"Rəhman, Rəhim və tərbiyə edən Rəbb isminin əsl sahibi, gözəllər gözəli olan Allahın adı ilə." Hər bir uşaq əslində kəşf edilməmiş bir xəzinədir. Əgər onları doğru şəkildə kəşf edərsək onların necə böyük bir xəzinə olduqlarını, onlardan sabahların necə böyük müsəlmanları yetişə biləcəklərini və bununlada həm cəmiyyətə həm dinimizə həm də insanlığa böyük bir fayda toxuna biləcəyini açıq şəkildə şahidi ola bilərik. Əslində hər bir uşaq, daha əkini olmayan amma xeyirli bir əkini gözləyən böyük bir tarladır. Əgər cütçü bu tarlada iman tumurcuqlarını doğru şəkildə əkərək, onun yetişməsində köməkçi olarsa, bu halda o, bir az sonra bu tarlada necə böyük bir iman ağaclarının bar verdiyini görəcəkdir. Deməli, hər bir uşaq cənnəti qazanmaq üçün bir tarla bir vəsilədir. Gözəllər gözəli Allahın sayəsində uşaqlarımızın tərbiyəsi bizdən çox asılıdır.
Əgər Allaha bağlı olaraq doğru şəkildə hərəkət etsək nəticədə də xeyir olacaqdır. Əgər şah damarımızdan belə ən yaxın olan Allahdan uzaq olaraq uşaqlarımızı Allahın deyil nəfsimizin istədiyi kimi tərbiyə etsək və onları öz yaradıcılarından kənarda tutsaq bu zaman şər baş verəcəkdir.
Günümüzdə uşaqları əhəmiyyətsiz hesab edir, onlarla təmasda çox az-az oluruq. Halbuki onlar bizdən, bizlərin onları kəşf etmələrini gözləyirlər. Onlar bizdən gələcəyin Musablarını, İbni Abbaslarını, Əbu Zərrlərini, Cəfəri Sadiqlərini, Talha və Zubeyrlərini, Xədicələrini, Fatimələrini, Ümmü Sələmələrini, Səfiyələrini, Aişə və Zeynəblərini yetişdirilmələrinə vəsilə olacağımızı gözləyirlər. Onlar bizdən az bir şey istəyərək irəlidə bizə və ətrafımıza çox şey verməyə iddialıdırlar. Uşaqlara öyrədilən şeylər daşda həkk olan yazılar kimidir. Uşaqlarımızı daim yaxşı əməllərə təşfiq edərək onlara yaxşı əməlləri aşılıyarsaq onlar da böyüdüklərində başqalarına yaxşı əməlləri aşılıyacaqlar. Əslində hər bir uşaq cəmiyyətə verilən bir mesajdır. Bunun üçün uşaqlarımızı düzgün şəkildə yetişdirməliyik ki, cəmiyyətə necə yaxşı nümunə ola biləcək bir insan mesajını verə bilək. Əks halda pis mesajlarla dolu olan cəmiyyətimizə bir pis mesajıda biz qatacağıq. Əgər biz uşaqlarımızı kəşf etməyib onları öz başına buraxsaq, nəfslərinə uyaraq özlərinə zülm edə bilərlər. Dünyamızda geniş sahədə tutuma malik olan və bəlkə də milyardlarla insanların başında gecə gündüz fəaliyyət göstərən cahiliyyət sisteminin bir çox hərəkətləri səhv olmaqla birlikdə bu sistemin ən böyük çatışmazlıqlarından biri də uşaqlara əhəmiyyət verməmə, onları əhəmiyyətsiz hesab etmə, uşaqlara dəyər verməmə kimi ünsürləridir. Buna görə də digər sistemlər kimi cahiliyyət sistemi də bu həyatın standartlarına cavab verməyib məğlubiyyətə uğrayaraq sıradan çıxır. Bir şüurlu müsəlman olaraq bu gün biz kömək əhatəmizi genişləndirərək mümkün olduğu qədəriylə evlərimizdə olan uşaqlarla kifayətlənməyib, tanıdığımız və ya tanıya biləcəyimiz bütün uşaqlara hər cür kömək əlimizi uzadaraq özümüzü passiv deyil aktiv müsəlman olmağa məcbur etməliyik.
Uşaqlarımız bizlərə gözəllər gözəli Allah tərəfindən bəxş edilən böyük nemətlərdən biri olmaqla yanaşı, Allahın bizlərə olan lütfü və bu dünyada ürəyimizin istədiyi hədiyyələrdən biridirlər. Necə ki varlıq aləmi Allahın sevgisinin bir ifadəsidirsə, uşaq da insanın sevgisinin bir məhsuludur. Hər uşaq cənnət meyvəsidir və bu meyvə məhəbbət ağacında bitər. Həzrəti Peyğəmbər(s.a.s) buyurur: "Uşaq ürək meyvəsidir və cənnət ruzisindəndir. Uşaqlarınıza yaxşı baxın, onları gözəl tərbiyə edin." Sevgiylə böyüdülən uşaq sevgi, ümid və həyat dolu bir insana çevrilərsə, sevgisiz yetişdirilən bir uşaq isə nifrət, kin və intiqam hissləriylə dolu uşağa çevrilə bilər. Ailə uşağa verdiyi sevgini bir sədəqə, həm də sədəqələrin ən gözəli olduğunu bilmək məcburiyyətindədir. Çünki, uşaqları çox sevən və həmişə onlara xüsusi nəvaziş göstərən Muhəmməd (s.a.s) buyurur: "Bir kimsənin uşağını tərbiyə etməsi və ona ədəb öyrətməsi, hər gün sədəqə verməsindən xeyirlidir."
Sevgi ilə tərbiyə, tərbiyələrin ən gözəlidir və Allahın əxlaqıyla əxlaqlanmaq deməkdir. Hz. Peyğəmbəri (s.a.s) uşaqları öpüb sevərkən görən bir adam: "Demək sən uşaqları öpürsən? Mənim bu qədər uşağım var, indiyə qədər heç birini öpmədim" dəyincə Hz. Peyğəmbərin (s.a.s) cavabı belə olur: "Allah sənin ürəyindəki mərhəməti söküb götürübsə, mən nə edə bilərəm ki?" (Buxari, Ədəb 18).
Digər bir hədisdə isə: "Kiçiklərimizə şəfqətli olmayan, böyüklərimizi saymayan bizdən deyildir." buyurulmaqdadır.
Uşaqlar İslam fitrəti ilə doğulduqları üçün onlar biz müsəlmanların qardaşıdırlar. Müsəlman bir insan, dünyanın harasında bir uşaq görərsə ona dindaşı gözü ilə baxmaq məcburiyyətindədir. Bu səbəblə dünyanın bütün uşaqlarını sevmək, bir müsəlman üçün din qardaşlığı çərçivəsində bir vəzifədir. Əslində heç bir körpə anasından pis doğulmayıb və heç bir körpə günahkar deyildir. Böyük islam alimlərindən olan İmam Qəzali buyurur ki: "Uşağın ürəyi saf və təmizdir."
Həqiqətən də Allah bizim əllərimizə məsum və günahsız olan övladları bəxş edirsə onların tərbiyələrindən, bəslənmələrinə qədər məsul olan bizik. Uşaqlarımızı halal işlərdən qazandığımız halal ruzilər ilə bəsləməliyik ki, onlar sağlam şüurla yanaşı sağlam ruhla yetişə bilsinlər. Unutmamaq lazımdır ki, yedikləri ilə insanın davranışları arasında çox sirli həmçinin dolaşıq əlaqələr mövcuddur. İnsanın xarakteri, səciyəsi, qabiliyyəti, duyğu və düşüncə dünyası və hətta rəftar və davranışları yediklərindən tamamilə ayrı hesab edilə bilməz. Günümüzdə əgər halal və haramlara diqqət etmədən, qeybət və dedi-qodu edərək, uşağının bir dediyini iki etmədən, uşağın ruhundan çox yeməyini, geyəcəyini, düşünərək qohumu ziyarət etmir, ana-atamıza baxmır, üstəlik hər danışdığımızda da yalan danışaraq uşaqlarımıza gəldik də isə nəsihət edib sonra "bu uşaq niyə belə olub? söz dinləmir!" deyə özümüzə sual verərsək, cavabıda "təbii ki, dinləməyəcəkdir" şəklində olacaqdır.
Sağlam cəmiyyətlər yalnız sağlam analar vasitəsi ilə yetişdirilirlər. Bir cəmiyyətin keyfiyyəti, anaların keyfiyyətinin göstəricisidir. Bəzi analar uşaqlarına baxmaqdansa səbəbsiz olaraq şəxsi karyeralarını göz önündə tutaraq uşaqlarına baxıcı tutur, onlara göstərilməsi lazım olduğu qayğını göstərmirlər. Halbuki heç bir baxıcı xala, ananın yerini verə bilməz. Bir ananı analığından saxlayan hər iş, həm anaya həm uşağa və həm də cəmiyyətə bir zülmdür. Analıq bir ananın həyatını dolduracaq böyük həcmli bir ''iş"dir. Bu gün qadınlar küçələrə, fabriklərə, ofislərə, rəsmi dairələrə məhkum edilməklə, qadın təbiətinə xariciləşdirildi. Öz təbiətinə xariciləşən qadın təəssüf ki, analıq duyğusuna da xariciləşdi.