Həyatın əsl mənası

Həyatın əsl mənası

Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.

Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət - insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.

Həyatımızın mənası və məqsədi - bu məvhumlar hamımız üçün mühim, maraqlı və tale yüklüdür. Yəgin ki, hər birimiz nə vaxtsa özümüzə sual vermişik: "biz haradan və nə üçün gəldik?", "bu dünyada nə üçün yaşayırıq?", "bizim və başqa canlılarin yaradılmasının məqsəd və mənası nədir?", "hansı məqsədlər üçün varıq?".  Bu suallar çox qədim dövrlərdən bəri bəşəriyyəti dərin təfəkkürə və arayışa sövq etmişdir.  Arayışlar bəzilərini doğru istiqamətə, bəzilərini isə yanlış istiqamətə yönəltdi. Bu düşünmə və ya düşünməmə nəticəsində kimisi həyatın mənasını Allaha qulluqda, kimisi ailəsini saxlamaqda, kimisi keyf çəkməkdə, kimisi pulda, kimisi iş həyatında, kimisi idmanda, kimisi musiqidə və kimisi də əyləncələrdə gördü. Bu sual qarşısında doğru cavabı tapa bilənlər həm dünya, həm də axirətlərini abad etdilər, bu sual qarşısında aciz qalanlar isə iki dünyalarını da bərbad etdilər. Göründüyü kimi bu sual və ona veriləcək cavab həyatın ən mühim məsələrindən olduğu üçün bunlar üzərində təfəkkür etməyə və bunları araşdırmağa böyük ehtiyac vardır.

Məsələyə girmədən öncə bir az düşünək, ilk öncə fikirləşək hansı mövzuların tətqiqi, təcrübədən keçirilməsi insanın öz əqli və qüdrətindədir. İnsanın elmi cəhətdən dəqiq olaraq bildiyi və tətqiqatlarla sübut edə bildiyi məsələlər insanın yaşadığı və ya əldə edə biləcəyi, hissiyyat orqanları ilə biləcəyi fiziki və kimyəvi mühitlə bağlı məsələlərdir. Yəni insan cihazların köməyi ilə bəzi fikizi və kimyəvi qanunları kəşf edir, onlara uyğun ixtiralar edir. Bu kəşf və tətqiqatların nəticəsində kimya, fizika, biologiya və sair elm sahələri təşəkkül tapmışdır.

Lakin bu elm sahələri yalnız mövcud fiziki və kimyəvi mühiti tətqiq etməkdə və bununla da həyatın qlobal metafizik sualları qarşısında aciz qalmaqdadır. Biologiya, kimya və fizika  heç bir zaman insanın yaşayış fəlsəfəsi, ölümündən sonra onun ruhu barəsindəki suallara cavab verəbilməz. Bu və buna bənzər hallarda insan əqli və qüdrəti aciz qalır. İnsanın hissiyyat orqanlarıyla dərk edə bilməyəcəyi məsələlərdəki acizliyi səbəbilə bizləri yaradan böyük hikmət sahibi Allah, hər zaman bəşəriyyət üçün bu məsələlərdə çıxış yolu kimi öz elçilərini göndərmişdir. Allahın elçiləri insanlara həyatlarının məna və məqsədini başa salmış, onları yanlış təsəvvür və yollardan çəkindirmişlər. Məhz buna görə də hissiyyat orqanları və dəqiq elmlərin aciz qaldığı sahələrdə ən uyğun olan yol peyğəmbərlərin göstərdiyi doğru yoldur. Çünkü onsuzda ağlımızla bu məsələlər dərk edilməz, ölçülməz və biçilməz. Ən doğrusu, bu məsələləri elmi ilə hər şeyi əhatə edən Allaha dayanmaqla həll etməkdir.

Lakin bu o demək deyil ki, insan öz ağıl və sağlam məntiqi ilə təməl həyat prinsiplərini bilə bilməz. Əsla, məntiq və ağıl sahibi insan ətrafındakı varlıqların və özünün bir sistem və elmin məhsulu olduğunu görməklə sonsuz qüdrət və elm sahibi birisi tərəfindən yaradıldığını başa düşür. Onu yaradanın ali qüdrət və hikmətini düşündükcə insan onun adilliyini heç nəyi boş yerə, mənasız yaradmayacağını başa düşür. Bu ağıl yolu ilə insan özündən soruşur- "Allah məndən nə istəyir?".  Bu məsələlərin yalnız Allaha dayanmaqla həll edilməli olduğunu bildikdən sonra gəlin görək Allah bəşəriyyətə olan öz sonuncu kəlamında bu barədə nə deyir.

İnsanın anadan olmasından ölümünə qədər yaşadığı müddət, ömür.

"Həyat" haqqında tarix boyunca bir çox fəlsəfi nəzəriyyə irəli sürülmüş; həyatın başlanğıcı, gayəsi, mənası mövzusunda əsassız və insanı qane etməkdən uzaq müxtəlif şərhlər edilmişdir. Quran-ı Kərim bunlardan bəzilərini nümunə olaraq bizə bildirməkdədir:

"(Qiyaməti inkar edənlər) belə deyirlər: "Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik (biri ölür, digəri anadan olur; biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır); bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir; yaşa dolub qocalmağımızdır). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! "(əl-Casiyə (Diz çökmüş camaat) surəsi, 45/24)

"Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik!" (əl-Mu'minun (Mö'minlər) surəsi, 23/37)

Ayələrdə bəhs edilən əqidə sahibləri "həyatın sadəcə bu dünya həyatından ibarət olduğunu" zənn edən, öldükdən sonra dirilməyi inkar eden ateist (dinsiz) və materyalistlərdir.

"Dünya Həyatı" mövzusunda ən açıq-aydın və qane edici məlumatı Quran-i Kərim və Hədîs-i Şəriflər verir. Quranda "dünya həyatı" ifadəsi qırxa yaxın yerdə istifadə olunur. Bunun əksi olaraq da bəzən "âxirət" sözü "Ey qövmüm bu dünya həyatı keçici bir şeydir, axirətsə əbədi yurddur! (əl-Mü'min, 40/39) (Fussilət, 41/31; əz-Zuxruf, 43/35; əl-Ə'lâ 87/16); bəzən yevmu'l-qiyamət (əl-Qasas 28/61) ifadələrini istifadə edib.

İlk insan və ilk nəbi Hz. Adəm (ə.s.) və onun həyat yoldaşı  Hz. Həvva Cənnətdə onlara qadağan olunan ağacın meyvəsindən yeyincə Allah (c.c.) onları yer üzüne endirdi: "Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): "Bir birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var dedik."- dedik. (əl-Bəqərə (İnək) surəsi, 2/36)

Allah kəlamı olan Quran, dünya həyatını belə ifadə və təsvir edir: "Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal- dövləti, oğul- uşağı çoxaltmaqdan idarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü  görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. " (əl-Hədid (Dəmir) surəsi, 57/20)

"(Ya Rəsulum! Səndən yoxsulları öz məclisindən qovmağı tələb edən təkəbbür sahiblərinə) bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır! " (əl-Kəhf (Mağara) surəsi, 18/45)

"Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər). " (Muhəmməd surəsi, 47/36)

Allah, ölümü və həyatı insanları imtahan etmək üçün yaratdığını belə ifadə edir: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır" (əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi, 67/2)

"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!" (əl-Bəqərə surəsi, 2/155)

Allah, bu dünya həyatını edəcəyimiz əməllərə görə bizi hesaba çəkmək, yaxşı əməllərə mükafat, pis işlərimizə görə cəza vermək üçün yaratdığından, yaxşı və pis əməllərin nələr olduğunu peyğəmbərləri və kitabları vasitəsilə insanlara xəbər vermişdir. Bu, Allahın bizə qarşı rəhmət və mərhəmətinin göstəricisidir. Əgər insanlar Allahın peyğəmbərlər vasitəsilə bildirdiyi həyat tərzinə uyğun həyat sürərlərsə mütləq nicat aparacaqlar. Bu barədə düşünüb təfəkkürə dalsınlar deyə Allah insanlara ağıl da vermişdir.

Allahın xəbər verdiyi əmr, qadağa və tövsiyyələr açıq ağılla birlikdə insanı düz yola (sırat-əl müstəqimə) aparır.

Mələklərdən fərqli olaraq insanın daxilində onu pis yola və əxlaqsızlığa sövq edən nəfs və şeytan vardır. İnsan hər zaman nəfs və şeytanın azdırmalarına qarşı ehtiyatlı olmalı, onlarla mütəmadi olaraq mübarizə halında olmalıdır. Bu mübarizədə qalib olanlar mükafat, məğlublar isə cəza alacaqlar Allah öz Uca Kəlamında belə buyurur:

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (əz-Zilzal (Zəlzələ) surəsi, 99/7-8).

Dünyanın insanı özünə çəkən cəzbediciliyi vardır. Dünyanın bu xüsusiyyəti barəsində Quran ayələrində belə buyurulur: "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır." (Ali-İmran (İmran ailəsi) surəsi, 3/14)

"Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır. " (əl-Munafiqun (Münafiqlər) surəsi, 63/9)

"(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid e'tibarilə daha xeyirlidir! " (əl-Kəhf (Mağara) surəsi, 18/46)

"Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!" (əl-Ənfal (Qənimət) surəsi, 8/28)

Dünya bər bəzəyinin (mətainin) nələr olması haqqında Peyğəmbərimizin (s.a.v.) bir sıra mübarək hədisləri  də vardır. Bu hədislərə görə, nəfsin xoşuna gələn, insanı cəzb edən şeyler dünya metaidir (bər bəzəyidir): "Dünya şirin və xoş mənzərəlidir. Allah orada (dünyada) sizi başqasının yerinə keçirəcək ki necə əməl edəcəyinizi (hansı işlər görəcəyinizi) baxsın. Buna görə də dünyadan ehtiyatlı olun (qorunun), qadınlardan ehtiyatlı olun. İsrailoğullarının başlarına gələn ilk fitnə (imtahan) qadınlar arasında olmuşdur. " (Riyazu's-Sâlihîn, I, 84)

Dünya həyatından sonra əbədi axirət həyatı vardır: Axirət dünyası isə çalışma və əməl yeri deyil, dünyadaki çalışmaların əvəzini qazanmaq yeridir. Ədəbi səadət və əbədi bədbəxtlik bu həyat nəticəsində qazanıldığı üçün dünya həyatı çox qiymətli, çox mühümdür. Bu həyat yaxşı qiymətləndirilməli, ömür boş və mənasız keçirilməməlidir. Uca Allah belə buyurur:

"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır" (əl-Həşr (Toplanma) surəsi, 59/18)

"Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) və'di haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!" (Fatir (Yaradan) surəsi, 35/5)

"Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin." (Ali-İmran (İmran ailəsi) surəsi, 3/133)

Bununla belə mükəmməl dinimiz bizi axirətə yönəltməklə birlikdə, dünyaya qarşı da qapanmamağı, rahib və dərviş həyatı keçirməməyi əmr etmişdir. Qurani Kərim bizə çalışmağı, iş görməyi, səy göstərməyi əmr etmiş, dünya nemətlərindən halal olmaq şərtilə istifadə etməyi tövsiyyə etmişdir:

"Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mə'nasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrabaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" (əl-Qəsəs (Hekayət) surəsi, 28/77)

"Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!) " (əl-Cumuə (Cümə) surəsi, 62/10)

"İnsana ancaq öz zəhməti (sə'yi, çalışması, əməli) qalar!  Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə'yi, əməli) görünəcəkdir! " (ən-Nəcm (Ulduz) surəsi, 53/39-40)

Peyğəmbərin yolunun davamçısı olan həqiqi müsəlman hərşeyin yerini bilir, hər şeyi yerli yerində edər, dünya həyatını, ömrünü yaxşı əməllərlə qiymətləndirər. Uşaqlarının ruzisini halalından qazanmaq üçün çalışar, əlinin və ya beyninin əməyi ilə həyatını təmin edər. İbadətlərini vaxtında edər, qazandığından Allah yolunda da xərcləyər. İnsanlara, cəmiyyətinə yaşadığı dövlətə faydalı olmağa səy göstərər. Dünyası üçün axirətini, axirəti üçün dünyasını tərk etməz. İkisinin arasında ziddiyyətsiz və taraz bir həyat tərzi meydana gətirər.

Allah bizi bu tərz həyatla ömür sürməyi nəsib etsin və sonumuzu xoşbəxt etsin.


Top