Biz bu sayımızda da oxuculara dünya ölkələrinin maraqlı və qəribə qanunlarını təqdim edirik. Onların bəzisi hətta öz qəddarlığı ilə müasir insanı heyrətləndirə bilər. Amma bu qanunları bilməyimiz cəmiyyətimizin də xeyrinədir. Bu bizi qanunlara yenidən baxmağa, onlarda zamanın tələbinə uyğun dəyişikliklər etməyə stimullaşdırır. Burada elə qanunlar var ki, onları öz praktikamızda da tətbiq etmək pis olmazdı. Qeyd edək ki, Sinqapur və Tailand bizə qəribə görünən qanunlar (küçələri zibilləməyə görə ağır cəzaların tətbiqi) hesabına dünyanın ən təmiz paytaxtlarına çevrilibdir.
ABŞ-ın Dakota ştatı öz maraqlı qanunları ilə seçilir. Belə ki, bu ştatın qanununa görə şəhər küçələrində hindular iki-iki, üç-üç gəzərlərsə, onlar hərbi dəstə sayılarlar. Buna görə də onlara atəş açmaq olar. Əgər siz xüsusi mülkiyyətiniz ərazisində beş nəfərdən artıq hindu görsəniz, onlara atəş açmağa qanun icazə verir. İnanmıram ki, hindular bu ştatın ərazisində gəzməyə cürət etsinlər.
ABŞ neçə ildir ki, İranı nüvə silahı hazırlanmaqda günahlandırır. Ümumiyyətlə, Birləşmiş Ştatlar hər hansı bir ölkənin nüvə silahı əldə etməsinə qarşı çıxır. Lakin ABŞ-ın Yuta ştatı nüvə silahının istənilən növünün partladılmasını qanuna zidd saysa da, vətəndaşlarına nüvə silahı saxlamağa icazə verir.
Birləşmiş Krallıq da qəribə qanunları ilə seçilən ölkələrdən biridir. Məsələn, qadınlara ictimai nəqliyyatda şokolad yemək qadağandır. Dekabrın 25-də isə ətli piroq yemək hamıya qadağandır.
Kuba əsl totalitar ölkə qanunlarına sahibdir. Bilirsinizmi, bu ölkədə şübhəli görünmək belə qanuna zidd sayılır. Kuba qanunvericiliyi "şübhəli görsənməyi" (el estado peligroso) "ictimai əxlaqa zidd olaraq insan davranışında təzahür edən cinayətkarlığa xüsusi meyil kimi" dəyərləndirir. Görəsən Kubada şübhəli görünməmək üçün nə etməlisən?
Səudiyyə Ərəbistanında kişi həkimlərə qadınları müayinə etməyin qadağan edildiyini yazmışdıq. Bu hələ harasıdır? Sən demə bu dövlətin qanunlarına görə qadınlara həkim peşəsinə sahib olmaq da qadağandır. On görə də Səudiyyə Ərəbistanı qadınlarına xəstələnməmək məsləhətdir. Bu bir yana qalsın, bu ölkədə qadınların maşın sürməsi də qanuna ziddir.
Kanada da qəribə qanunları ilə diqqəti cəlb edən ölkələrdəndir. Bu ölkənin qanunlarına görə uçuş zamanı təyyarəyə qalxmaq qadağandır. Maraqlıdır, görəsən qanun icazə versə, kanadalılar bunu necə edə bilərlər?
Bundan başqa ölkə radiolarında efirə verilən hər beş mahnıdan biri Kanada vətəndaşının ifasında səsləndirilməlidir. Ona görə də Selin Dionun və ya Brayan Adamsın mahnıları efirdə tez-tez eşidilir.