Əsnəmək əsnəmək gətirər

Əsnəmək əsnəmək gətirər

Keçmişlərdə bir ər-arvadın qapısını qonaq döyür. Qapını açıb qonağı içəri gətirirlər, qarşısına necə deyərlər, Allah verəndən qoyub, söhbətə başlayırlar. Yeyib içəndən sonra yol yorğunu olan qonaq əsnəməyə başlayır.

Ev yiyəsinin xanımı da qonaq əsnədikcə əsnəyir. Qonaq əsnəyir, arvad əsnəyir, axırda ev sahibi gözünün işarəsi ilə ev sahibəsini bayıra çağırır, orada, necə deyərlər, qısqanclıq zəminində cinayət törədərək, əşyayi-dəlili samanlıqda gizlədir. Sonra qayıdıb içəri gəlir və heç nə olmayıbmış kimi qonaqla söhbətini davam etdirir. Bu dəmdə qonaq bir də əsnəyir və bu dəfə əsnək artıq ev sahibi olan kişiyə keçir. Onda ev sahibi tutduğu əməldən peşiman olaraq, əsrləri aşan belə bir kəlam işlədir.

"Əsnək əsnək gətirər, hayıf samanlıqdakı"...

Bu qəribə, gülməli-ağlamalı rəvayətin elmi açımı Britaniyada keçşirilən bir elmi tədbirdə verilib.

Əsnəmək yolxucudur

Həm də bu xəstəliyə daha çox ictimai baxımdan həssas adamlar yoluxurlar.

Bu barədə Britaniyanın York şəhərində keçirilən böyük elmi festivalda deyilib.

Əgər siz də bu sətirləri oxuduqca, əsnədinizsə, deməli yeni elmi araşdırmanın nəticələrinə görə, dərin ictimai şüura malik insansınız. Bir az da sadə desək, həssas adamsınız.

Bu əslində Lidz Universitetinin professoru doktor Katriona Morrissonsun gəldiyi nəticədir.

Onun fikrincə, başqasına qoşulub əsnəmək, ona rəğbətli olmaq deməkdir.

Psixoloqlar prorablardan çox əsnəyirlər

Xanım Morrissons deyir ki, əslində başqasına baxıb əsnəmək hər adamda olmayan xüsusiyyətdir.

Məsələn, onun fikrincə psixoloqlar əsnəyə daha tez yoluxurlar, nəinki prorablar.

Alimlər bunu yoxlamaq üçün mühəndis və psixoloq tələbələri bir otağa yığıb əsnəmək səslərini veriblər.

Mənzərəni otaqdan görünməyən güzgünün arxasından güdüblər.

Ümumi nəticə belə olub ki, əsnəyə, əsasən başqa adamların taleyinə biganə olmayanlar yoluxurlar.

Doktor Morrissonsun fikrincə, nə qədər çox əsnəyirsənsə, deməli bir o qədər diqqətli adamsan.

Qadın və kişi əsnəyində social fərq yoxdur...

Doktor Morrissons əsnəmək məsələsində qadın və kişilərin fərqinə də diqqət yetirib.

O, belə düşünür ki, bu məsələdə heç bir cinsi fərq mövcud deyil.

Xanım Morrissonsun nəzəriyyəsinin ən zəif cəhəti isə budur ki, insanlardan başqa itlər, pişiklər, canavarlar və vəhşi təbiətin bir çox nümayəndələri də əsnəyirlər.

Onların isə ictimai şüurunu qiymətləndirmək hələlik müəyyən çətinliklər yaradır.

Lakin xanım Morrissonsun fikrincə, əsnəmək yalnız insanlarda rəğbət göstəricisi kimi qiymətləndirilə bilər.

 

mənbə: BBC Azərbaycan

Top