Ölüm hökmü cəzaları

Ölüm hökmü cəzaları

İstər Hammurapi qanunlarında, istər Roma hüququnda və ya islam ədliyyəsində ölüm cəzası yer alıb. Lakin bu cəzalar heç də birtipli olmayıb. Ölüm cəzası tətbiq edildiyi cinayətlər və icra formaları ölkələrə və hüquq sistemlərinə görə dəyişib. Bütün tarix boyu (elə indi də) ölüm hökmü tərəfdarlarının bir əsas dəlili olub: cinayətkarlığın səviyyəsini aşağı salmaq.
Tarix boyu edam formaları bir-birini əvəz edib və çoxu da bu günə qədər gəlib çatıb. Lent.az sizə qədim dövrlərdə tətbiq olunan edam növləri haqda qısa məlumat təqdim edir.

Suda boğma
Bunun üçün məhkumun əl-qolunu bağlayıb suya atırdılar. Bu üsul Azərbaycanda 19-cu əsrdə rus zülmünə üsyan edənlərə qarşı geniş tətbiq edilib.

Boğma qəfəsi
Boğma qəfəsi suda boğmaya bənzəyən keçmiş edam növlərindən biridir. Cinayətkarları metal qəfəsə yığdıqdan sonra qapı bağlanır və qəfəsi suya daldırırdılar. Qəfəsin ölçülərindən asılı olaraq, 1 dəfəyə 10 nəfərə yaxın adamı edam etmək mümkün olurdu.

Çarmıxa çəkmə
Çarmıxa çəkmə cəzalandırılan şəxsi müəyyən vasitələrlə (ip, zəncir mismar və s.) T şəkilli çarmıxa bağladıqdan sonra ayaq və qol əzələlərini dartmaqla tətbiq olunan edam üsuludur. Bu üsul ilk dəfə quldarlıq Avropasında tətbiq olunub və məhkumun əzabla ölməsinə hesablanıb.

Şaqqalama
Bu üsul insanı qılınc, balta və s. vasitəsilə bir neçə yerə parçalamaqla həyata keçirilir. Qədim Şərqdə bu cəza ağır cinayət törədənlərin cəzalandırılması (quldurluq, kafirlik, mürtədlik) zamanı istifadə olunurdu. Bu səhnə azərbaycanlı tamaşaçıya “Babək” filmindən tanışdır.

Ata qoşub dartmaq
Cəzalandırılan şəxsin əl və ayaqlarını 4 ata qoşub hər atı bir istiqamətdə sürürdülər. Xüsusi ağır cinayətlər zamanı bu üsuldan istifadə olunurdu. Bu üsul Asiya ərazisində, xüsusilə qədim Hindistanda fillər vasitəsilə yerinə yetirilirdi. Metoddan ölümlə yanaşı, işgəncə üçün də istifadə edirdilər. Azərbaycan nağıllarına inansaq, bizdə cəza olaraq, insanı qatırın və ya atın quyruğuna bağlayıb sürüyürdülər. Ermənilərin də azərbaycanlılara qarşı bu metoddan istifadə etdiklərini vaxtilə qəzetlər yazıb. Lakin onlar at yerinə traktor və yük avtomobillərindən istifadə ediblər.

Vəhşi heyvanlara yem etmə
Bunun üçün məhkumu heyvanların saxlandığı qəfəsə atırdılar. Bu səhnə Azərbaycan tamaşaçısına “Sehrli xalat” filmindən tanışdır. Nizami Gəncəvinin əsərlərində də bu mövzuya toxunulub (burda isə cəzalandırılacaq şəxs pələng deyil, ac itlərin qarşısına atılır).

İlanların içinə atmaq
Bu metod əsasən, isti ölkələrdə zəhərli ilanların çox olduğu yerlərdə tətbiq edilib. Bu cəzanın da icrası vəhşi heyvanlara yem etmə ilə oxşardır. Cəza zamanı əsasən, gürzə və kobralardan istifadə olunur. Bu ilanların çaldığı canlılar cəmi bir neçə dəqiqə yaşaya bilir.

Fillə tapdalama
Bu üsuldan əsasən, Hindistan və ona qonşu olan ölkələrdə istifadə olunub. Edam zamanı məhkum yerə uzadılaraq əli və ayaqları bağlanır, üstündən fillər keçirilirdi. Bu üsul ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.

Xalça
Edam zamanı məhkum xalçaya bükülür, daha sonra süvari dəstəsi nizamsız şəkildə xalçanın üstündən keçirdi. Çingiz xanın dövründə tətbiq olunan bu edam forması yalnız zadəgan ailələrinə “nəsib olurdu”. Bəlkə də “palaza bürün, el ilə sürün” məsəli də mənşəyini buradan götürür.

Baş yarma
Qədim Amazonlarda, Ekvatorial Afrika və Polineziyada bu edam metodundan istifadə olunurdu. Cəzalanacaq şəxsin başı qılıncla ikiyə bölünür və o bir neçə dəqiqə ərzində dünyasını dəyişirdi.

Divar hörmə
Məhkumu hava keçirməyən və işıq düşməyən otağa salırdılar (ubliet). O da susuzluq, aclıq və asfiksiya nəticəsində tədricən ölürdü. Yaxud da insanı tənha bir yerə qoyub ətrafına divar hörürdülər.

Diri-diri basdırma
Bu üsul zamanı cəzalandırılan şəxsi diri-diri torpağa basdırırdılar.

Qarın kəsmə
Bu metod ilk dəfə qədim Roma və Yunanıstanda istifadə olunub, Yaponiyada isə hara-kiri adlanırdı.

Oda atma
Bu edam növündə insanların əlini və ayaqlarını bağlayıb yanan odun üzərinə atırdılar. Edam fərdi və kütləvi yerinə yetirilə bilər. İnkvizisiya dövründə Avropada kilsəyə qarşı çıxanları bu metodla cəzalandırırdılar. İtalyan alim Cordano Bruno odda yandırılanlardan ən məşhurudur.

Şallaqlama
Əsasən, işgəncə və bədən cəzası üçün istifadə olunan bu üsul ölüm hökmünün icrasında da tətbiq olunurdu. Çox vaxt məhkum 40 şallaq vurulduqdan sonra ölürdü. Rusiyada isə şallaq kimi göndən hazırlanan qamçıdan istifadə olunurdu.

Dəri soyma
Bu növ edam zamanı insanın dərisi başdan-ayağa diri-diri soyulurdu. Bu metodla böyük Azərbaycan şairi Nəsimini edam etmişdilər. Əfqanlar da bu metoddan “şurəvilər”ə (sovet əsgəri) qarşı istifadə edib. Bunun üçün əsirin əl-qolunu bağlayıb yüksək dozada narkotik vurur və dərisini soyurlar. Narkotikin təsiri gedəndən sonra insan ağrı şokundan ölürdü.

Qaynatma
Cəzalandırılan şəxs əl-qolu bağlanaraq böyük qaynar qazana salınır. Cəza üçün su və bitki yağından istifadə oluna bilirdi. Bu üsulla Orta Əsrlər Avropasında saxta pul kəsənlər cəzalandırılırdılar.

Süngüyə keçirmə
Fars imperiyasında, Tailandda və Avropada bu edam növü ilə məhkumları diri-diri süngüyə keçirirdilər. Əsasən isə homoseksuallar bu metodla cəzalandırılırdılar.

Ağır yüklə işgəncə vermə
Bu cəza üsulu İngiltərədə əsasən, məhkəmədə ifadə verməkdən boyun qaçıranlara və qeybdən xəbər verənlərə tətbiq olunurdu. Məhkum yerə uzadılır, sinəsinə taxta lövhə qoyulurdu. Lövhənin üstünə qoyulan yükün miqdarı tədricən artırılır və təqribən 3 gün sonra məhkum ölürdü.

Təkərləmə
Edamın bu növündə məhkumu təkərə bağlayır və diyirlədirdilər. Diyirlənən zaman cəllad metal çubuqla məhkumu qamçılayırdı.

Kəndirlə bağlama
Bu metodla edam zamanı məhkumu dirəyə möhkəm bağlayırdılar. Nəticədə arteriyalarda qanın hərəkəti dayanır və məhkum tədricən ölürdü. Bu üsul 20-ci əsrədək İspaniyada geniş tətbiq edilib.

Ərinmiş metal
Bu üsul əsasən, Cənubi Amerikada tətbiq edilib. Bu yolla adam öldürmək üçün onun üstünə ərinmiş metal tökürdülər. Deyilənlərə görə Şeyx Şamilin rus çarından ilk xahişi bu olub: “Onu satan şəxsə verilən qızıl əridilərək həmin satqının boğazına tökülsün”. Xahiş icra edilib.

Yüksəklikdən atma
Bu zaman məhkumu ya hündür binadan, ya da dağın zirvəsindən aşağı buraxırdılar.

Ölüm hökmünün icra metodları zaman keçdikcə təkmilləşib. Lakin “Ən effektli metod hansıdır?” sualı bu gün də aktuallığını qoruyur. Bu gün dünyanın bir çox ölkəsində asma, güllələmə, zəhərli iynə və elektrik stulu geniş tətbiq edilir. Biz isə qədim dövrlərdə istifadə edilmiş metodlardan söz açdıq.

Son söz yerinə
Ölüm hökmü tərəfdarlı bu cəza metodunun tətbiqi ilə cinayətkarlıq səviyyəsinin aşağı düşəcəyini iddia etsələr də, faktlar başqa şey deyir. Uzağa getməyək, Azərbaycanda cinayətkarlıq səviyyəsi (xüsusən də ağır cinayətlər) ölüm hökmünün tətbiq edildiyi İran və Əfqanıstanla müqayisə edilməyəcək qədər azdır.

10 fevral 1998-ci ildə Azərbaycan parlamenti ölüm hökmünün bütün növlərini ləğv etdi. Qanun fevralın 21-də dərc olunduqdan sonra qüvvəyə mindi. Barəsində ölüm hökmü çıxarılmış 128 nəfərin cəzası dəyişdirildi və uzun müddətli həbslə əvəz olundu. Bu şəxslərin bəziləri sonradan amnistiyaya düşərək azadlığa qovuşdu. 1993-cü ilin iyunundan isə Azərbaycanda ölüm hökmünə de-fakto moratorium qoyulmuşdu.10 fevral 1998-ci il qərarı ilə Azərbaycan daha bir yeniliyə imza atdı: ölkəmiz ölüm hökmünü ləğv edən ilk Şərq dövləti oldu.

Müəllif: Vüqar Ələsgərov
Mənbə: Lent.az

Top