Kofesevərlər üçün mövsümün soyuq və isti olması əhəmiyyətli deyil. Yayın istisində belə özünü kofesiz təsəvvür etməyənlər üçün bir neçə resept var.
Evdə rahatlıqla hazırlaya biləcəyiniz soyuq kofe reseptlərini təqdim edirik:
Klassik buzlu frappe
Ərzaqlar: dabl espresso, 1/3 su stəkanı buz, 100 ml süd, şəkər və ya şokolad siropu.
Üzərinə: rəndələnmiş şokolad və kofe çəyirdəkləri.
Hazırlanması: buzu blenderdən keçirin və stəkana əlavə edin. Ayrı qabda espressonu, şəkər və ya şokolad siropunu, südü qarışdırın və çırpın. Qarışığı buzun üzərinə əlavə edin. Üzərinə şokolad parçaları və kofe çəyirdəkləri əlavə edin.
Şokoladlı və nanəli kofe
Ərzaqlar: 150 ml təzə dəmlənmiş filtr kofe, 100 qr qara şokolad, nanə siropu və vanilli dondurma.
Hazırlanması: şokoladı filtr kofenin içində, aşağı temperaturda əridin. Qarışığı bir az soyudun və nanə siropunu əlavə edin. Buzu əzib stəkana tökün. Qarışığı buzun üzərinə əlavə edin. Üzərinə dondurma qoyun. Nanə yarpaqları və qara şokoladla bəzəyin.
Bananlı kofe
Ərzaqlar: 350 ml sərt kofe, 100 qr şokoladlı dondurma, 1 banan, darçın, rəndələnmiş şokolad.
Hazırlanması: sərt kofeni hazırlayın, süzün və soyudun. Üzərinə dondurmanı əlavə edin. Bananı əzin və kofeli qarışığa əlavə edin. Qırılmış buzları stəkana tökün və üzərinə hazırladığınız qarışığı əlavə edin. Darçın və şokoladla bəzəyin.
Portağallı, peçenyeli kofe
Ərzaqlar: 200 ml təzə dəmlənmiş kofe, 2 portağal, toz şəkər, krem şanti, peçenye qırıntıları və fındıq.
Hazırlanması: portağalların suyunu sıxın və bir qaba yerləşdirin. Üzərinə şəkər əlavə edib 5 dəqiqə aşağı temperaturda qaynadın. Əldə olunan siropu süzün və soyudun. Təzə dəmlədiyiniz qəhvəni digər ərzaqlarla qarışdırın. İçkini buz əlavə etdiyiniz stəkana tökün. Üzərinə krem şanti, peçenye qırıntıları və fındıq əlavə edin.
Kofe smuzi
Ərzaqlar: 200 ml espresso, 1 banan, 150 ml qatıq, darçın, 1 çay qaşığı kakao tozu, 1 ovuc təzə çiyələk, şokolad sosu və dilimlənmiş badam.
Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Qatıq, banan, çiyələk, kofe, kakao və darçını həll olana qədər blenderdən keçirin. Qarışığı buzun üzərinə əlavə edin. Krem şanti, şokolad sosu və badamla bəzəyin.
Çiyələkli kofe
Ərzaqlar: 2 stəkan espresso, 2 çay qaşığı moruq siropu, 2 çay qaşığı şokolad sosu, 1 ovuc təzə çiyələk, 2 qaşıq dondurma, kakao tozu və kofe çəyirdəkləri.
Hazırlanması: kofeni hazırlayın və soyudun. Buzu stəkana tökün. Çiyələkləri 4-ə bölün və buzun üzərinə əlavə edin. Şokolad sosu və kofeni içərisinə tökün. Krem şanti, kakao tozu və kofe çəyirdəkləri ilə bəzəyin. Üzərinə dondurma qoyun.
Mənbə: publika.az