Əxlaqın nuru

Əxlaqın nuru

Bir dəfə qapımıza ucaboylu, enlikürəkli yaşlı bir ağsaqqal gəldi, məni çağırdı, dedi ki, adı Feyzulladı, Qubada dəmirçi işləyir.
— Sən Cəfər müəllimin nəvəsisənmi? — Soruşdu, biləndə ki, nəticəsiyəm, adım da Cəfərdir, sevindi, söhbətinə davam etdi:
— 50-ci illərdə atanın babası MTS-in müdiri idi. Yanına getdim, məni işə götürdü. Sərt adam idi, amma düzlüyü də sevərdi. Bir dəfə bura — evinizə qonaq çağırdı. İçəri girib oturanda gördüm ki, onun corabları pinəlidi, mən isə maaşımı özümə xərcləyirdim. Təzə corab da alıb geyinmişdim. Nə qədər əlləşsəm də, ayaqlarımı altımda gizlədə bilmədim. Cəfər müəllim gördü. Məzəmmət elədi ki, evin yox, eşiyin yox, paltar sənin abrını örtməz. Sonra o mənə torpaq sahəsi verdi. İşdən də kömək ayırdı. Tapşırdı ki, ev tikim, ailə qurum. Onun sayəsində, oğul, evim-eşiyim oldu. Amma nədənsə özünə çox sağ ol deməyə cəsarətim çatmadı. Oğluna, qızına da yetişmədim sözümü deməyə. Fikirləşdim ki, bəlkə nəvələrindən kimisə tapam. Həcc ziyarətinə gedirəm. Dedim, gəlim sizin də halallığınızı alım.

Mənə 50 il əvvəlki xırda bir şeyə görə minnətdarlığa qapımıza gələn insan qəribə təsir bağışladı. Dəmirçi idi. Yaşı səksəni haqlayan qocanın içində peşəsinə və artıq onun üçün yadlaşan və qaydaları dəyişən dünyaya nikbin və tox baxış vardı. Xeyli həyətimizdə oturdu, zəmanədən, dəyişən tələblərdən, aldadıcı ehtiyaclardan və bir də yaddaşlara çökərək ölən dəmirçi sənətindən danışdı. Ayağa durdu, vidalaşdı və getdi.
Aradan iki il keçməsinə baxmayaraq, nə onun nurani görkəmini, nə də ki, 50 il bundan qabaqkı yaxşılığa görə qapımızı döyməsini unuda bilmirəm. İşıqlı bir adam idi. Dəmirçiyəm desə də, üzündən nuranilik yağırdı. Müdrik bir ağsaqqal idi. Sonra Qubada söz-söhbət yayıldı ki, Feyzulla dayı elə ziyarətə gedəndə yolda dünyasını dəyişibmiş. Deyirdilər ki, ürəyinə geri qayıtmayacağı damıbmış. Çox evlərə dəyib, baş çəkib, adamlarla vidalaşıb, halallıq alıbmış.
Feyzulla dayı yaddaşıma yaxşılıqları unuda bilməyən insan surəti kimi həkk olunub. Belə də olur, bəziləri dünyasını dəyişsə də, xatirələrdə yaşaya bilir, nurları və mərhəməti ilə tanımadıqları insanların qəlbini isidirlər. Bəlkə də onun həcc ziyarəti — son mənzilə səfəri də elə yaxşı qismət kimi aqibətinə yazılıbmış. Abbasqulu bəy Bakıxanovun qisməti kimi.

Cəfər İBRAHİMOV,
Quba rayonu, Xucbala kəndi
Mənbə: AZƏRBAYCAN qəzeti
Top