ildə evləndi. Evinin əşyaları və digər xərclərlə əlaqədar, nəsibi olanlar xidmət etdilər. Hal-hazırda iki oğlu, iki qızı var, xoşbəxtdirlər.
Yəmənli Əhməd Əfəndinin yaşadıqları öz ağzından üç adam tərəfindən dinlənərək tərcümə edilib, bizim də şahid olduqlarımızla birlikdə eynilə tərəfimdən qələmə alınmışdır.
 Şübhəsiz ki, bu hadisə də dualarda Peyğəmbərimiz r ilə təvəssül etməyin, yəni Onun hörmətinə Allahdan kömək istəməyin qiyamətə qədər mümkün olduğuna dair inkaredilməz, yaşanmış bir misaldır. Allah Rəsulu r zahirən vəfat etmiş olsa da ruhaniyyəti davam etməkdədir.Necə ki, Quran-Kərim tarixi bir kitab deyil və hökmü qiyamətə qədər baqidirsə, Allah Rəsulu r də şahid, müjdələyici və irşad ediciliyiylə sağdır və aramızdadır. Allah-Təala öz uğrunda öldürülən şəhidlərə belə “ölülər” deyilməməsini əmr etməkdədir. Peyğəmbərimiz r in mövqeyi isə şəhidlərlə müqayisə edilməyəcək dərəcədə ülvidir. Bu səbəbdən Onu “ölmüş” bilmək doöru deyil. Peyğəmbərimiz r bəşər olaraq vəfat etmişdir, amma risaləti və rəhbərliyiylə aramızda yaşamaqdadır. Onun əsl vəzifə, səlahiyyət və qənaəti də məhz bu istiqamətiylədir.
Rəsulullah r buyurur:
“Bir kimsə mənə salətu-salam gətirdiyi zaman, onun salamına cavab verməm üçün Allah-Təala ruhumu qaytarar.”  (Əbu Da­vud, Mə­na­sik, 96)
“Kim qəbrimin yanında mənə salət etsə mən onu eşidərəm. Kim də uzaqdan salət etsə o mənə çatdırılar.” (Beyhəqi, Şuab, II, 215)
Səhabədən Əbud-Dərda t da belə rəvayət edir:
Bir gün Rəsulullah r:
“‒ Cümə günü mənə çox salavat gətirin! Çünki o gün mələklərin hazır və şahid olduğu bir gündür. O gün bir adam mənə salət etdikdə onun bu halı mütləq mənə ərz edilər. Salavat gətirməyi qurtarana qədər bu vəziyyət belə davam edər.” buyurdu. Mən:
“‒ Vəfatınızdan sonra da?” deyə soruşdum. Peyğəmbərimiz r:
“‒ Bəli, vəfatımdan sonra da! Allah-Təala peyğəmbərlərin bədənlərini yeməyi yer üzünə haram etmişdir. Allahın Nəbisi həyatdadır və daim ruziləndirilir." buyurdu. (İbn Macə, Cənaiz, 65. Bax. Əbu Davud, Salət 201/1047, Vitr 26)
Xülasə, Allah-Təalanın “insan”da təcəlli edən bir sənət möcüzəsi olan Peyğəmbərimiz r ilahi kitabımız Qurani-Kərim kimi qiyamətə qədər davam edəcək bir möcüzədir. O, nəsibi olan könüllərə ruhaniyyətini bu gün belə hiss etdirdiyi kimi, qiyamətdə də yanıq qəlbləri Abi-Kövsəriylə sərinlədəcək, o çətin və dəhşətli gündə Livaul-Həmd bayrağı altında ümmətinə sevinc bəxş edəcək, Şəfaəti-Uzmasıyla ümmətinin günahkarlarının əfvinə vəsilə olacaq.
Allah-Təala ayeyi-kərimədə Həzrət Peyğəmbərin bizim üçün nə böyük bir rəhmət və nemət olduğunu belə xəbər verməkdədir:
“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi...” (Ali- İmran, 164)
Rəbbimiz Sevimli Rəsulunu yaxından tanıyıb Onun qiymətini bilməyi və Ona ümmət olma şərəfinin şükrünü layiqiylə ifa edə bilməyi cümləmizə nəsib və müyessər etsin.
Bizi Zati-ilahisinə saleh bir bəndə, Həbibi-Əkrəminə layiq bir ümmət etsin!
Peyğəmbərimizin hörmətinə bizlərə ilahi rəhmət, əfv, nüsrət və yardımını lutf eyləsin!
Sirati-müstəqimə ən böyük rəhbərimiz olan Rəsuli-Əkrəm r in mənəvi iqlimindən ürəklərimizə ülvi nəsiblər, geniş ruhaniyyətindən ruhlarımıza rəhmət əsintiləri ehsan etsin!
Dünyada Quran və Sünnə üzrə yaşayıb uqbada şəfaəti Rasulullaha nail ola bilməyi hər birmizə qismət etsin!
Amin…

Müəllif: Osman Nuri TopbaşMənbə: irfandergisi.com
Top