Yaşlı adam və iki qadın

Yaşlı adam və iki qadın

Həzrəti İbrahim ( ə.s.) uzun müddət görmədiyi oğlu Həzrəti İsmayıla baş çəkmək üçün Məkkəyə getməyə qərar verdi. Məkkədə yaşayan Həzrəti İsmayıl ( ə.s. ) oranın camaatı tərəfindən çox sevilirdi. Həzrəti İbrahim Məkkəyə gələndə rastına çıxan ilk adamdan oğlunun evini soruşdu. Adam evin yerini dedi. Həzrəti İbrahim adamın dediyi evə çatdı, qapını döydü, içəridən qaşqabaqlı bir xanım çıxdı. Bu xanım Həzrəti İsmayılın həyat yoldaşı idi. Ancaq çox yolagetməz bir insandı. O, əsla Həzrəti İsmayıla layiq bir xanım deyildi. Həzrəti İsmayıl həyat yoldaşının yaxşı insan olması üçün səbrlə çalışmış, amma bir nəticəsi olmamışdı. Qozbeli qəbir düzəldər. Həzrəti İsmayılın da səbr etməkdən başqa əlacı yox idi.
Həzrəti İbrahim qapıda duran qadına:
- İsmayıl evdə deyilmi?- dedi. Qadın sərt səslə:
- İsmayıl evdə yoxdur. Ruzimizi qazanmağa getdi- dedi.
Həzrəti İbrahim qadından soruşdu:
- Vəziyyətiniz necədir, dolanışığınız yaxşıdırmı?
Qadın vəziyyətlərindən şikayətlənərək dedi:
- Çox ağırdır, bir təhər dolanırıq.
Bundan sonra Həzrəti İbrahim:
- İsmayıl gələndə ona salamımı söylə. Həm də ona xatırlat ki, qapısının eşiyini dəyişdirsin, - dedi və Məkkədən çıxıb getdi.
Həzrəti İsmayıl evə gələndə evdəki gözəl qoxudan atasının gəldiyini hiss etdi. Çox həyacanlandı.
Ancaq evdə həyat yoldaşından başqa heç kim yox idi. Xanımından soruşdu:
- Bu gün evimizə gələn olubmu?
Qadın:
- Bəli, yaşlı, bir adam gəldi. Səni soruşdu. Mən də evdə olmadığını dedim. Sonra necə dolandığımızı soruşdu. Mən də çətin vəziyyətdə olduğumuzu və bir təhər dolandığımızı dedim. Hə, bir də ayrılıb gedərkən " Həyat yoldaşına de ki, qapısının eşiyini dəyişdirsin" - dedi.
Həzrəti İsmayıl atasının ona verdiyi ismarıcı anladı. Atasının bu sözlərindən həyat yoldaşının yaxşı insan olmadığını və ondan ayrılmasının xeyirli bir qərar olacağını başa düşdü. Onsuz da xanımı ilə arasındakı problemlər dözülməz idi. Bu işi uzatmağın mənası yoxdu. Bundan sonra Həzrəti İsmayıl həyat yoldaşından boşanıb başqa bir xanımla evləndi.
Aradan xeyli vaxt keçmişdi. Həzrəti İbrahim yenidən oğluna baş çəkməyə qərar verdi. Məkkəyə gəldi və oğlunun evinə getdi. Qapını döydü. Bu dəfə qarşısına başqa bir xanım çıxdı. Həzrəti İbrahim:
- İsmayıl evdə deyilmi? Onunla görüşmək istəyirəm, - dedi.
Qadın:
- İsmayıl evdə yoxdur, əmi. Mən xanımıyam. Bazara ruzimizi qazanmağa getdi,- dedi.
Qadının hal və hərəkətləri Həzrəti İbrahimin diqqətindən yayınmadı. Sonra soruşdu:
- Qızım, vəziyyətiniz necədir? Dolana bilirsinizmi?
Qadın:
- Rəbbimizə şükürlər olsun. Bolluq və bərəkət içindəyik. Verdiyi nemətlərin şükründə acizik,- deyə cavab verdi və sözlərinə belə davam etdi:
- Yol gəlmisiniz. Sizə yemək gətirim. Həm aclığınız getsin, həm də bir az dincəlin. Həzrəti İsmayılın xanımı qarşısındakı adamın qayınatası olduğunu bilmirdi. Evdən yemək gətirdi. Həzrəti İbrahim yeməyi yedi və dua etdi. Ardından da qadına bunları dedi:
- Allah razı olsun, qızım. Çox oturmayacağam. Həyat yoldaşın gələndə ona de ki, qapısının eşiyinə sahib olsun, onunla xoş rəftar etsin.
Daha sonra Həzrəti İbrahim yola düşdü. Bir neçə saat keçməmişdi ki, Həzrəti İsmayıl evinə gəldi. Hələ qapıdan içəriyə girməmişdi ki, həyətdə gözəl bir qoxu hiss etdi. Bu qoxu atasına aid idi. Tez xanımından:
- Bu gün evə gələn oldumu? - deyə soruşdu.
Xanımı:
- Bəli, bir yaşlı adam gəldi. Səni soruşdu. Mən də evdə olmadığını dedim.
Daha sonra bir çətinliyimiz olub - olmadığını soruşdu. Mən də rahat və bolluq içində yaşadığımızı dedim. Yemək verdim. Çıxarkən də " Həyat yoldaşına salam söylə. Qapısının eşiyinə sahib olsun, onu xoş tutsun",- dedi. Bu sözlə nə demək istədiyini başa düşmədim. Səncə, nə demək istəmişdi? Həzrəti İsmayıl:
- Xanım! O yaşlı adam mənim atamdır. Qapının eşiyi də sənsən. Mənə səni razı etməyimi, səninlə yaxşı davranmağımı, səni incitməməyimi tövsiyə etmişdir. Demək ki, atam səni bəyənmiş və səndən razı qalmışdır.


Top