Piylənmə müasir cəmiyyətin ən böyük problemlərindən biridir. Bu xəstəlik bir çox ölkələrdə yayılıb və əhalinin demək olar ki, 50%-də rast gəlinir. Piylənmə dedikdə, orqanizmdə dərialtı piy qatının və digər orqanlarda piy qatının, bədən çəkisinin normadan 20% artıq olması nəzərdə tutulur. Qeyri-düzgün qidalanma, normadan artıq yemək və azhərəkətli həyat tərzi piylənməni yaradan səbəblərdəndir. Bəzən isə piylənmənin səbəbi kimi müxtəlif pozğunluqlar və müxtəlif preparatların qəbulu qeyd olunur.
İlkin və ikincili piylənmə qeyd olunur - İlkin piylənmə qeyri-düzgün qidalanma və azhərəkətli həyat tərzi nəticəsində meydana çıxır. İkincili piylənmə isə sinir sisteminin və daxili sekresiya vəzilərinin müxtəlif pozğunluqları nəticəsində meydana çıxır. İkincili piylənmələrdən isə ən çox rast gəlinən hipotalamik və endokrin növ piylənmələrdir.
Piylənmənin endokrin formalarına aşağıdakılar aiddir — Adipozgenital piylənmələr, cinsi vəzilərin tam inkişaf etməməsi ilə bağlı olaraq meydana çıxan, başqa cür hipoqanadizm adlanır. Hipofizar və ya adenopozgenital piylənmələr zamanı piy adətən, doş qəfəsi, bud əzələsi, sağrı əzələləri və qarnın aşağı hissəsində toplanmış olur. Bu xəstələr fiziki inkişafdan geri qalır-infatizim meydana çıxır, cinsi orqanların inkişafdan qalması və kişilərdə evnuxoidizm əlamətləri, yəni qasıq və qoltuqaltı nahiyələrdə tüklərin olmaması xarakterik əlamətlərdəndir. Bundan başqa, kəllədaxili təzyiqin qalxması müşahidə olunur ki, bu da bağ ağrıları, görmənin zəifləməsinə gətirib çıxarır. Kəllənin rentgenoqramması zamanı türk yəhərinin genişlənməsi aşkarlanır, bu da hipofizin şişi ilə əlaqədardır.
Tireogen piylənmə - hipotireoz, miksedema zamanı qalxanabənzər vəzin hipofunksiyası ilə əlaqədar meydana çıxır. Piy qatı bədənin hər yerində eyni dərəcədə artmış olur. Xəstədə tormozlanma, lənglik, hərəkətlərin yavaşıması, ümumi maddələr mübadiləsi və tərləmənin pozulması, bədən temperaturunun enməsi, bradikardiya müşahidə olunur. Radioaktiv yodun qalxanabənzər vəz tərəfindən udulması prosesi pozulmuş olur.
Hipofizin ön payının şişi və ya Kuşing sindromu zamanı piylənmə - Kuşing və ya İtsenko-Kuşinq sindromu zamanı piy üzdə (ayabənzər üz əmələ gəlir), boyunda, ənsə nahiyəsində, qarında, döş qəfəsi nahiyəsi və beldə toplanır, ətraflar isə arıq qalır. Sağrı, boyun və süd vəziləri nahiyəsində bənövşəyi rəngdə striyalar (xətlər) görünür ki, bu da atrofik proseslərə əlaqədar meydana çıxır. Əlavə olaraq, bu xəstələrdə hipertoniya müşahidə olunur, bəzən isə şəkərli diabet xəstəliyi də meydana çıxa bilər.
Birincili piylənmə. Demək olar ki, bütün piylənmələrin 75%-ni təşkil edir. Bununla bərabər, birncili piylənmə də yerli və ümumi piylənməyə bölünür. Yerli piylənmə zamanı piy qatı lipoma şəklində müxtəlif yerlərdə dərialtında yerləşir.
Piylənmənin səbəbləri əsasən aşağıdakılardır:
- Normadan artıq yemək
- Azhərəkətli həyat tərzi
- Endokrin sistemin pozğunluqları
- Genetik konstitusiya
Piylənmənin nəticələri xoşagələn deyil, belə ki, aşağıdakı xəstəliklər meydana çıxa bilər:
- Ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, hipertoniya, hiperlipidemiya,.
- Tənəffüs sisteminin xəstəlikləri
- Oynaqların degenerativ xəstəlikləri
- Öd daşı xəstəliyi
- Onkoloji xəstəliklər, düz bağırsaq və yoğun bağırsağın xərçəngi, qadınlarda uşaqlıq, süd vəzi, yumurtalıq xərçəngi, kişilərdə isə prostat vəzin xərçəngi.
- Proteinuriya
- Endokrinoloji pozğunluqlar
- Qan xəstəlikləri
- Dəri xəstəlikləri
- Psixoemosional pozğunluqlar
- Sonsuzluq
Göründüyü kimi, piylənmə estetik görünüşü korlamaqdan əlavə çox ciddi bir xəstəlik olub, kifayət qədər də çox ağırlaşmaları var.
Diaqnostikası isə səbəbin aşkarlanması ilə bağlıdır. Müalicə isə diaqnoz dəqiqləşdirildikdən sonra, səbəbi aşkarlamaq və aradan götürməklə aparılır. Səbəbi aradan götürməklə yanaşı, müalicə zamanı dietoterapiya, medikamentoz müalicə, lazım gələrsə, cərrahi müalicə də aparılır.