Ehtiyacı olanın xidmətində durun

Ehtiyacı olanın xidmətində durun

“Ata-anaya yaxşılıq etmək namazdan, orucdan, həccdən, ümrədən və Allah yolunda cihad etməkdən daha fəzilətlidir”. Muhəmməd peyğəmbər (s.ə.s)

Bir gün məşhur sufi Əbül-Həsən Hərkaninin tələbələri ondan nəsihət istədilər. Hərkani dedi: “Çalışın, özünüzə dua qazanın”. Soruşdular: “Kimin duasını qazanaq?” Cavab verdi: “Möhtac olan hər kəsin. Ehtiyacı olana yardım göstərin, qoy o sizə dua etsin. Ən çox da ata-ananın duasını qazanmağa çalışın. Əgər valideynləriniz sizin əlinizə baxırsa, sizə möhtacdırsa, onlarla xoş davranın, onları incitməyin. Unutmayın, ata-anaya xidmət etmək bu dünyada böyük şərəf, axirətdə böyük savabdır”.

Sonra Hərkani öz şagirdlərinə belə bir əhvalat danışdı:

Keçmişdə iki mömin qardaş yaşayırdı. Onların qoca anası vardı. Qardaşlar növbə ilə anaya qulluq edirdilər. Bir gecə qardaşlardan biri ananın yanında qalıb ona xidmət göstərirdi, o biri qardaş gecə boyunca ibadət edirdi. Növbəti gecə qardaşlar yerlərini dəyişirdilər. Dünən anaya qulluq edən qardaş bu gecə ibadətlə məşğul olurdu, ananın yanında isə o biri qardaş qalırdı.

Bir gün oğullardan biri ibadətdən o qədər zövq aldı ki, qardaşından xahiş etdi: “Bu gecə də mənim əvəzimə anamızın yanında qalarsanmı? Ötən gecə ibadətdən o qədər ləzzət aldım ki, yenə bunu təkrar etmək istəyirəm”.

Qardaşı bu təkliflə razılaşdı, növbəti gecə də anasının yanında keşik çəkdi. İbadət edən oğlan isə bütün gecəni durmadan namaz qıldı, dua etdi. Səhərə yaxın onu yuxu tutdu. Röyada qeyb aləmindən bir səs eşitdi. Ona belə dedilər: “Bu gecə qardaşının bütün keçmiş günahları bağışlandı”. Oğlan heyrətlə soruşdu:“Bəs mənim günahlarım necə, bağışlanmadımı?” Səs ona buyurdu: “Bəli, sənin də günahlarını qardaşının xətrinə bağışladıq”.

Oğlan heyrət içində idi: “Axı mən bu gecə durmadan xalis niyyətlə ibadət etmişəm. Məgər Allaha ibadət etmək ata-anaya qulluq göstərməkdən əskik işdir? Necə ola bilər ki, qardaşımın günahları öz-özünə bağışlanır, mənim günahlarım isə onun hörmətinə? ” Yuxuda qeybdən gələn səs cavab verdi: “Çünki Allah sənin ibadətinə möhtac deyil, amma qoca və zəif ananın sizin xidmətinizə ehtiyacı var. Qardaşının bu gecəki əməli Allah yanında daha böyük dəyərə layiq görüldü; çünki o, ehtiyacı olanın xidmətində durdu. Amma sən də onun bu savabı qazanmasına vasitə olduğun üçün, sənin də günahlarını onun xatirinə əfv etdik”.
Top