Az adam bilir ki,
Adolf Hitleri, onun məşuqəsi Yeva Braunu, Gebbelsi, onun arvadını və altı uşağını düz səkkiz dəfə basdırıblar!
Birinci dəfn 1945-ci ilin 30 aprelində, İmperiya dəftərxanasının həyətində olub.
İkinci dəfə meyitlər may ayının 4-də - Sovet ordusu onları tapandan sonra basdırılıb. Əsgərlər cəsədləri aşkar edən kimi, qazıb çıxarmışdılar. Amma sonra Hitlerin meyitinin tapıldığı barədə xəbər alaraq səhv etdiklərini düşünmüş və tapdıqları cəsədləri yenidən torpağa gömmüşdülər.
Üçüncü dəfə onları may ayının 5-də qazıb çıxararaq Almaniyanın Bux şəhərinə göndərmiş, oradakı klinikaların birinin zirzəmisində basdırmışdılar.
Dördüncü dəfn Berlinin 40 kilometrliyində yerləşən Finov şəhərində olmuşdu. 3-cü Ordunun xüsusi əməliyyatlar üzrə ixtisaslaşan SMERŞ dəstəsi dislokasiya yerini Finova dəyişərkən meyitləri də aparmağa məcbur olmuşdu.
Beşinci dəfn Moskvadan meyitlərin identifikasiyası üçün mütəxəssis gələndə olmuşdu. Cəsədlər əvvəlcə eksqumasiya olunmuş (yəni qəbirdən çıxarılmış), araşdırma aparılmış, sonra da akt tərtib edilmişdir. Mərkəzdən gələn mütəxəssis həm aktı, həm də Hitlerlə Yeva Braunun alt çənələrini də götürüb, Moskvaya yollanmışdı. Cəsədlər isə təzədən dəfn edilmişdi.
Altıncı dəfə cəsədlərin hamısı bir də torpaqdan çıxarılaraq basdırılmaq üçün əvvəlki yerindən 60 kilometr qərbdə yerləşən Ratenov şəhərinə aparılmışdı. Bu yerdəyişmənin səbəbi 3-cü Ordu qərargahının dislokasiya yerini dəyişməsi olmuşdu.
Yeddinci dəfn də Ordu qərargahının yerdəyişməsiylə əlaqədardır. Qərargah daha 30 kilometr qərbə - Stendal şəhərinə keçəndə içərisində cəsədlər olan tabutları da özləriylə aparıb meşədə torpağa gömmüşdülər.
Səkkizinci dəfn də Stendalda olmudu - 3-cü Ordu burda uzun müddətlik yerləşmişdi. Ordu birləşməsinin SMERŞ dəstəsi isə şəhərin bir neçə məhəlləsini öz idarəçiliyi altına götürüb meyitləri Sovet qoşunlarının əlahiddə şəhərciyində, Vestendştasse küçəsindəki 36 nömrəli evin həyətində basdırdılar...
* * *
1945-ci il, may ayının 1-də, saat 5.05-də Ali Baş komandana marşal Jukovdan bir telefonoqram gəlir. Telefonoqramda deyilirdi ki, Hitler intihar edib.
Amma Stalinin Hitler barədə öz planları vardı.
Mayın 2-də "Pravda" qəzetində Sovet İttifaqı Teleqraf Agentliyi Alman radiosunun Adolf Hitlerin intiharı deyil, qətlə yetirildiyi barədə xəbərini belə şərh edir: "Dövriyyəyə buraxılan bu xəbərlər alman faşistlərinin təzə fırıldağıdır. Faşistlər Hitlerin ölüm xəbərini yaymaqla, onun qeyri-leqal yaşayışı üçün zəmin hazırlayırlar".
Belə bir yazı Stalinin xəbəri olmadan çıxa bilməzdi.
Bunun ardınca "Pravda" Qərb qəzetlərindən faşist rəhbərlərinin, o cümlədən də Hitlerin Cənubi Amerikaya qaçması haqda xəbərlər dərc etdi. Bu, Stalinə lap əl verirdi.
Yayda Potsdamda "Böyük Üçlük" görüşdü.
İyulun 17-də, Stalinlə ilk görüşdə Trumen və Amerikanın dövlət katibi Birns Sovet rəhbərinin öz dilindən eşitdilər ki, Hitler ya İspaniyada, ya da Argentinada gizlənib. Stalin birmənalı tərzdə vurğuladı ki, Hitler bizdə deyil.
Sovet rəhbəri bu inamlı iddiasıyla dezinformasiya fəndini tam həyata keçmiş saydı. Potsdamda Stalin özünü Qərb tərəfini nasist liderlərinin gizlədilməsindən daşındırmaq istəyən kimi göstərdi. Onun bu mövqeyini Sovet təbliğat maşını hərəkət komandası kimi qarşıladı.
Stalinin mövqeyi 3-cü Ordunun SMERŞ bölməsini tamam çaşdırdı, axı onların əlində az qala 10 dənə real cəsəd vardı. Ölkənin kəşfiyyat şefləri də meyitlərin identifikasiyası üçün gərgin iş aparan mütəxəssislərə tapşırdı ehtiyatlı olsunlar: Stalin susmaq əmri verib!
Amma meyitlərlə necə davranmalı olduqları haqda kimsə bir söz demirdi. Meyitlər artıq heç Stalinin özünü belə maraqlandırmırdı. Odur ki, SMERŞ-də onları bəraye-ehtiyat qorumaq qərarına gəldilər.
Həmin gündən etibarən 3-cü Ordu hara köçürdüsə, onun əks-kəşfiyyatı da ora köçür və təbii ki, meyitləri pişik balasını daşıyan kimi, az qala, özüylə dişində daşımalı olurdu...
Beləliklə, dünya kriminalistika və dəfn-kəfn işinin çoxəsrlik tarixində misli görünməmiş gorbagor etmə əməliyyatı, başqa sözlə desək, Hitler, Yeva Braun, Göbbels ailəsinin öləndən sonra Alman torpağıyla bitib-tükənməz səyahəti başlandı...
* * *
13 mart 1970-ci ildə SSRİ DTK-sının sədri Yuri Andropov Sov.İKP-nin Baş katibi Leonid Brejnevə tam məxfi bir məktub yolladı. Məktubda deyilirdi:
"1946-cı ilin fevralında, Maqdeburq şəhərində yerləşən Sovet hərbi şəhərciyinin indi DTK-nın Xüsusi İdarəsinin balansında olan ərazisində Hitlerin, Yeva Braunun, Göbbelsin və onun ailəsinin (cəmi 10 cəsəd) meyitləri basdırılmışdır.
Hal-hazırda bizim qoşunların mənafeyi naminə həmin ərazi alman tərəfinə təhvil vermək üçün hazırlanır. Gələcəkdə həmin sahədə tikinti və qazıntı işlərinin aparılması ehtimalı var və bu işlər zamanı cəsəd qalıqlarının tapılaraq diqqət cəlb etməsi bizim mənafeyimizə uyğun deyil. Belə hesab edirəm ki, qalıqların çıxarılaraq yandırılmaqla məhv edilməsi daha məqsədəuyğundur.
Adı çəkilən əməliyyat ciddi məxfilik şəraitində, DTK-nın Xüsusi idarəsinin qüvvəsiylə aparılacaq və lazımi qaydada aktlaşdırılacaq".
Andropovun məktubu üzərində Brejnevin belə bir qeydi də var: "Razıyam. İmzalar: Brejnev, Podqornı, Kocıgin, 16 mart, 1970-ci il".
Faşist liderlərinin və onların yaxın qohumlarının cəsədlərinin başına gələn roman kimi hadisələr zəncirində sonuncu halqa belə başlanır və bu halqanı "Arxiv" əməliyyatı adlandırırlar.
"Arxiv" əməliyyatının planından
"Əməliyyatın məqsədi: 1946-cı il, fevral ayının 21-də hərbi canilərin Maqdeburqdakı hərbi şəhərciyin Vestenştrasse küçəsindəki 36 nömrəli evin həyətində basdırılmış meyitlərinin çıxarılaraq fiziki cəhətdən məhv edilməsi.
Əməliyyatın mərhələləri
1. DTK-nın əməkdaşlarından ibarət xüsusi dəstə məzar üzərində işə başlamazdan 2-3 gün qabaq həmin məkanda tədbirlər planı əsasında gizli iş aparmağa imkan verən ölçüdə çadır qurulmalıdır.
2. Çadır qurulandan sonra onun ətrafının mühafizəsi əsgərlər, işlər başlanandan sonra isə "Arxiv" əməliyyatı üçün ayrılmış operativ heyət tərəfindən aparılır.
3. Ehtimali vizual kəşfiyyat cəhdlərinin aradan qaldırılması üçün işlərin aparıldığı məkanın yaxınlığında yerləşən, yerli camaatın yaşadığı evlərə nəzarət məqsədiylə gizli post təşkil olunsun. Belə hallar qeyd olunarsa, konkret vəziyyətdən çıxış edərək qarşısının alınması üçün tədbirlər görülsün.
4. Qazıntı işləri gecə aparılsın, aşkar edilmiş cəsəd qalıqları xüsusi yeşiklərə doldurularaq avtomaşınlarda tank polkunun poliqonuna aparılıb yandırılsın".
Yazılanlardan nəticə çıxarsaq, hər şey nəzərə alınmışdı. Əməliyyata ona görə "Arxiv" adı vermişdilər ki, yerli əhali aparılan işlərlə maraqlansa, onlara nasistlərin gizli arxivini tapmaq üçün qazıntılar aparıldığı deyilsin.
1970-ci il, aprelin 5-də əməliyyat başa çatdırıldı. Məzar qazılanda bəlli oldu ki, cəsəd qalıqları beş taxta yeşikdə basdırılıb. Yeşiklər çürüyərək tam dağılıb.
Operativ heyət cəsəd qalıqlarının "fiziki cəhətdən məhvini" də həyata keçirdi - meyitlər yandırıldı, külü küləyə verildi. İşlərin aparılmasına kimsə maneçilik törətmədi, həmin ətrafdakı yerli camaatdan sualla müraciət edən olmadı. Odur ki, "nasist arxivləri" əfsanəsi dövriyyəyə çıxmadı.
Əməliyyat aktlaşdırıldı. Aktın yeganə nüsxəsi Yuri Andropova göndərildi.
Həmçinin bax: Adolf Hitlerin ölüm sirləri
Müəllif: İlqar Əlfioğlu
Mənbə: Yazı lent.az-a istinadən hazırlanmışdır.