Son anda verilən halallıq

Son anda verilən halallıq

Keçmiş kitablarda məhşur övliya və ariflərin həyatından maraqlı, tərbiyəvi xarakter daşıyan əhvalatlara tez-tez rast gəlinir. Məşhur övliyalardan olmuş Malik ibn Dinarın həyatında baş vermiş, Dr. Ənvər Örənin “Evliyalar Ansiklopedisi”ndə əks olan bir qissəni də sizə təqdim edirik.

Deyilənə görə Malik ibn Dinar həcc mövsümündə ziyarətini başa vurduqdan sonra müqəddəs məkanda yatmış ikən yuxuda bir səs eşidir: “Ey Malik! Bu il həccə gələnlərdən filan əlamətli Əbdürrəhman ibn Mühəmmədin günahları bağışlanmadı, həcci də qəbul olmadı”.

Malik səhər hacıların arasında dolaşıb, yuxuda ona deyilən əlamətlər əsasında Əbdürrəhmanı axtarmağa başlayır. Ona deyirlər ki, dediyin adam Quran əhlidir, yəni Quran qaresidir, hər il öz şəhərindən durub həccə gəlir.

Malik ibn Dinar axtara-axtara dolaşıb, Əbdürrəhmanı tapır. Görür ki, bir güşəyə çəkilib Quran oxumaqla məşğuldur. Əbdürrəhman Maliki görən kimi ürəkdən bir ah çəkib huşunu itirir. Özünə gələndən sonra Malikdən soruşur: “Sən yəqin ki, bu gecə məni yuxuda görmüsən, indi də Allah-təalanın məni bağışlamadığını söyləmək üçün gəlmisən”.

Malik heyrət içində qalır: “Əgər mənim yuxum sənə agah olubsa, deməli, sən saleh bəndələrdən birisən. Bəs nəyə görə Allah səni bağışlamır? Hansı günahın sahibisən?”

Əbdürrəhman öz əhvalatını danışmağa başlayır: “Neçə illər bundan qabaq cahil idim, nə din bilirdim, nə də şəriət. Haramı-halalı tanımazdım, sərxoşluq edərdim. Ramazan ayının ilk gecəsində şərab içdim. Atam evə gəlmədiyimi görüb məni axtarmağa başlayır, bir xarabalıqda yatmış halda tapır. Ayıldıb evə gətirmək istərkən, sərxoş olduğumdan onunla dalaşmağa başladım. Özüm də bilmədən atamın sifətinə elə möhkəm sillə vurdum ki, gözü əzilib kor oldu. Atam o anda qəzəblənib mənə qarğış etdi. Mən isə özümdə deyildim. Ertəsi gün sərxoşluğum keçdi, özümə gəldim. Gecə nə etdiyimi öyrənəndə elə peşman oldum ki, içkidən tövbə etdim, kölələrimə azadlıq verdim. Həmin gündən tövbə-istiğfar edib dinə gəldim. Amma atam məni bağışlamadı. Bütün sərvətimi satıb sədəqə verdim. Hər il həcc vaxtı karvana qoşulub Allahın evini ziyarət etməyə gəlirəm. Ağlayıb-sızlayıram, günahlarımı bağışlamaq üçün Allaha yalvarıram. Amma hər il həccin sonunda sənin kimi bir övliya gəlib mənə deyir ki, yuxuda Allahın məni bağışlamadığını eşidib”.

Əbdürrəhmanın söhbətindən kövrəlmiş Malik qərara alır ki, onun atasını tapıb oğlunu bağışlamasını xahiş etsin. Malik Əbdürrəhmanın yaşadığı şəhərə gəlir, soraqlaşıb atasını tapır. Bir gözünü itirmiş qoca ata Malik ibn Dinarın şöhrətini eşitmişdi, onu mehribanlıqla qarşılayır, nə istəyi varsa, yerinə yetirməyə hazır olduğunu bildirir. Malik deyir: “Ata, təsəvvür et ki, qiyamət qopub, məhşər qurulub. Oğlun Əbdürrəhmanı cəhənnəmə aparırlar. Bunu görsən, üzülməzsənmi? Onu cəhənnəmdən xilas etmək istəməzsənmi?” Ata söhbətin nədən getdiyini başa düşüb, göz yaşları içində Malikə deyir: “Şahid ol ki, mən oğlumun təqsirindən keçdim, haqqımı ona halal edirəm”.

Malik xoş xəbəri çatdırmaq üçün sevincək halda Əbdürrəhmanın yanına gəlir, amma onu çox pis vəziyyətdə görür. Əbdürrəhman ömrünün son saatlarını yaşayırdı, can vermək üzrə idi. Bu arada atası də oğlunu görməyə gəlir. Oğlunun ölüm ayağında olduğunu görən ata əvvəlcə nə edəcəyini bilmir, sonra özünü toplayıb Malikə deyir: “Can verən adama kəlmeyi-şəhadəti təlqin etmək müstəhəbdir. Xahiş edirəm, oğlum üçün bu işi sən gör”. Malik Əbdürrəhmanın başının üzərinə gəlir, kəlmeyi-şəhadəti söyləyib, onun təkrar etməsini gözləyir. Amma Əbdürrəhman kəlmeyi-şəhadəti söyləmək əvəzinə, atasına üz tutub deyir: “Atacan, yalvarıram, sən də mənim gözümü çıxar ki, cəzam qiyamətə qalmasın, bu dünyadan azad halda köçüm”. Atası hıçqırıqlar içində cavab verir: “Oğlum, gözümün nuru, mən səni bağışladım. Bil ki, mən səndən razıyam, Allah da səndən razı olsun”.

Əbdürrəhman bü sözləri eşidən kimi kəlmeyi-şəhadəti söyləyir. Malik onun halının yüngülləşdiyini güman edib soruşur: “Vəziyyətin necədir? Nə hiss edirsən?” Əbdürrəhman son gücünü toplayıb deyir: “Bayaq canvermə çabaları içində ikən başımın üstündə bir mələk durduğunu gördüm. Əlindəki odlu gürzlə məni hədələyib deyirdi ki, atan səndən razı deyil, ona görə bu gürzlə səni döyə-döyə canını alacağam. Atam mənə halallıq verəndən sonra isə xoş simalı bir mələk gəlib əlindəki yaşıl dəsmalla gözümün yaşını, alnımın tərini sildi və dedi: “Əbdürrəhman, kəlmeyi-şəhadətini söylə. Atan halallıq verdiyi üçün Allah da səni bağışladı”.

Əbdürrəhman bu sözləri deyəndən sonra gözlərini əbədi olaraq yumub həyata vida etdi.

Mənbə: islam.az

Top