Cənnət meyvələri

Cənnət meyvələri

Bir zamanlar sevgini alma verərək etiraf edirdilər. Almanı qəbul edən "hə" cavabı vermiş olurdu. Sevgi, sevinc, müdriklik və dəbdəbəni ifadə edən alma "Qurani Kərim"də cənnət meyvələri cərgəsinə düşmədi (bunun da hamıya məlum səbəbi var). Əvəzində, Nyutonun başına düşdü. Xeyri də oldu, cazibə qüvvəsi nəzəriyyəsi yarandı. Almadan fərqli olaraq, bəxti gətirən və insandan əvvəl cənnəti görən meyvələr də oldu. Özü də Quranda adıçəkilən 7 meyvədən nə az nə çox, düz, 5-i ölkəmizdə becərilir. Bir sözlə, "Cənnət görmək istəyən Azərbaycana gəlsin". Cənnət meyvələrini tanımaq istəyənlər yazının ardını oxumaqla buna nail ola bilərlər.

"Daş əridən" albalıdan başlayaq. Quranda adıçəkilən ilk meyvədir. Müqəddəs Kitabda onun haqqında "Tikansız sidr ağacları" ("Vaqiə" surəsi, 28-ci ayə) şəklində bəhs olunur. Albalı böyrəklərin fəaliyyətini tənzimləyir. Orqanizmdə yığılmış artıq duz və turşuları xaric edir. Böyrəklərdə daş və qumun yaranmasına imkan vermir. Daşı əridir və orqanizmdən təbii yolla xaric olunmasına kömək edir. Eyni zamanda, dərini civzə və sızanaqlardan təmizləyir. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır.
Sadaladıqlarımız albalının insan sağlamlığı üçün xeyirli olan cəhətlərindən yalnız bir neçəsidir. Maraqlıdır ki, albalının yarpaqları çıxmazdan əvvəl o çiçəkləyir. Qədim Şərq mifologiyasına inansaq, bu, insanın dünyaya çılpaq gəlib, çılpaq getdiyinə işarədir. Çində albalı ümid, gənclik, cəsarət, həmçinin, qadın gözəlliyini simvolizə edir. Yaponlarda isə zənginliyi bildirir. Albalı çiçəyi yaponların simvoldur.

Ən qədim meyvə

"Qurani Kərim"də bu meyvənin adı 11 dəfə tək və cəm formada (ayrıca və digər meyvələrlə birlikdə) çəkilib: "Sizin üçün xurma və üzüm bağları yaratdıq ki, orada bol meyvələr vardır, siz onlardan yeyirsiniz" ("Möminun" surəsi, 23-cü ayə).


Dünyada üzümün 8 mindən çox növü var. Ona görə də bu meyvənin əsl vətəninin hara olduğu dəqiq bilinmir. Amma bəzi alimlər deyir ki, bu bitkinin kökü Azərbaycandan başlayır. Əlbəttə ki, belə bir iddianın arxasında fakt da dayanır. Məsələn, Ağstafa yaxınlığında 1962-ci ildə aparılmış arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V-IV minilliyə aid Şomutəpə abidəsində tapılan müxtəlif bitki qalıqları və üzüm toxumları buna misaldır. Hazırda Ağdam keçiəmcəyi (Ağdam), ağ şanı (Abşeron), Gəncə qızılüzümü (Gəncə) isə yalnız Azərbaycanda yetişdirilən üzümlərdən bir neçəsidir. Üzümün insan orqanizminə xeyrinə gəlincə, o, qan tərəfindən tez mənimsənilir. Zəngin qlükoza mənbəyidir, dəmir azlığının müalicəsində çox faydalıdır. Həzm pozğunluğu, böyrək və qaraciyər xəstəlikləri zamanı müsbət təsir göstərir.

Minbir dərdin dərmanı

Bütün meyvələr içərisində ən çox mineral toplusu məhz əncirdədir. Quranda bu meyvədən belə bəhs edilir: "And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına" ("Tin" surəsi, 1-ci ayə). Əncirdən sinəyumşaldıcı, qəbizlik əleyhinə, diş əti iltihabı, plevrit, göyöskürək, əl və ayaqda olan ziyillər, döyənək, arıqlıq, dalaq şişi, angina və saç tökülməsi əleyhinə istifadə olunur. Meyvələr sirlərlə doludur desək yanılmarıq. Əncirin becərilməsi eramızdan çox əvvələ təsadüf edir. Onun əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir.

Aralıq dənizi sahillərində, eləcə də Yunanıstanda geniş yayılıb. Azərbaycanda Abşeronda becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu xüsusilə məşhurdur. Ümumiyyətlə, ölkəmizdə əncirin 2 növü yayılıb. Bunlardan biri "mədəni əncir" adlanır və respublikada geniş miqyasda becərilir. Digəri isə "Hirkan ənciri"dir ki, o, yabanı halda Lənkəran zonasında yayılıb.

Aldım bir dənə açdım min dənə

"Qurani-Kərim"ə görə, gözəl cənnət bağında nar ağacları da əkilib: "O iki cənnətdə hər növ meyvə, xurma və nar ağacları vardır ("Ər Rəhman"surəsi, 68-ci ayə)". Bir çox xalqlarda narın çiçəkləri və meyvəsi zənginliyin, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul olunub. Narın təsvirləri Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, qədim yunanların və ərəblərin ornament və naxışlarında tapılıb. Məhəmməd Peyğəmbər (s.ə.s) paxıllığı, nifrəti və kini təmizlədiyinə görə, öz ardıcıllarına nar yeməyi məsləhət bilib. Həkimlər də bu meyvənin qabığı və çiçəyinin bir sıra xəstəliklərin müalicəsində faydalı olduğunu söyləyirlər. Azərbaycanın bir çox bölgələrində nar becərilsə də, vətəni Göyçay sayılır. Rayonun beş ildir beynəlxalq nar festivalına ev sahibliyi etməsi buna misaldır.



Cənnətin "sülh carçısı"

"Qurani-Kərim"də "Nəhl" surəsinin 11-ci və 35-ci ayələrində zeytundan söz açıiır. "Doğrudan da Onun tək olmasına və qüdrətinə dair bir nişanə vardır" ("Nəhl" surəsi, ayə 11). Zeytun dünyanın subtropik ölkələrində bitir. Bu bitki hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilib. Onun meyvələrindən, eləcə də zeytunun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.), həmçinin, yeyinti məhsulu, ətirli ədviyyat kimi istifadə edilib. Zeytun sənaye əhəmiyyətli bitki kimi, Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş yayılıb.


Azərbaycanda son 25 - 30 ildə zeytunun istehsalına ciddi fikir verilir. "Sülh carçısı", xüsusilə, Abşeronda becərilir və çox gözəl nəticə verir. Elə Zığda salınmış zeytun plantasiyası buna ən yaxşı nümunədir. Dünyada zeytunun illik istehsalı 20 milyon tondur. Ən yüksək satış göstəricisi isə İtaliya və Ispaniyaya məxsusdur.

Dimdiyində zeytun budağı olan göyərçin dünyada sülh və həmrəyliyin rəmzidir. Bu rəmz Nuhun gəmisindən qaynaqlanır. Rəvayətə görə, Allahın insana qarşı qəzəbi tufanla zahir olur. Allah Təala Nuha xəbər verir ki, bir neçə nəfərdən başqa daha heç kəs iman gətirməyəcək. Onun ardınca gəmi düzəltməyi Nuha əmr edir. Peyğəmbər iman gətirənləri, eyni zamanda, heyvanları 1 erkək və 1 dişi olmaqla gəmiyə yığır. Tufan sakitləşəndən sonra gəminin ətrafında sülh və asayiş nişanəsi dimdiyində zeytun budağı olan bir göyərçin görünür. Və o, quruda həyatın olmasını zeytun budağı vasitəsilə gəmidəki insanlara çatdırır.

Ömrünüzü uzadın

Elm dünyası onu "Phoenix dactylifera" kimi tanıyır. Müqəddəs Kitabda isə bu meyvəyə "nəxl" və ya "nəxlə" deyilir. Səkkiz ayədə tək şəkildə, on iki ayədə isə onun adı zeytun, nar və üzüm kimi digər meyvələrlə yanaşı qeyd olunub. "Yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən, müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılır və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən, bunda ağıllarını işlədən dəstə üçün nişanələr vardır" ("Rəd" surəsi, ayə 4). isti ölkələrdə "səhra çörəyi" kimi tanınan bu meyvə pəhrizdə istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çinlilər qida rasionlarında xurmadan çox istifadə edirlər. Bu da uzunömürlülüyə gətirib çıxarır. Belə bir fikir var ki, xurma ağacı ilk dəfə 6-7 min il əvvəl Beynənnəhreyndə becərilib. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri Səudiyyə Ərəbistanı tutur.

Banan ot imiş

Allahın cənnəti vəsf etdiyi ayələrdə banandan da danışılır: "Və salxım-salxım bir-birinin üstünə qalanmış (komalanmış) banan ağacları" ("Vaqiə" surəsi, 29-cu ayə). Banan qan təzyiqini aşağı salır, allergiyanın müalicəsində istifadə olunur. Tərkibindəki kalium və natrium hüceyrələrin, əzələ toxumasının inkişafını tənzimləyir, ürək döyüntüsünü və maye duz balansını normallaşdırır. Banan yüksək temperatur, həzm pozğunluğu zamanı olduqca faydalıdır.

Bu meyvə Azərbaycanda bitməsə də (hal-hazırda onlar ancaq bəzi istixanalarda becərilir), ölkəmizdə çox qədimdən tanınmaqdadır. Azərbaycanlı müəlliflər Yusif ibn İsmayıl Xoyi (XIV əsr), eləcə də Mühəmməd Hüseyn Xan (XVIII əsr) əsərlərində bananın insana olan faydalarından söz açıblar.


Bəziləri elə bilir ki, banan palma ağacında bitir, ancaq bu belə deyil. Banan çoxillik ot bitkisidir. Sadəcə olaraq, kökdən çıxan iri, qınlı yarpaqları çoxqatlı boru - yalançı gövdə əmələ gətirir. Və bu da ağacı xatırladır. Onun 70-ə yaxın növü var. Meyvələri salxımda toplaşır, hər salxımda 300-ə qədər meyvə olur. Ümumi çəkisi 50-60 kq.-a çatır. Tropik ölkələrin hər birində becərilir. Ən məşhur idxalçılarını Mərkəzi Amerika ölkələrini "banan respublikaları" adlandırırlar.

Mənbə: Discovery Azerbaijan jurnalı / Nərmin NÖQTƏ

Top