Qara üzüm salxımı

Qara üzüm salxımı

İstanbulun Topqapı səmtində Təkkəçi İbrahim Çavuş Camisi adlı Memar Sinan tərəfindən tikilmiş məscid var. Bu yazı həmin məscidin hekayəsidir.
   Osmanlının dövründə İstanbulda, Topqapı qalalarının dibində, kiçik bir komada kasıb bir təkkəçi yaşayırmış. Təkkəçi nə qədər yoxsul olsa da, çox ürəyiaçıq insan imiş. Bir tərəfdən təkkələri təmir edib tikər, bir tərəfdən də: " Allah mənə sərvət versəidi, burada bir məscid tikərdim! " - deyə öz-özünə dua edərmiş. Bunu eşidənlər də:

   - Ey İbrahim Çavuş, nə ilə tikdirəcəksən məscidi? Sənin öz-özünə bir xeyrin dəymir, - deyib İbrahim Əfəndini bu röyasından oyatmağa çalışırmışlar.
   Lakin Təkkəçi İbrahim Çavuş heç ümidini itirmir, davamlı dua edir.
   Məscid tikdirmə sevdası qəlbində bir alov kimi yanırmış. Bəzən yoldaşları Təkkəçi İbrahimə zarafatyana:
   - İbrahim əmi, məscid nə vaxt tikilib qurtarır? Bax insanlar namaz qılmağa yer tapa bilmir, - deyirdilər.

   İbrahim Çavuş onların bu rəftarına məhəl qoymur, bir yandan işini görür, bir yandan da Allaha təvəkkül edib dua edirmiş.
   Günlərin bir günü Təkkəçi İbrahim Çavuş bir yuxu görür. Yuxuda gördüyü ağsaqqal kişi ona: " Bağdada get -deyirdi, - get, orada bir ev, o evin həyətində bir üzüm bağı var, o üzümdən ye! "

   Təkkəçi İbrahim Çavuş həyəcan içində yuxudan oyanir. " Xeyirdir, İnşallah! " -deyir, amma yuxuya bir məna verə bilmir. Ertəsi gün sübh namazından əvvəl bu yuxunu əyan-bəyan yenə görür. " Xeyirdir, İnşallah! Görəsən,gedim?" - deyə düşünür, lakin qəti qərar verə bilmir. Üçüncü dəfə də eyni yuxunu görəndə Təkkəçi İbrahim Çavuş: " Hər halda bizə yol görünür, "- deyib heybəsinə azuqə doldurub heç kəsə xəbər vermədən yola çıxır. Bağdada gedən karvanlardan birinə qoşulur.

   Təkkəçi İbrahim Çavuş az gedir, çox gedir, nəhayət, gəlib Bağdada çatır. Soruşa-soruşa yuxusunda gördüyü evi tapır. Bir də nə görsə, yaxşıdı?! Evin həyətində bir üzüm bağı və ağ üzümlərin arasında qara üzüm salxımı. Yuxusunun çin olması onu heyrətə gətirir. " Bismillah " deyib əlini uzadır ki, qara üzüm salxımını qoparsın, evin sahibi İbrahim Çavuşun biləyindən yapışır:
   - Salaməleyküm, əcnəbi, - deyir.

   - Əleykəssalam, -deyə cavab verir İbrahim Çavuş.

   - Ey əcnəbi, sahibindən icazəsiz o üzümü dərmək olar?! - deyə bağın sahibi məzəmmət edir.

   Xəcalətdən başını aşağı salan İbrahim Çavuş yuxusunu ona danışır. Evin sahibi yuxunu dinləyib gülür, üzümü dərib yeməsinə icazə verir:
 
   Ey əcnəbi, bir yuxudan ötrü ta İstanbuldan buralara gəlmək olar? Üstəlik bir üzüm yemək üçün. Əgər yuxuya görə iş görülməli olsa, onda gərək birinci mən yollara düşəydim...
   İbrahim Çavuş təəccüblü baxışlarla:

   - Sən niyə yola düşməlisən? - deyə soruşur.
   Ev sahibi istehza ilə:

   - Altı ay qabaq bir gecə yuxuda bir ağsaqqal İstanbuldakı Topqapı adlı səmtə getməyi tapşırdı. Orda bir təkkəçi yaşayırmış. Adı hələ də yadımdadır: İbrahim! Onun komasının ocağının altında iki küp xəzinə varmış. Səhər qalxıb yuxumu arvadıma danışdım. Xanım: " Bu yuxu sadiq yuxuya bənzəyir, get gör nə var İstanbulda , " - dedi. Mən də ona: " Bir yuxuya görə İstanbula getmərəm, "- dedim. Necədir, düz demişəm?!

   - Düz demisən, düz demisən.

   Ev sahibi:

   - Bu dünyada nə qəribə insanlar var, -deyib İbrahim Çavuşun yanından uzaqlaşdı.

   İbrahim Çavuşun heyrətdən ağzı açıq qalır. Onun arxasınca baxa-baxa yuxusunun hikmətini başa düşür. Allaha duasını qəbul etdiyi üçün şükür edir. Təkkəçi İbrahim Çavuş öz adı ilə məşhur olan məscidi həmin xəzinənin yarısı ilə tikdirir, yarısını da dövlət xəzinəsinə göndərir.

Top