Həyatda nə əksək onu da biçərik. İbni Miskeveyh buyurur: "Uşaq valideynlərinin yanında əmanətdir. Onun tərtəmiz ürəyi naxış və sürətdən kənar, aydın və mücərrəd bir cövhərdir. Bu mübarək ürək, özünə nəqş edilən hər şeyə meyillidir. Nə tərəfə meyl etdirilsə oraya meyl edər." Biz uşağımıza əgər xeyiri öyrətsək, o da xeyir üzərində böyüyər. Dünya və axirətə sahib olar, bizlər də yəni ana və atalar da savabında ortaq olarıq. Əgər şərə alışdırılsa, heyvanlar kimi onlara laqeydlik edilsə, bu halda onlar həlaka doğru gedərək məhv ola bilərlər. Günah da onun tərbiyəsiylə mükəlləf olanın üzərindədir. Necə ki gözəllər gözəli Allahu Təala Quranı Kərimdə buyurur:
"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır."(66;6) Bu ayə ilə əlaqədar Əli bin Əbu Talha, İbn Abbasın belə dediyini rəvayət etməkdədir: "Siz özünüzü qoruyun, ailə xalqınıza da zikr və dua etmələrini əmr edin ta ki, Allah sizin vasitənizlə onları da qorusun". Həzrəti Əli və digər bir neçə səhabə isə bu ayənin təfsiri haqqında belə buyurublar: "Etdiyiniz işlərlə özünüzü qoruyun, onlara edəcəyiniz tövsiyələrlə də ailə xalqınızı qoruyun". Allahu Təalanın Təhrim sürəsində ki bu əmrini bəzən unudur, bəzən xatırlamır, hətta bəzən də Rəbbimizin belə bir ayə buyurmasından bixəbərik. Halbuki bu ayə ilə Allah insanı daim və ciddi şəkildə xəbərdar etməklə yanaşı bu məsələnin nə qədər əhəmiyyətli bir məsələ olmasından xəbər verir. Bu ayəni təfsir etsək bunları qeyd etmək olar: Ey insan qulaqlarını aç və eşit! Özündən, əhlindən məsul olduğunu unutma. Rahatlanalaraq özünü və onları nəzarətsiz olaraq bir anlıq belə cahiliyyətın və gəldi-gedər dünya əyləncəsinin qoyununa buraxma.
İslam alimlərindən biri isə bu ayənin təfsiri ilə əlaqədar bunları buyurur: "Əgər özünüzü və yaxınlarınızı qorumasanız, yaşadığınız məkanlar cəhənnəmə dönər və o cəhənnəmin yanacağı da o məkanların içində yaşayan insanlar olar."
Səhih hədisdə Həzrəti Peyğəm¬bərin (s.a.s) belə buyurduğu ifadə edilməkdədir: "Hamınız çobansınız və hamınız sürüsündən məsuldur. İnsanların başındakı imam bir çobandır və o, onlardan məsuldur. Adam ailə xalqı üzərində bir çobandır və onlardan məsuldur." (Buxari, I, 304, II. 848, 901, 902, III, 1010, V, 19H8, 1996, VI, 2611; Müslim, III, 1459: Tirmizi, IV, 208; Əbu Davud, III, 130; Müsnəd, II, 5, 54, 111, 121)
Peyğəmbər (s.a.s) digər bir hədisində: "Uşaqlarınıza və ev xalqına xeyir və yaxşılıq öyrədin, onları yaxşıca tərbiyə edib, ədəbləndirin" buyurmaqdadır.
Davamlı təkrarlanan "əhlinizdən məsulsunuz" ilahi əmrəni, sanki uşaqlarımıza ən gözəl geyimləri geydirməklə, qarınlarını ən gözəl yeməklərlə doyurmaqla, masalarına kompüter, altlarına velosiped, ayaqlarına ayaqqabı almaq kimi dar çərçivələrdə qəbul edirik. Halbuki ailə həyatı içində, böyüklərə düşən vəzifə, uşaqlara nümunə olaraq, dünyəvi zövqlərdən fədakarlıq etmənin gərəyini izah etmək, Allah və Rəsulunu razı edəcək əməlləri səmimiyyətlə etməyi öyrətməkdən ibarətdir.
Uşaqlarımız, tv-dən və ətraflarındakı yoldaşlarının davranışlarından səhvli olan halları nümunə götürüb, öz həyatlarına tətbiq edirlərsə bu halda bilinməlidir ki, uşaq tərbiyəsini ailədən almamış, ana kifayət qədər ana ola bilməmiş, ata da yetərincə ata olmamışdır. Uşaqlar ana atanın əlindən itib getmişsə bizim, Allah qarşısındakı vəziyyətimiz və həyatın içindəki mövqeyimiz doğru deyildir. Çünki doğru yolda kimsə itə bilməz. Bunu bilməliyik ki, uşaqlarımızın qüsurları, bizim onlara qarşı etdiyimiz qüsurların davamından başqa bir şey deyildir.
Yenə digər bir başqa hədisdə: "Şübhəsiz ki, Allahın sənin üzərində bir haqqı vardır, nəfsində sənin üzərində bir haqqı vardır, uşaq və övladında sənin üzərində haqqı vardır. O halda hər haqq sahibinin haqqını ver! "(Əbu Davud)
Bu hədisdən də anlaşılır ki, uşaqlarımızın bizim üzərimizdə böyük bir haqqları vardır. Uşağımızın yaxşı bir müsəlman olmasını istəyiriksə, əvvəlcə özümüzə nəzər etməliyik. Çünki uşaq tərbiyəsi məsələsində əvvəlcə ailə faktoru üzərində dayanaraq, ideal bir uşağın ancaq ideal bir ailə mühitində yetişəcəyinə inanmağımız lazımdır.
Bədiüzzaman Səid Nursi: "Uşağın ilk və ən təsirli müəllimi onun anasıdır" deyə buyurur. Ən böyük alimlər belə, ilk etiqad dərsini analarından almışdırlar. Bu sətirləri yazanda ilk iman dərsini anasından almışdır. Ananın uşağına olan sevgisinin, ona olan fədakarlığının qaynağı Allaha imandan kənar bir yol ola bilməz. Ana övladına haramı və halalı öyrədər. Doğruluğu və cömərdliyi, qohum və qonşulara köməyi, yaxşılığı və fədakarlığı öyrədər.
Hər bir ana uşağına qarşı şəfqət və sevgi ünsürlərini özündə cəmləşdirməsi ilə yanaşı uşağına qarşı məlumatlı və diqqətçi olma ünsürlərini də özündə cəmləşdirməlidir. Bu ünsürləri özündə cəmləşdirən ana kamil ana olmaqla yanaşı, uşağını ən gözəl şəlkildə yetişdirə bilən bir insandır.
Allahın sayəsində insanlara ilk sevgi dərslərinidə analar verir. Şəfqət qəhrəmanı olan analar, saf və duru sevgini, səmimi məhəbbət dərsini, ağrıyaraq ağlama və mərhəmət dərsini insanlara öyrədən analardır. Necə ki Allahına bağlı olaraq bunları edən qadının ayağının altında olduğunu söyləyir aləmlərə rəhmət olan peyğəmbərimiz(s.a.s): "Cənnət, anaların ayaqları altındadır. "(Nəsai)
Bu hədis əslində ixlaslı sevginin, mərhəmətin və fədakarlığın qarşılığıdır.
Peyğəmbər (s.a.s) belə buyurmuşdur: "Uşağın ata üzərindəki haqqı, uşağına gözəl bir ad verməsi və onu İslam ədəbi ilə tərbiyə edərək öyrətməsidir".
Uşağınızda gördüyünüz pis bir xasiyyətin günahını, mütləq özünüzdə axtarın. Əksər hallarda ana və ata uşaqda gördüyü səhv bir davranışın günahını ya uşağa ya da ətrafa yükləmə meylindədir. Uşaq, ailədən gördüklərini təqlid edərək böyüyər. Əgər siz, ona yaxşı bir tərbiyə vermisinizsə, ətrafdan eşitdikləri ona çox təsir etməyəcək.
Pis tərbiyənin ilk və ən təsirli pilləsi, pis nümunə sərgiləməkdirsə, pis tərbiyənin ikinci pilləsi uşaqlarımıza kafi zaman ayırmamaqdır. Yalnız dərsi üçün uşaqlarla bir-iki saat birlikdə olmaqla, ana və atalar vəzifələrini bitmiş saya bilməzlər. Çünki, uşaq geri qalan zamanını küçədə, təsadüfi yoldaşlarla və ya evdə televiziya qarşısında keçirməkdədir.
Uşağına ayırması lazım olan qiymətli vaxtlarını, qonaq qarşılamaqla və dedi-qodu etməklə keçirən bir ananın onun üzərində nə haqqı ola bilər? Belə bir ana, hərhalda, yaxşı bir ana olduğunu iddia edə bilməz. Sərvətinə sərvət qatmağa çalışan, işindən başqa bir şey düşünməyən, axşamlarını ya hesab edərək və ya çayxanada yoldaşlarıyla oyun oynayaraq keçirən bir ata da, yaxşı bir ata olduğunu söyləyə bilməz. Qısacası, vəhy ilə inşa olunmayan ailə cəmiyyəti bir gün mütləq zəlzələyə uğramağa möhtacdır.
Pis tərbiyənin üçüncü pilləsi isə tərbiyə metondundaki buraxılan səhvlərdir. Bu pillə elə dərindir ki, məsələn əgər çox şən və keyfiniz yerində olduğu zaman onların ən böyük dəcəlliklərini təbəssüm və qəhqəhə ilə qarşılasanız, işlərinizin yaxşı getmədiyi və canınızın sıxıldığı zamanlarda da, marağınızı çəkmək üçün etdikləri kiçik dəcəllikləri, döyməklə, təhqir və söyüşlə qarşılasanız, səmimi olaraq etiraf etdiyi bir günahında da cəza görüb, lakin inkar etdiyində də döyülməkdən xilas olarsa, xahiş və yalvarma ilə sizdən bir ehtiyacını qopara bilməyib, ancaq kaprizlik və təpinmə ilə bunu əldə edərsə, normal zamanda görə bilmədiyi diqqəti, şəfqət və sevgini, bir xəstəlik və ya qəza əsnasında görərsə tərbiyə metodunuz iflic və məhv olmuş deməkdir.