Cəhənnəmdən qurtaran vəsiyyət
Bir gün Abbasi xəlifəsi Məmunun əyanlarından biri onun üçün belə bir əhvalat danışdı:
Qonşuluğumuzda dindar bir kişi yaşayırdı. Heç kəsin haqqına təcavüz etməz, əlinin zəhməti ilə ruzi qazanardı. Halal yolla bir qədər sərvət əldə etmişdi. Amma oğlu çox təcrübəsiz və bədxərc idi, pis adamlarla durub-otururdu. Kişi öləndə oğlunu yanına çağırdı və ona bu cür vəsiyyət etdi:
“Oğlum, mən ömrüm boyu zəhmət çəkib bir az pul toplamışam. Onları sənin üçün irs buraxıram. Vəsiyyətim budur ki, bacardığın qədər pis dostlardan uzaq ol, israf etmə, malının qədrini bil. Amma inanmıram ki, bu vəsiyyətimə əməl edəsən. Çünki sənin iradəsiz və bədxərc olduğunu bilirəm. Bilirəm ki, mən öləndən sonra oturub-durduğun adamlar sənin ətrafına toplaşacaq, sərvətini yeyib-dağıdacaq, axırda səni quru yer üzərində qoyacaqlar. Köməyə ehtiyacın olan vaxt isə heç kim sənə yaxın durmayacaq. Amma heç olmazsa, bir sözümə əməl et. Hər nəyi xərcləsən də, məbada evi satmayasan. Müflis olub hər yerdən əlin üzüləndə mənim sözlərimi yada salarsan. Başına gələnlər haqqında yaxşı-yaxşı düşünərsən. Xatırlayarsan ki, bütün bunlaı mən sənə qabaqcadan demişdim. O zaman dünya başına dar gələcək, yaşamaqdansa ölməyi üstün tutacaqsan. Həqiqətən, sərvətini nacins adamlara yedizdirib, sonra əl açıb dilənməkdənsə, ölmək daha yaxşıdır. Özünü öldürmək fikrinə düşsən, bunu evdə et ki, camaatın yanında rüsvay olub dilə-dişə düşməyəsən. Bax, indi xəstə yatdığım bu otağın tavanına iri bir mismar vurmuşam. Kəndiri həmin mismara bağlayıb boynuna keçirərsən, özünü asarsan”.
Kişi bu sözləri deyib gözlərini dünyaya yumur. Hər şey onun dediyi kimi olur. Həqiqətən, dostları oğlanı eyş-işrət məclislərinə çəkirlər, mal-dövlətini bihudə əyləncələrə, qumara xərclədirlər. Tezliklə oğlan bütün sərvətini itirib müflis olur, cibində bircə dirhəmi də qalmır. Atasının sözlərini yada salanda həm dərd-fikirdən, həm də xəcalətdən özünə yer tapa bilmir. Etdiyi səhvləri bir-bir xatırlayıb peşman olur. Amma nə faydası? Artıq hər şey itirilmişdi. Bircə əlac ona qalırdı ki, atası deyən kimi özünü öldürüb bu zillətdən xilas olsun.
Atasının son vəsiyyətiniə əməl etmək üçün oğul həmin otağa gəlir, kəndirin bir ucunu tavandakı mismara keçirib, o biri ucunu öz boğazına bağlayır. Altındakı kətili ayağı ilə itələyir. Amma atasının onun haqqındakı fikri başqa imiş. Oğlanın ağırlığından tavanın bir hissəsi qopub düşür. Onun altından isə böyük miqdarda qızıl-gümüş pul oğlanın başına tökülür. Sən demə, atası ona ibrət dərsi vermək üçün pulun bir hissəsini tavanın üstündə gizlətmiş, həmin yeri nişanlamaq üçün ora bir mismar vurmuşdu. Elə etmişdi ki, mismarı möhkəm dartanda tavanın həmin hissəsi qopsun. Bu yolla ata həm öz oğlunun səhvini ona başa saldı, həm də onu zillətdən xilas etdi. Peşman olmuş oğul bu pulla öz həyatını yenidən qurdu, amma daha əvvəlki kimi bədxərclik etmədi, pis dostlardan da birdəfəlik uzaqlaşdı.
Allahın yaratdığını kamilləşdirməyə cəhd
Ötən əsrlərdə yaşamış Sünbül Sinan adlı övliya bir gün öz şagirdlərindən soruşdu: “Fərz edin ki, Allah-təala bu kainatı yenidən yaratmağı sizə tapşırıb. Bu halda nə edərdiniz?”
Şagirdlərin hərəsi bir söz söylədi. Biri dedi ki, bütün kafirləri məhv edərdim. O biri dedi ki, bütün şərab içənləri yox edərdim. Digəri isə bütün tütün çəkənləri məhv etmək istədiyini bildirdi. Şagirdlərin biri — Müslihiddin Əfəndi isə heç bir cavab vermədi. Müəllim bunun səbəbini soruşanda Müslihiddin Əfəndi cavab verdi: “Müəllim, məgər Allahın iradəsində nöqsan varmı ki, mən onda dəyişiklik etmək istəyim? Allah hər şeyi necə yaratmışsa, hеç bir dəyişiklik еtmədən o şəkildə saxlayardım”. Sünbül Sinan bu cavabı eşidən kimi razı qalıb söylədi: “Məsələ öz cavabını tapdı”.
İslamı düzgün anlayan hökmdar
Əs-Suyuti nəql edir ki, Misirin Oğuz hökmdarı Əhməd ibn Tulun adətən səhərlər məscidlərə baş çəkər, Quran oxunmasını dinləyərdi. Bir dəfə dostlarından birini yanına çağıraraq, ona bir qədər pul verir və xahiş edir:
— Filan məscidə gedərsən və bu dinarları imama çatdırarsan.
Göstərişi yerinə yetirdikdən sonra həmən adam əmirin yanına qayıdır, baş verənləri nəql edir:
— Pulları imama verəndən sonra bir qədər söhbətləşdik. Məlum oldu ki, o, həyat yoldaşı ilə ayrılıb və onun təsərrüfat işləri ilə məşğul olacaq bir kimsəsi yoxdur. Bu məsələ imamı o qədər narahat edir ki, hətta məsciddə Quran oxuyanda bəzən səhvlərə yol verir.
İbn Tulun dedi:
— Düz söyləyir. Dünən səhər həmin məsciddə idim. İmam bəzən Quranı səhv tilavət edirdi. Anladım ki, bu məsələnin arxasında nəsə gizlənir, onu fikirləri yaman qarışıqdır.
Bir baxın, İbn Tulun islamı nə dərəcədə düzgün anlamışdı! Məsciddə imama və ya hansısa qardaşımıza irad tutarkən nə qədər də tələsirik! Allah bizim günahlarımızı bağışlasın! Gələn dəfə imamın və ya qardaşımızın səhvini gördükdə, ona tənə vurmaq, rişxənd etmək əvəzinə, maraqlanaq: bəlkə ciddi problemlərlə üz-üzədir və nəyəsə ehtiyacı var?