“Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)” (əl-Hucurat, 11)
“(Arxada) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” (əl-Huməzə, 1)
Rəvayət edilir ki:
Bir gün İsa (ə.s) İsrail oğullarından saleh zənn edilən bir kimsə ilə şəhər kənarına çıxmışdı. Xalq arasında fasiqliklə məşhur günahkar bir adam da böyük bir əzikliklə arxalarınca düşmüşdü. İstirahət üçün fasilə verildiyində bu günahkar bəndə səmimi bir peşmanlıq və xəcalət içində, könlüqırıq halda onlardan ayrı bir yerə oturdu və mərhəmətlilərin ən mərhəmətlisi olan Haqq təalanın uca əfvinə sığınaraq:
“ — Rəbbim! Bu uca Peyğəmbərinin hörmətinə məni bağışla!” deyə dua etdi.
Saleh zənn edilən adam isə, onu görüb kiçik hesab etdi, özündən aşağı gördü və əllərini səmaya qaldırıb:
“ — Allahım! Sabah qiyamət günü məni bu adamla birlikdə həşr etmə!" dedi.
Bundan sonra Haqq təala İsa (ə.s)-a belə vəhy etdi:
“ — Ey İsa, bəndələrimə söylə; ikisinin də duasını qəbul etdim. Boynubükük günahkar bəndəmi bağışlayıb cənnətlik etdim. Xalqın saleh zənn etdiyi adama gəlincə, onu da Mənim bağışladığım bəndəmlə birlikdə olmaq istəmədiyi üçün cənnətliklərdən etmədim!”
***
Bir gün Allah Rəsulu (s.ə.s):
“ — Yollarda oturmaqdan qaçının!” buyurmuşdu.Səhabələr:
“ — Biz buna məcburuq. Orada məsləhətləşirik!” dedilər. Bunun üzərinə Rəsulullah (s.ə.s):
“ — Oturmağı tərk edə bilməyəcəksinizsə, o halda yolun haqqını verin!” buyurdu.
“ — Yolun haqqı nədir, ey Allahın Rəsulu?” dedilər.
Peyğəmbərimiz (s.ə.s):
“ — Harama baxmamaq, gəlib keçənləri incitməmək, salam almaq, yaxşılığı əmr edib pislikdən nəhy etməkdir.” buyurdu. (Buxari, Məzalim 22, İstizan 2; Müslim, Libas 114)
***
Həzrət Mövlana Məsnəvisində heç kimi incitməmək barəsində belə bir hekayə nəql edir:
Bir gəmidə bir dərviş vardı. Yükü və əşyası yox idi. Gəmi suların üzərində axıb gedərkən, bir ara gəmidə bir kisə qızıl itdi. Dərviş isə o əsnada yatırdı. Hər kəsin üstünü axtardılar, tapa bilmədilər. Bir nəfər o dərvişi göstərdi və:
“ — Bu yatan kasıbı da axtaraq” dedi. Pul sahibi öz dərdindən ötrü onu oyandırdı. O günahsız dərvişə ittiham dolu baxışlarla:
“ — Bu gəmidə bir kisə qızıl itdi. Hamını axtardıq; tapa bilmədik. Sıra səndə! Əynindəkiləri soyun ki, xalqın şübhəsi qalmasın” dedi. Dərviş isə:
“Ya Rəbbi! Günahsız bəndəni günahkar sayırlar, halımı Sənə ərz edirəm!" deyərək Haqqa sığındı.
Gəmidəkilər dərvişə könülqırıcı bir şəkildə davranmışdılar. Allah təala onun inciməməsi üçün balıqlara əmr etdi və o anda dənizin hər tərəfindən saysız balıq başını çıxardı. Hər birinin ağızında, çox qiymətli, iri incilər vardı… çox qiymətli bu incilər Allah tərəfindən lütf edildi. Kimsənin o incilərdə haqqı yox idi.
Dərviş balıqların ağzından bir neçə inci götürüb gəminin ortasına atdı. Özü də sıçrayıb havada oturdu. Padşahların taxtlarına oturduqları kimi havada bardaş qurmuşdu. Gəmi də onun qarşısında getməkdə idi. Gəmidəkilərə səslənərək dedi ki:
“ — Haydı gedin; gəmi sizin olsun, Haqq mənim olsun! O, nə məni oğurluqla günahlandırar, nə də məni qüsurlarımı aşkar edən birinin əlinə verər.”
Gəmidə olanlar:
— Ey ulu bəndə! Sənə bu uca mövqeyi nəyə görə verdilər?” deyə səsləndilər. Dərviş:
“ — Məna böyüklərinə hörmət göstərdiyim üçün verdilər. Yoxsullara qarşı da heç pis zənnə qapılmadım. O lətif və nəfəsi xoş yoxsullar yoxmu; Əbəsə surəsi onları ucaltmaq üçün gəldi. Onların yoxsulluğu dünyalıq üçün və ya dünyaya sarılmaq üçün deyil. Onların dünyada Haqdan başqa heç bir şeyi olmadığından yoxsulluğu mənimsəmişlər” dedi.
Mənbə: İrfan dərgisi Müəllif: Sedat DEMİR