Allah kasıbların ruzisini varlıların əli ilə yetirir

Allah kasıbların ruzisini varlıların əli ilə yetirir

İki yüz il bundan əvvəl yaşamış mərhum müctəhid Şeyx Cəfər Kaşifül-qita o qədər böyük şöhrətə malik idi ki, onu “şeyxi-kəbir” (böyük şeyx) deyə çağırırdılar. Kaşifül-qita kasıbların yardımçısı kimi tanınırdı.

Onun əqidəsi bu idi ki, Allah-təala kasıbların ruzisini varlıların öhdəsinə buraxıb və imkanlı adamların sərvətindən alıb kasıblara vermək Allahın iradəsini yerinə yetirmək deməkdir. Buna görə də Şeyx imkanlı adamların pulunun bir hissəsini müxtəlif yollarla onlardan alıb kasıblara paylayırdı. Bəzən bunun üçün qeyri-adi üsullardan da istifadə edirdi. Məsələn, Nəcəfdə və ətraf məntəqələrdə yaşayan şiə tacirlər onu öz evlərinə qonaq çağırmaq üçün yarışırdılar. Hər kəs istəyirdi ki, Şeyxi evinə qonaq aparıb ona xidmət göstərsin.

Kaşifül-qita nəinki bu təklifləri rədd etmir, hətta məmnuniyyətlə onlara qonaq olurdu. Amma ortaya yemək süfrəsi gətiriləndə ev sahibi ilə bir şərt kəsirdi. Süfrəyə yeməklər düzüləndən sonra Kaşifül-qita bunların qiymətini hesablatdırır, sonra bu məbləği ev sahibindən tələb edirdi. Ev sahibi süfrənin qiymətini ödəməyincə Şeyx yeməyə əl vurmazdı. Pulu alan kimi kasıbların arasında bölüşdürür, sonra özü də süfrədən bir tikə götürüb yeyirdi. Hətta bir dəfə bir neçə sərvətli adam onu öz evinə qonaq aparmaq üçün mübahisə edir. Hamı çalışır ki, Şeyx onun evinə getsin. Şeyx isə onların mübahisəsinə son qoymaq üçün elan edir: “Hər kim daha çox pul versə, onun evinə qonaq gedəcəyəm”. Tacirlər yarışmağa başlayırlar. Axırda ən çox pul təklif edən tacir Şeyxi öz evində qonaq etmək imkanını qazanır. Kaşifül-qita bəri başdan pulu ondan alıb öz əli ilə kasıbların arasında bölüşdürür, sonra qonaq gedir.

Şeyx Cəfər Kaşifül-qitanın özünəməxsus hərəkətlərinən biri də bu idi ki, bəzən məsciddə camaat namazı qıldıqdan və xütbə söylədikdən sonra minbərdən enib əbasının ətəyini əlində toplayır və camaatın arasında gəzirmiş. Hər kəs öz imkanı səviyyəsində onun ətəyinə pul atırdı. Axırda Şeyx bütün pulları öz nümayəndələri vasitəsilə kasıbların arasında bərabər şəkildə bölüşdürürdü.

Deyirlər ki, Şeyx Cəfər Kaşifül-qita bir müddət İsfahanda qalmalı olur. Şəhəri tərk edib Nəcəfə qayıtmaq istəyirdi ki, bir nəfər kasıb seyyid ona yaxınlaşıb yüz tümən pula ehtiyacı olduğunu bildirir və kömək istəyir. Şeyx artıq atına minib yola düşməyə hazırlaşırdı. Amma seyyidin israrını görüncə deyir: “Mənim üstümdə o qədər pul yoxdur. Sən şəhər valisinin yanına get, ona de ki, Şeyx tapşırıb mənə yüz tümən verəsən”. Seyyid təəccüblə soruşur: “Vali mənim sözümə inanarmı? O yəqin ki məndən sübut istəyəcək”. Şeyx Cəfər aramlıq içində buyurur: “Sən mən dediyimi et. Mən burada durub sənin qayıtmağını gözləyirəm. Sən gələnə kimi yerimdən tərpənən deyiləm”.

Allah kasıbların ruzisini varlıların əli ilə yetirir
Kasıb seyyid dərhal valinin sarayına yollanır. Şeyxin tapşırığı ilə gəldiyini bilən kimi onu içəri buraxırlar. Seyyid Şeyxin tapşırığını valiyə çatdırır: “Ağa buyurur ki, mənə yüz tümən pul verəsiniz”. Vali onun sözünün doğruluğunu yoxlamaq üçün soruşur: “Mən haradan bilim ki, sən doğru söyləyirsən, yoxsa yalan danışırsan? Şeyx özü haradadır?” Seyyid cavab verir: “Şeyx İsfahandan çıxmağa hazırlaşırdı. Amma indi yol üstə durub məni gözləyir ki, qayıdb ona cavab deyim”. Vali bu sözü eşidən kimi əmr edir ki, tez pul gətirin. Dərhal əl altında olan pul kisələrindən birini gətirirlər. Gözəyarı baxanda görürlər ki, kisədəki pul yüz tüməndən artıqdır. Xidmətçi icazə istəyir ki, kisədəki puldan yüz tümən sayıb ayırsın. Vali dəhşət içində deyir: “Yox-yox, lazım deyil, vaxtı itirməyin! Çünki əgər Şeyx özü buraya təşrif gətirsə, bundan bir neçə qat artıq pul verəsi olacağam”.

Pul kisəsini seyyidə verib yola salırlar. Seyyid gəlib görür ki, Şeyx həqiqətən onu gözləyir. Kisədəki pulları sayanda iki yüz tümən olduğunu görürlər. Şeyx yüz tüməni ayırıb seyyidə verir, qalan yüz tüməni də o biri ehtiyaclıların arasında paylayır, sonra şəhərdən çıxıb gedir.

Mənbə: islam.az


Top