Hər şey 1939-cu ildə, alman əsilli alim Albert Eynşteynin ABŞ Prezidenti Ruzveltə almanların atomu parçalara ayırmaqla yeni bir bomba hazırlamağa çalışdıqlarını bildirməsi ilə başladı. Həmin tarixdən etibarən Amerikada minlərlə elm adamı atom bombası hazırlamaq üçün gizli olaraq çalışmağa başladı. “Manhetten“ adı verilən layihəyə ümumilikdə 125 min nəfər cəlb olundu. Bomba ilk dəfə 16 iyun 1945-ci il tarixdə sınaqdan keçirildi.
Atom bombasından Yaponiyanın müharibədə təslim olması üçün istifadə edilməsi qərara alındı. İlk hədəf olaraq Yaponiyanın Trukda yerləşən dəniz limanı seçilmişdi. Lakin Amerikanın yeni prezidenti Harri Truman hakimiyyətə gəldikdən sonra bombanın Yaponiyanın sərhədləri daxilinə atılması haqqında qərar verildi. Yaponiyada psixoloji sarsıntı yaradacaq hədəflərin seçilməsi daha effektiv hesab edildiyi üçün xeyli miqdarda işçi çalışan hərbi zavodlar və ətrafında zavodlarda işləyən fəhlələr yaşayan bölgələr üzərində dayandılar. 13 iyun 1945-ci il tarixdə Xirosima, Niiqata və Kokura seçildi. Naqasaki isə daha sonra həmin siyahıya əlavə olundu.
6 avqust 1945-ci il tarixdə “Enola Gay” adlanan təyyarənin daşıdığı bomba Xirosimaya atıldı. Təxminən 15 min ton dinamit gücünə bərabər bomba şəhərin mərkəzindən 500 metr yüksəklikdə partladıldı. Bomba partlayan anda 50-60 min nəfərin ölməsinə rəğmən 1945-ci ilin sonunadək ölənlərin sayı 140 min nəfərə çatdı. İkinci bomba 9 avqust tarixində Naqasaki şəhərinə atıldı. Burada da təxminən 60 min nəfər bombanın qurbanı oldu. Hər iki halda bomba düz şəhərin mərkəzində partladıldı və 1 km radiusda olan hər şeyi elə partlayış anında yox etdi. 1-1,5 km radiusda sağ qalanların 50 %-i daha sonra öldü. Atom bombasının atılmasından illər keçdikdən sonra da radioaktiv təsirdən xeyli insan xərçəng və buna bənzər xəstəliklərə tutuldu. Uzun illər ərzində uşaqların əksəriyyəti ya ölü, ya da şikəst doğuldu. Atom bombası partlayan zaman partlayışın episentrində temperaturun bir neçə milyon C dərəcə olduğu təxmin edilir. Normal bir bombanın partlayış episentrində temperaturun bir neçə min C dərəcə olduğunu fikirləşəndə mənzərə bütün qorxuncluğu ilə başa düşülür. Hələ də atom enerjisini müdafiə edənlər var. Çünki bəşəriyyət unutqandır, ancaq təbiət bəşər övladının ona vurduğu yaraları heç vaxt unutmayacaq və bağışlamayacaq.