Yeməyini dağıdan qonaq

Yeməyini dağıdan qonaq

Həzrəti İbrahim (ə.s.) 160 yaşına gəlmişdi. Günlərin bir günü özündən iki yaş böyük bir qoca ilə qarşılaşdı. Qocanın ayaq üstə durası halı yox idi. Hz.İbrahim (ə.s.) onu evinə dəvət etdi və ona süfrə açdı. Birlikdə yemək yeməyə başladılar. Lakin yaşlı qonaq heç cür yemək yeyə bilmirdi. Üstəlik köməyə də razı olmurdu.Yeməyi gözünə , burnuna soxur, arada da ağzına apara bilirdi. Əli-üzü, üstü-başı tamam yeməyə bulaşmışdı. Elə bir yeməyi o yox, yemək onu yemişdi. Hz.İbrahim(ə.s.) ona baxıb:

-Ey yaşlı qonağım, niyə belə edirsən? İcazə ver, sənə kömək edim.

-Ey İbrahim, bunlar qocalığın əlamətləridir. Səni incitmək istəmirəm, məni bağışla.

-Yaxşı, bəs neçə yaşın var?

-Yüz altmış iki yaşındayam.
Həzrəti İbrahim(ə.s.) fikrə getdi. Qoca iki il özündən böyük idi. Əllərini qaldırdı və:" Allahım! Mənim bu hala düşmədən canımı al," deyə Uca Allaha dua etdi. Çox keçmədən yeməyini yeyə bilməyən, üst-başına dağıdan yaşlı qonaq dəyişilməyə başladı. Həzrəti İbrahim(ə.s.) ona diqqətlə baxanda qarşısında ölüm mələyi Həzrəti Əzraili gördü. Əzrail əsl simasını aldı və dedi:
Ey İbrahim, vaxtın gəldi. Duan qəbul edildi.Uca Allahın hüzuruna çıxma zamanıdır. Mən də bu vəzifəni yerinə yetirmək üçün gəldim.

Əzrail əleyhissalam Həzrəti İbrahimin yanına yaşlı qoca simasında gəlmiş və ölümü öz dili ilə istəsin deyə Allaha dua etdirmişdir.160 yaşında vəfat edən İbrahim əleyhissalam Şam bölgəsində Xəlilür-Rəhman qəsəbəsində dəfn edilmişdir.

Top