Həyat ölçüsü

Həyat ölçüsü

Qəza və qədərə inanmaq iman əsaslarından altıncısıdır. Aləmdəki canlı-cansız hər varlığın, Günəşin, Ayın və ulduzların yoxdan yaradıldığını bilirik. Bütün bunların müəyyən bir nizam və ölçülər içərisində hərəkət etdiyini və dəyişdiyini, zamanı gəlincə də yox olduğunu görürük.
Bu incə nizam, aramsız meydana gəlmə və yaradılış bir təsadüfün əsəri ola bilməz. Bütün bunları edən sonsuz bir güc var ki, o da Allahdır. Onun elminin xaricində heç bir şey ola bilməz. Əzəldən əbədə qədər nə olacaqsa O, hamısını bilir.
Aləmdə baş verən, cərəyan edən hər şey Allahın qəza və qədəri ilədir. Hər şey Allahın elm, iradə və qüdrətinin əsəridir, ilahi qanuna tabedir. Hər şeydə səbəblər, bir sıra ölçülər mövcuddur. Bütün bunlar Allahın qəza və qədərinə uyğun olaraq meydana gəlir. Allah müəyyən bir səbəb və hikmətə uyğun olaraq yaradır.
Termin olaraq; Allah-Təalanın əzəldən-əbədə olacaq şeylərin hər birinin zaman və yerini, özəlliyini və xüsusiyyətini, nə şəkildə və nə zaman olacaqlarını əzəldə bilib, o şəkildə təqdir etməsinə “qədər” deyilir. Hər varlıq bir ilahi ölçüyə bağlıdır. Aləmdəki nizam və sabitlik, davamlılıq ilahi qəza və qədərlə mümkün olmaqdadır. Rəbbimizin olacaqların hamısını əvvəldən bilib təqdir etməsi (ölçüb-biçib müəyyən etməsi) Allahın elm sifəti ilə əlaqədardır.
Qədər ərəb dilində “ölçü”, “ölçmə”, “miqdar”, “bir şeyi ölçərək müəyyən bir ölçüyə görə etmək”, “təqdir edərək təyin və təsis etmək” mənalarını verir. Rağib əl-İsfahaniyə görə “qədər” və “təqdir” bir şeyin miqdarını və sərhədini bildirir. Yəni qədər, hər hansı bir şeyin mahiyyətini göstərən və məhdudlaşdıran bir ölçüdür. Hər şey ilahi bir ölçüyə bağlı olaraq əzəldə təqdir və təyin edilmişdir. Məsələn, buğda toxumu və ya xurma çəyirdəyi özlərinə xas elə bir ölçü və müəyyən xüsusiyyətlərlə təqdir və təyin edilmişdir ki, birincisindən yalnız buğda, ikincisindən isə yalnız xurma ağacı yetişir, başqa bir şey yetişməz. Hər bitkinin, hər ağacın və ya hər canlının toxumu  da elədir. Deməli, qədər: bu aləmin və ondakı bütün varlıqların ilahi hikmətə görə yaradılmasında və varlığının davam etməsində əsas olan “ilahi bir ölçü”, “ilahi qanun”dur.
Qədər sözü Qurani-Kərimdə həm “məsdər”, həm də  “fel” kimi işlədilmişdir. “Şübhəsiz biz, hər şeyi müəyyən bir ölçüyə (qədərə, ilahi təqdirə) görə yaratdıq” (əl-Qəmər, 49) ayəsində məsdər; “...(Allah) hər şeyi yaratmış və hər birisinə müəyyən bir nizam verərək onun qədərini təqdir və təyin etmişdir” (əl-Furqan, 2) (yəni yaradılacaq şeylərin bütün xüsusiyyətlərini, yerini və zamanını haqq və ya batil, xeyir və ya şər, savab və ya günah olacağını əzəldə təyin və təsbit etmişdir) ayəsində isə fel kimi işlədilmişdir.
Qəza isə lüğətdə əmr, hökm və yaratma mənalarına gəlir. Termin olaraq Uca Allahın əzəldə iradə etdiyi və təqdir buyurduğu şeylərin vaxtı çatanda Onun tərəfindən yaradılıb ortaya çıxmasına qəza deyilir. Bu da Allahın  təkvin sifətinin nəticəsidir. Deməli, qəza və qədərə inanmaq Allahın elm, iradə, qüdrət və təkvin (yaratma) sifətlərinə inanmaq deməkdir.
“Şübhəsiz ki, biz hər şeyi bir qədər (ölçü) ilə yaratdıq”.(əl-Qəmər, 49)
“Allah hər şeyi yaratmış və hər birinə müəyyən bir nizam verərək, onun qədərini təyin və təqdir etmişdir”.(əl-Furqan, 2)
“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir hadisə yoxdur ki, biz onu yaratmadan əvvəl o, kitabda olmasın. Doğrusu, bunu bilmək Allaha asandır”.(əl-Hədid, 22),
“Aranızda ölümü biz müəyyən etdik...” (əl-Vaqiə, 60)
“Bu səbəblə illərcə Mədyən xalqı içində qaldın. Sonra da bir təqdirə görə bura gəldin, ey Musa!...” (Taha,  40)
Hz. Ömərin (r.a) rəvayət etdiyi, Cibril (Cəbrayıl) hədisi deyə bilinən bir hədisi-şərifdə iman, İslam və ehsanın nə olduğunu Cəbrayıla izah edərkən Peyğəmbərimiz (s.ə.s) iman barəsində bu ifadəni işlətmişdir: “İman, Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərə, xeyrin və şərin Allahdan olduğuna inanmaqdır”. (Müslim; İman 1; Əbu Davud, Sünnə 15; İbni Macə, Muqaddimə 9)
Bu hədisdə qədərə inanmağın iman əsaslarından olduğu açıqca ifadə edilir. Bununla birlikdə ilahi bir sirr olaraq qəbul edilən qəza və qədər mövzusunda Peyğəmbərimiz çox danışılmamasını, mübahisə edilməməsini və bu mövzuya çox girişilməməsini tövsiyə etmişdir.

Müəllif: Kamran Məmmədov
Mənbə: irfandergisi.com
Top