Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Düyünü ən çox Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində istehsal edirlər. Birmalılar Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində düyünü sahib, özlərini onun nökəri adlandırırlar.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı Həmçinin bax: Buğda
Düyünü var-dövlət rəmzi sayan Hindistan xalqlarından dravidlərin dilində ona «arisi» deyirlər. Hindistanla ticarət əlaqəsində olan ərəblər düyüyə «əl-ruzz» adı veriblər.
Düyüdə orqanizm üçün qiymətli lizin amin turşusu vardır. Professor P.Jukovskinin fikrinə görə onda olan zülal isə başqa dənli bitkilərin zülalına nisbətən heyvan mənşəli zülala daha yaxındır.
Düyünün bir xüsusiyyəti odur ki, insanı mədə xəstəliklərinə tutulmaqdan qoruyur. Uşaqlar mədə-bağırsaq xəstəliklərinə tutulanda onlara düyü həlimi verirlər.
Düyüdə nişastanın faizi olduqca yüksəkdir, bəzən 90 faizə çatır. Tərkibində yapışqanlı zülal maddəsi olmadığına görə o çörək bişirmək üçün yaramır.
Düyü ən qədim dənli bitkilərdən hesab olunur (Cənubi Koreyada yaşı 14000 ilə bərabər olan düyü dənələri tapılmışdır), vətəni Hindistan və Çindir. Düyünün Cənub-Şərqi Asiyada becərilmə tarixi yeddi min ilə çatır. Onun yayılmasında Hindistan və Çinin böyük təsiri olmuşdur. Düyü eramızdan əvvəl X-V əsrlərdə bu ölkələrdən Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılmışdır.
Dəqiq məlumdur ki, İndoneziyanın Yava adasında düyünü bizim eradan əvvəl - 1084-cü ildən becərməyə başlamışlar. Bu qiymətli nemət yaponların ən çox sevdiyi ərzaq sayılır. Düyü susevər bitki olduğundan, onun suvarılmasını səmərəli tənzimləmək üçün hələ o zamanlar sututarları yaratmağa başlamışlar.
Yunanlar düyü haqqında məlumatı Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra almışlar. Onun bu yerlərdə yayılması isə ərəblərin sayəsində olmuşdur.
Ticarətdə məşhur olan ərəblər düyünü Nilin münbit vadisinə çatdırıb, daha sonralar - 711-ci ildə İspaniyanın Valensiya əyalətində, eləcə də Qvadalkivir və Qvadiana çaylarının vadilərində yayıblar.
Düyününü Siciliya adasında 827-ci ildə becərməyə başlayıblar. Düyünün İspaniyaya VIII əsrdə düşməsinə baxmayaraq, o Avropada özünə tezliklə geniş şöhrət qazana bilib. İtaliyanın münbit Po çayı hövzəsində düyü yalnız 1468-ci ildən etibarən əkilməyə başlayıb.
Şimali Amerikanın alqonkin tayfaları düyü ilə qədimdən tanışdırlar. Bitki yabanı şəkildə Böyük göllər ətrafında bitmişdir. Hindular yabanı düyüyə qulluq etmiş, onu quşlardan qorumuş və məhsulunu avqust-sentyabr aylarında yığmışlar.
Mədəni düyü Şimali Amerikanın Virciniya ştatında 1647-ci ildə əkilib. Onun buraya geniş yolu isə Afrikanın Madaqaskar adasından başlanıb. Beləki 1685-ci ildə bu adadan onu Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatına aparıblar.
Rusiyanın ərazisində düyü Qədim Xəzər dövlətinin torpaqlarında becərilib. Bu dövlətin məhvi ilə bərabər düyü də məhv olub.
Rusiyaya düyü I Pyotrun təşəbbüsü ilə gətirilib. O, tacirləri düyü (sarasinskoe pşeno) dalınca Özbəkistana göndərib. Tacirlərin gətirdiyi düyü Həştərxan yaxınlığındakı botanika bağında (az miqdarda) əkilib. Rusiyada əsl mənada düyü XX əsrdən becərilməyə başlanıb.
1910-cu ildə Kuban çayının sahilindəki Temruk rayonunda türk rəiyyətlərindən biri düyü əkib və hər desyatindən 250 pud (1 pud = 16,38 kq) məhsul götürüb. Kubanda 1929-cu ildən sonra düyü əsas dənli bitkilərdən birinə çevrilib.
Düyünün ən yeni məskəni Avstraliyadır. Burada o, 1925-ci ildən intişar tapmağa başlayıb.
Statistik məlumatlara görə keçən əsrin 80-cı illərində dünya üzrə təxminən 374,9 milyon ton düyü istehsal olunmuşdur.