Günlərin bir günü qədim Yunan filosofu Anaksimen öz şagirdi ilə pöhrəlikdə gəzişərək söhbət edərkən, şagirdi ondan soruşmuşdur:" Ustad, nə üçün sən tez-tez şübhə və tərəddüdlərə qapılırsan? Axı sən uzun bir həyat yaşamısan, müdriklərdən təlim almısan və bununla belə sənin üçün bu qədər anlaşılmaz məsələlər qalıb?" Anaksimen çəliyi ilə yerdə iki dairə çəkir: biri böyük, biri kiçik və deyir:" Sənin biliklərin bu kiçik dairədir, mənimki isə böyük. Bu dairədən kənarda qalan nə varsa- məchulluqdur, kiçik dairə məchulluqla az təmasdadır. Sənin biliyinin dairəsi böyüdükcə onun məchulluqla sərhədi bir o qədər çox genişlənir. Deməli, gələcəkdə nə qədər çox yeni şey öyrənsən, bir o qədər aydın olmayan məsələlər, suallar ortaya çıxacaq.