Oyuncaq

Oyuncaq

Bəzən yay gecələrində evlərinə gedərdim. Həyətlətinə baxan geniş eyvanında oturur və gec saatlara qədər söhbət edirdik. O gecə onlara onlara gedəndə yenə eyvanda oturmuşdu. Məni görən kimi zarafatla:
- Hardasan, dostum? Üzünü görən hacı olacaq, - dedi.
Mən də zarafatla:
- Elə hacı olasan deyə gec - gec gəlirəm, - dedim.
Ancaq təsadüflərə inanan bir adam kimi:
- Elə bir bu əskik idi. Sanki burada danışdıqların bəs deyil, - dedi.
Təbii ki, o, bununla etdiyimiz söhbətləri nəzərdə tuturdu.Çünki hər fürsət düşəndə ona Allahın varlığından bəhs edir və onun da get - gedə "yumşaldığını" hiss edirdim.
- İnanmaq aölımızın ehtiyacıdır. Əgər ağıllıyıqsa, inanmamaq mümkün deyil, - dedim...
Bir qədər havadan, sudan danışdıq. Çayımızı içməyə başlamışdıq ki, yanımızda oturan kiçik oğluna:
- Get, yeni oyuncağını gətir, qoy, əmin də görsün, - dedi.
Uşaq qaçaraq yan otağa getdi və əlində böyük bir qutu geri qayıtdı. Dostum masanın üstünü boşalda - boşalda:
- Elə bir oyuncaqdır ki, heyrətə gələcəksən. Az qala adamın ağlını başından alır, - dedi.
Dostum oyuncağı uşağın əlindən alaraq qutusundan çıxardı və masanın üstünə qoyaraq işə saldı. Bu kiçik bir avtomobil idi. Qarşı tərəfdəki işıqları yanıb - sönür və masanın kənarına çatmamış yolunu dəyişirdi. O, bir tərəfdən bu kiçik avtomobilə tamaşa edir, bir tərəfdən də:
- Çox qeyri - adi bir şeydir. Üstəlik də, yapon malıdır. Bu adamlara heyran olmamaq mümkün deyil, - dedi.
Uşaq yeni oyuncağına bir qədər baxdı və sonra da o biri oyuncaqlarının yanına getdi. Ancaq biz isə hələ də baxmaqda davam edirdik. Dostum:
- Bu oyuncağa tamaşa etmək çox maraqlıdır. Ancaq bu kiçik şeyə batareya çatdırmaq üçün gərək ən azı bir batareya fabriki ilə şərik olasan, - dedi.
Doğrudan da, çox keçməmiş avtomobilin batareyaları zəifləməyə başladı. Bunu avtomobilin sürətinin azalmasından və işığının sozalmasından da görmək olardı. Bir qədər sonra isə avtomobil bir dəfəlik dayandı. Elə bu vaxt kiçik bir işığın yanıb sönərək masaya doğru "endiyini" gördük.
Bu, uşaqlıqda gecələr axtarmağa çıxdığımız işıldaquşlardan biri idi. Üzümü dostuma tutaraq:
- Bax,- dedim, - Əsl "oyuncaq" gəldi.
Bu dəfə masa üzərindəki avtomobili qoyub ona tamaşa etməyə başladıq. İşıldaquş artıq oyuncağın yanına qonmuş və sanki öz parlaq işığını onun sönük işığı ilə müqaisə etməyə başlamışdı. O, gah masanın üzərində, gah yan tərəfində gəzir, gah da masanın altına keçərək işığını yandırırdı. Dostuma baxdım. Dizləri üstünə çğkərək işıldaquşa baxır və heç bir hərəkətini gözdən qoymurdu. Bir qədər də tamaşa etdikdən sonra:
- Bax, - dedim, - Gör böcəyin üstündə hara malı olduğu yazılıbmı?
Yavaş - yavaş ayağa qalxaraq:
- Əlbəttə yazılıb, dostum, - dedi, - Və şükür ki, gec də olsa, o yazını oxuya bildim...

Mənbə: Ailəm jurnalı
Top