Dar bir ərazidə ani təzyiq dəyişikliyi ilə meydana gələn qasırğalar burulğan şəklində olan çox şiddətli küləklərdir. Yəni qasırğalar atmosferdə ani təzyiq dəyişikliyindən və isti hava kütləsinin böyük sürətlə yüksəlməsindən meydana gəlir. İsti hava kütləsinin üstünə soyuq hava kütləsi çıxdıqda sıxlığı az olan isti hava kütləsi sürətlə soyuq havanın içinə doğru yüksəlir. Bu arada təzyiq sürətlə azalır.Təzyiq və temperaturdakı ani dəyişikliyin nəticəsində qısa vaxt ərzində şiddətli küləklər meydana gəlir. Hava yüksəldikcə küləyin sürəti daha da artır
və güclü burulğana çevrilir. Sonra da qıf şəklində yüksəlməyə başlayı.
Burulğanın ortasında yüksələn hava get-gedə soyuduqca daxilindəki su buxarı sıxlaşır. Nəticədə, ortası boz -ağ rəngli olan hava kütləsi " xortum ", burulğan şəklində görünməyə başlayır. Sıxlaşma davam etdikcə aşağıya doğru uzanan burulğanın ucu yerə çatır. Saatda yüzlərlə kilometr qət etməyə gücü çatan bu xortumların daxilindəki üfüqi istiqamətdə hərəkət edən hava maşınları, ağacları, evləri belə yerlə yeksan edir. Şaquli istiqamətdə hərəkət edən hava isə bunları havaya qaldırır və sovurur.
Qasırğalar ən çox okean sahillərində yerləşən açıq düzənliklərdə və ya tropik bölgələrdə meydana gəlir. Mütəxəssislərin gəldiyi qənaətə görə, ölkəmizdə bu cür hadisələr çox baş verməz. Lakin düzən ərazilərdə isti və soyuq hava kütlələri arasında meydana gələn təzyiq fərqinin ani olduğu vəziyyətlərdə baş verə bilər.